Bir il ərzində hökumət şikayətçilərə 2 milyon avroya yaxın təzminat ödəyib
2021-ci ildə Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) 425 şikayət göndərilib.
Bu, 2020-ci illə müqayisədə 100 şikayət azdır. Həmin il Azərbaycan AİHM-nə göndərilən şikayətlərin sayı 525 olub.
AİHM-in açıqladığı hesabatda belə bildirilir.
2018 və 2019-cu illərə baxanda şikayət saylarında ciddi artım görünür. Məsələn, 2018-ci ildə Azərbaycandan AİHM-nə göndərilən şikayətlərin sayı 313, 2019-cu ildə isə 397 olub.
2021-ci ildə isə ümumilikdə AİHM-nə 44250 ərizə daxil olub. Bu say 2020-ci ildəkindən çoxdur (41700).
İl ərzində dövlətlərlə 10630 ərizə kommunikasiya edilib.
Ümumi 36 092 qərar və ya qərardad qəbul edilib. Onların 32961-i qəbuledilməzliklə bağlı olub. Yerdə qalan işlərdə isə ərizələr yekun qərar verilməsi üçün göndərilib.
Gözləyən şikayətlər
2021-ci ilin sonunda AİHM-də ümumilikdə 70150 ərizə baxılmasını gözləyib. Bu, 2020-ci illə (62 min) müqayisədə çoxdur.
Gözləyən ərizələrin sayına görə, 17013 ərizə ilə Rusiya Federasiyası ilk yerdədir. İkinci yerdə Türkiyə (15251 ərizə), 3-cü Ukrayna (11372 ərizə), 4-cü Rumıniya (5690 ərizə), 5-ci İtaliya (3646 ərizə), 6-cı yerdə isə Polşa (2255) gəlir.
Azərbaycandan gedən və baxılmasını gözləyən 2092 ərizə var. Bu, AİHM-in ümumi iş yükünün 3 faizi deməkdir. Azərbaycanın yerinə gəlincə, bu sayla 7-ci pillədədir. Həmin ərizələrin sayı 2020-ci ildə 2040, 2019-cu ildə isə 1950 olub.
2021-ci ildə ən çox pozuntusu tanınan hüquqlar
Bir illik göstəricilərə görə, ən çox pozulan hüquqların sıralamasında ədalətli məhkəmə araşdırması hüququ gəlir. AİHM 344 işdə bu hüququn pozuntusunu tanıyıb.
306 halda azadlıq və toxunulmazlıq hüququnun pozuntusu, 331 qərarda işgəncəyə məruz qalmamaq hüququnun pozuntusu, 114-də mülkiyyət hüququnun pozuntusu tanınıb.
Məhkəmə 101 işdə yaşamaq, 159 işdə effektiv hüquqi müdafiə vasitələrinə malik olmaq hüququnun pozuntusuna qərar verib. 344 işdə isə başqa hüquqların pozuntusu tanınıb.
2021-ci ildə elan edilən qərarlar – Azərbaycan
AİHM 2021-ci ildə ümumilikdə 1105 qərar elan edib. Ən çox qərar Rusiya, Ukrayna və Rumıniyaya qarşı çıxarılıb. Qərar sayına görə, Türkiyə (78) 4-cüdür.
Azərbaycan qərar sayı baxımından, AŞ ölkələri arasında Moldova, İtaliya, Bolqarıstan, Xorvatiyadan sonra 9-cu sıradadır.
2021-ci ildə AİHM Azərbaycanla bağlı ümumilikdə mahiyyəti üzrə 36 qərar elan edib.
AİHM həmin dövrdə Ermənistanla bağlı 16, Gürcüstanla bağlı 13 qərar elan edib.
Azərbaycanla bağlı qərarların 35-də iddia edilən pozuntu tanınıb. 1 ildə AİHM Azərbaycanla bağlı qərarlarında 6 halda yaşamaq, 7 halda işgəncəyə məruz qalmamaq, 1 halda məcburi əməyin yolverilməzliyi, 9 halda azadlıq və toxunulmazlıq, 7 halda ədalətli məhkəmə araşdırması, 3 halda şəxsi həyata hörmət, 6 halda ifadə azadlığı, 4 halda birləşmə azadlığı, 1 halda effektiv müdafiə, 6 halda mülkiyyət hüququnun pozuntusuna qərar verib.
