“Polislər dedi ki, işimiz-gücümüz qurtarıb, oturub 10 gün kameraya baxaq?”
Bakı şəhəri, Qaradağ rayonunun Ümid qəsəbəsində yaşayan Nizami Babək oğlu Fərəcullayev polisin fəaliyyətsizliyindən şikayətçidir.
Fermer təsərrüfatı ilə məşğul olan kiçik sahibkar deyir ki, yaşadığı Ümid qəsəbəsində beş iribuynuzlu boğaz heyvanı oğurlanıb. Bu barədə şikayət etsə də, polis oğrunun tapılmasında maraqlı deyil.
Nizami Fərəcullayev deyir ki, ailəsi 12 nəfərdən ibarətdir. Həmişə maldarlıqla məşğul olublar. 2021-ci ilin sentyabrında “ACCESS Bank”dan 30 min manat kredit götürərək, bir hissəsini hər biri orta hesabla 3000 manata olan cins inəklər alıb. Onları qəsəbənin yaxınlığında yerləşən icarəyə götürdüyü fermada bəsləyirmiş.
“Bu ilin yanvarın 4-dən 5-nə keçən gecə yaxın adamımızın rəhmətə getməsilə əlaqədar evə gec gəldik. Həmin vaxt Ümid qəsəbəsinin daxilindəki beşmərtəbəli binaların yanındakı zibilxananın kənarından, dörd qoruyucu itin yanından heyvanları oğurlayıb, maşına mindirib aparıblar. Bu itlər həmin inəklərə o qədər öyrəşmişdi və qoruyurdu ki, onları dəyənəklə belə malların yanından ayırmaq mümkün deyildi. Yəni, biz dəqiq bilirik ki, bu itlərin yanında inəklərin itməsi fərziyyəsi əhəmiyyətsizdir. Deməli, inəklər oğurlanıb”, – şikayətçi deyir.
Nizami Fərəcullayevin sözlərinə görə, qəsəbənin giriş və çıxışında cəmi bir yol var və hər tərəfdən kameralarla təchiz edilib:
“Bura həm də neft terminalı ərazisi hesab olunur. Yəni, biz 6 ildir ki, burada yaşayırıq və eşitməmişik ki, burada hər hansı oğurluq hadisəsi baş versin. Qəsəbə sakinlərinin hamısı bu heyvanların bizə məxsus olduğunu bilir. Ərazinin qəssabları da inəklərimizi yaxşı tanıyırlar. Hər gün 3 nəfər PPX işçisi müntəzəm qəsəbədaxili nəzarət aparır. Lakin bizim heyvanlarımız 20 gündən çoxdur ki, oğurlanıb və tapılmır”.
Fermer heç bir araşdırmanın aparılmadığını deyir. “Biz 4 gün hər yeri axtardıqdan sonra DİN-nin 102 xidmətinə oğurluq barədə məlumat verdik. Qeydiyyata götürülüdü. Lakin Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin Azər adlı əməkdaşı bizə ərizə yazdıranda heyvanların oğurluq yox, itdiyini yazmağımızı istədi. Dedi ki, elə yazmasam başım ağrıyacaq, problem yaranacaq. Bundan sonra bildirdi ki, 13 gün ərzində sizə bir söz deyərik. Lakin heç bir məlumat olmadı”. – Nizami Fərəcullayev deyir.
Onun sözlərinə görə, həmin polis əməkdaşı artıq şikayətçilərin telefon zənglərinə də cavab vermir. Polis bölməsinə getdikdə isə “gedin heyvanlarınızı axtarın, mən sizə inək axtaran deyiləm” deməklə yola verir.
“Atam Babək Fərəcullayev yanvarın 18-də 38-ci Polis Bölməsinin rəisi Natiq Camalovun qəbunda olub. Rəis də cinayət-axtarış işçilərini dəvət edib, kameraya baxıb-baxmadıqlarını soruşub, onlar da “xeyr” deyiblər. Rəis göstəriş verib, gedin araşdırın məsələni, bu kişi hələ hörmət edib bu günə kimi gözləyib ki, siz bu məsələni açasınız”, – deyən fermer bildirir ki, atası rəisin qəbulundan çıxdıqdan sonra həmin polislər onu sorğu-suala tutublar:
“Polislər dedi ki, bizim işimiz-gücümüz qurtarıb, oturub 10 gün kameraya baxaq? Dedim ki, 10 gün baxmaq lazım deyil, 4-dən 5-nə keçən gecə, yəni 3-4 saat kameraya baxmaq yetərlidir. Lakin mən gördüm ki, polislər oğrunu axtaramaqda heç həvəsli və maraqlı deyillər. Baxmayaraq ki, rəis bunlara göstəriş vermişdi”.
Problemini həll edə bilməyən Nizami Fərəcullayev surətini Meydan TV-yə göndərməklə ölkə başçısı İlham Əliyevə, Baş prokurora, daxili işlər nazirinə və digər qurumlara şikayət məktubu ünvanlayıb.
Məktubda qeyd olunur:
“12 nəfərlik ailəmizin əsas dolanışığı bu mal-qara hesabına idi. İndi vəziyyətimiz pisləşib. Yerli polislər də passivlik göstərir, oğru dəstəsini tapmaq istəmirlər. Ailəliklə sizdən çox xahiş edirik ki, göstəriş verəsiniz, qəsəbənin içindən oğurlanmış beş baş heyvanımız tezliklə tapılaraq bizə qaytarılsın”.
DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Meydan TV-yə deyib ki, oğurluq faktı ilə bağlı araşdırma gedir:
“Şikayətə baxılmaması, araşdırılmaması ilə bağlı iddialar əsassızdır. Polis bölməsinə daxil olmuş müraciət üzrə araşdırma davam edir”.