Tərtər sakini: “Oğlumu öldürənə “qorxma” deyib, cəsarətləndirəni kənarda saxlayıblar”

Murad Balacayev və Mədinə Balacayeva, Foto: Meydan TV

Mədinə Balacayeva: “Bizim bildiyimizə görə, o adamı əvvəl saxlayıb, sonra buraxıblar”

Tərtər rayonunun Yuxarı Qapanlı kənd sakini Mədinə Balacayeva oğlu Muradı üç ay öncə itirib. 1986-cı il təvəllüdlü Murad Balacayev odlu silahla qətlə yetirilib. Anası istintaqın gedişindən narazıdır.

“Məsuliyyətdən kənarda qalanlar var”

Hadisə 2021-ci il oktyabrın 18-də Yuxarı Qapanlı kəndində baş verib. 35 yaşlı Murad Balacayevin ölümünə görə hadisədən az sonra kənd sakini Ziyadxan Aslanov həbs edilib. Ancaq zərərçəkmiş tərəf iddia edir ki, Ziyadxan Aslanov tək olmayıb.

Murad Balacayevin qətlilə bağlı araşdırmalar Tərtər Rayon Prokurorluğunda aparılır. Mədinə Balacayeva hesab edir ki, istintaq hərtərəfli və obyektiv getmir. Onun fikrincə, oğlunun qətlində təqsiri olsa da, məsuliyyətdən kənarda qalanlar var.

“Niyə buraxıblar, biz də bilirik”

“Ziyadxan Aslanovu maşınla hadisə yerinə aparan, ona o silahı verən, orada gözləyən və hadisəni törədəndən sonra oradan qaçıran olub. Bizim bildiyimizə görə əvvəl o adamı da saxlayıblar. Sonradan onu buraxıblar. Niyə buraxıblar, biz də bilirik”, – Mədinə Balacayeva bildirib.

Ananın sözlərinə görə, oğlunun qətlində iştirakçı kimi şübhələndikləri ikinci adam da kənd sakinidir.

Tərtər sakini Prezident Administrasiyasına, Milli Məclisə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizliyi Xidmətinə və başqa dövlət orqanlarına müraciət edərək, oğlunun qətlilə bağlı istintaqın obyektiv aparılması üçün yardım istəyib.

“Vuranı ora maşınla aparan da o olub…”

 “İstədiyim budur ki, nəzarət olunsun, günahkar cəzasız qalmasın. Düzdür, vuran adamı tutublar. Amma oğlumu öldürənə “qorxma” deyib, cəsarətləndirəni kənarda saxlayıblar. Vuranı ora maşınla aparan da o olub. Maşını söndürmədən gözləyən də o olub. Mənim oğlum ayaq üstə olmayıb, uzanmış vəziyyətdə vurulub”.

Mədinə Balacayevanın Milli Məclis, Dövlət Təhlükəsizliyi Xidməti və başqa dövlət strukturlarına ünvanladığı müraciətlər araşdırılması üçün aidiyyəti üzrə prokurorluğa göndərilib.

Prokurorluqdan isə bildirilib ki, Murad Balacayevin qətlilə bağlı istintaq davam edir, bütün hallar araşdırılır.

Ana səhifəBölgəTərtər sakini: “Oğlumu öldürənə “qorxma” deyib, cəsarətləndirəni kənarda saxlayıblar”