12 halda digər hüquqların pozuntusu qeydə alınıb.
İfadə azadlığı hüququ pozuntuları
AİHM-in 2021-ci ildə elan etdiyi qərarlarına görə, ifadə azadlığı hüququnu ən çox pozan 3 ölkə Türkiyə, Rusiya və Azərbaycandır.
AİHM 2021-ci ildə ümumilikdə, 85 işdə ifadə azadlığı hüququnun pozuntusuna qərar verib. Həmin qərarlardan 31-i Türkiyəyə qarşı çıxarılıb. 19 qərarda isə Rusiyada ifadə azadlığı hüququna müdaxilənin baş verdiyi ifadə olunub.
Sıralamada 3-cü olan Azərbaycana qarşı çıxarılan 6 qərarda ifadə azadlığı hüququnun pozuntusu tanınıb.
İndiyədək Azərbaycanda ən çox pozulan hüquqlar
AİHM-in 1959-cu ildən bu yana olan dövrü əhatə edən məlumatlarına görə, Azərvaycanla bağlı ümumilikdə, mahiyyəti üzrə 251 qərar qəbul edilib. Onların 241-də iddia edilən pozuntular tanınıb.
Ümumi göstəricilərə görə, Azərbaycan üzrə ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb: 119 iş. Ən çox pozuntusu tanının hüquqlar arasında 2-ci sırada azadlıq və toxunulmazlıq hüququ gəlir: 87 iş.
Seçki hüququ pozuntularının tanınması üzrə Azərbaycan Avropa Şurası məkanında birincidir. AİHM Azərbaycanla bağlı 25 qərarında seçki hüququnun pozuntusunu tanıyıb. Bu kateqoriyada 2-ci sırada İtaliya (17 qərar), 3-cü sırada Türkiyə (12 qərar) gəlir.
Azərbaycan Konvensiyanın 18-ci maddəsinin pozuntusuna görə də AİHM yursidiksiyasını qəbul etmiş ölkələr arasında ilk sıradadır. AİHM Azərbaycanla bağlı 11 qərarında, 18 ərizəçiyə münasibətdə 18-ci maddənin pozuntusuna qərar verib.
Azərbaycan həm də birləşmək azadlığı hüququnu ən çox pozan ölkələr sırasında öndə gəlir. AİHM qərarlarına görə bu hüququ indiyədək ən çox Türkiyə (111 işdə) və Rusiya (79) pozub. Azərbaycan 41 qərarla 3-cü sıradadır.
Əhali sayı ilə müqayisədə şikayət sayı
AİHM-də 2021-ci ilə qəbul edilən şikayətlərin ölkələrin əhali sayına münasibətdə faiz göstəricisinə görə, ilk sırada Monteneqro gəlir. Bu ölkədə hər 10 min nəfərə 6 şikayət düşür. Bu kateqoriyada 2-ci San-Marino (hər 10 min nəfərə 5 şikayət), 3-cü Serbiya (hər 10 min nəfərə 3 şikayət) gəlir.
Azərbaycan üzrə hər 10 min nəfərə 0,42 şikayət düşür. Əhali sayına nisbətdə ən az şikayət Böyük Britanıyanın payına düşür: hər 10 min nəfərə 0,03 şikayət.
Təzminat məbləği
AİHM-in 1 il ərzində Azərbaycanla bağlı müəyyən etdiyi ədalətli əvəzin (təzminat) ümumi məbləği 2 milyon avroya yaxındır. Bu indiyə qədər AİHM-in Azərbaycanla bağlı müəyyən etdiyi ən yüksək məbləğdir.
2020-ci ildə təzminat məbləği 803 min avro təşkil edib.
2021-ci ilə qədər Azərbaycanla bağlı illik ən yüksək təzminat məbləği 2017-ci ilə qeydə alınıb: 817 min avro.