Füzuli sakini polisin fəaliyyətsizliyindən narazıdır
“İki il əvvəl də sizə müraciət etmişdim, yenə müraciət edirəm. 6 ildir pulumu oğurlayıblar, polis də işi yaxşı bilir, ancaq oğrunu tutmur, pulum qaytarılmır. Mən hansı ölkənin polisinə müraciət edim ki, gəlib, mənim pulumu oğrudan alıb özümə qaytarsın?”
Füzulinin Alxanlı kənd sakini Hidayət Səfərov hələ iki il əvvəl Meydan TV-yə Füzuli Rayon Polis Şöbəsiylə bağlı şikayət etmişdi. O, bildirirdi ki, polis 2016-cı ildə şıxsi avtomobilindən yaxın qohumu tərəfindən 20 min manatın oğurlanması cinayətinin üstünü açmır.
“Oğurlanan pulun bir hissəsi qaytarılsa da…”
Hidayət Səfərovun sözlərinə görə, oğurlanan 20 min manat məbləğində pul Bakıdakı evləri sökülən zaman ona verilən kompensasiya olub. Ailə üzvlərindən birinin yas mərasimiylə əlaqədar Alxanlıda olarkən yaxın qohumu onun maşınının saxlanc yerindən pulu oğurlayıb:
“Maşını qohuma vermişdim, oğlumla birlikdə bir yerə gedəcəkdilər. Qohum maşını sürüb gedəndən sonra gördüm ki, oğlum getməyib. Dedim, maşının saxlanc yerində pul vardı. Oğlumu danladım. Qohum qayıdıb gələndə baxdım ki, pul yerində yoxdur. Boynuna almadı. Polis bu oğurluq hadisəsinin hər detalını bilir, gah deyir “boynuna alıb, səbrli ol, pulu xərcləyib, düzəldib qaytaracaq”, gah deyirlər “sübut edə bilmirik”. Sizə müraciət edəndən, məsələ ictimailəşəndən sonra həmin vaxt Füzuli Rayon Polis Şöbəsinin rəisi olan Xəqani Məmmədov şəxsən özü mənimlə şöbənin qarşısında görüşüb 2000 manat verdi, dedi “qohumun verib”. Bir il əvvəlsə yenə polis rəisi Bakıda mənimlə görüşdü, bu dəfə 500 manat verdi. Beləliklə, hazırda oğruda 17 min 500 manat pulum qalıb”.
“6 ildir yollarda qalmışam”
Hidayət Səfərov deyir, 6 ildir ki, Bakı-Füzuli yolunda qalıb:
“Elə vaxt olur ki, ay ərzində dəfələrlə gedirəm. Bunlar hamısı mənimçün xərcdir. Bir ayda bir neçə dəfə getməli oluram, çünki müstəntiqə zəng vuranda telefona cavab vermir, məcbur oluram ki, gedim, nə var, nə yox, yerində öyrənim. Gedirəm, həmişəki kimi kor-peşman qayıdıram. Kasıb adamam, evin pulu əlimizdən çıxandan sonra ev də ala bilmədik, kirayədə qalırıq, son qəpiyimiz də polisdən təzə xəbər eşitmək üçün yolpuluya gedir. Fikirdən xəstəlik tapmışam”.
“Onu polis himayə edir”
Hidayət Səfərov iddia edir ki, onun pulunu oğurlayan şəxsi polis himayə edir:
“Ramil Usubov hələ nazir olduğu vaxt vətəndaşların qəbulunu keçirəndə mən də qəbula düşdüm, başıma gələnləri danışdım, oğrunun əli cibində ortalıqda gəzdiyini dedim. Füzulinin polis rəisini ayağa qaldırdı, tapşırıq verdi ki, bu məsələ tezliklə həllini tapsın, rəis də “baş üstə, cənab nazir” dedi. Ancaq bir müddət də ötdü, baxdım ki, yenə səs-soraq yoxdur, yenə rəisin yanına getdim, dedi, bilirik, pulun ondadır, arxayın ol, gec-tez alıb verəcəyik özünə, ancaq bir az çətin adamdır, ona görə vaxt uzanır. Sən yenə də arxayın ol ki, gec-tez pulun sənə qayıdacaq. Görəsən polis rəisi niyə oğrunun başını sığallamalıdır ki, sən allah, ayıbdır, camaatın pulunu qaytar? Bu işdə nə marağı var görəsən?”
“Cinayəti törədəni müəyyən etmək mümkün olmayıb”
Füzuli Rayon Polis Şöbəsindən bildirilib ki, Hidayət Səfərovun avtomobiliindən 20 min manat pulun oğurlanmasıyla bağlı Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq) maddəsiylə cinayət işi başlanıb. Cinayətin açılması istiqamətində bir sıra təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmayıb. Hidayət Səfərovun göstərdiyi xüsusatlar tam, obyektiv araşdırılıb, ancaq təsdiqini tapmayıb. Şöbədən o da bildirilib ki, Xəqani Məmmədov ötən ilin iyulundan şöbəyə rəislik etmir, hazırda Siyəzən Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışır.
Hidayət Səfərov deyir, rayon prokuroruna, Baş prokurora, Daxili İşlər Nazirliyinə və gümanı gələn başqa qurumlara müraciət edib, ancaq hamısından eyniməzmunlu cavab alıb.
Onun sözlərinə görə, gərginlikdən, stresdən xəstəlik tapıb. Övladları iş tapa bilmədiyi üçün ailə kirayəhaqqını ödəməkdə də çətinliklər çəkir.