Elnur Astanbəyli: “Mandat ona nə qədər sərbəstlik verirsə, fond da yazarlara o qədər sərbəstlik verəcək”
“Ölkədə hansısa müğənniyə verilən dəyər, yazara verilən dəyərədən qat-qat üstündür. Yazarları, istedadları himayə fondunun yaradılmasını təklif etmişik”.
Bunu Meydan TV-yə Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini, deputat Fazil Mustafa deyib.
O bildirib ki, belə bir fondun yaradılması, yazarlar üçün stimullaşdırıcı bir inkişaf layihəsi ola bilər, onlara yol açılar.
“İstedadlı yazarları himayə edəcək mexanizmə ehtiyac var. Fondda obyektiv insanlardan ibarət münsiflər heyəti müəyyən olunmalıdır. Onlar cəmiyyətdə parlayan istedadlı yazı adamlarını, qələm əhlini müəyyən dərəcədə dövlətin dəstəyi ilə, amma ideoloji təzyiqi olmadan yetişməsinə şərait yaratmalıdır”, – deputat qeyd edib.
Fazil Mustafa bir müddət öncə Meydan TV-yə açıqlamasında Azərbaycanda mütaliənin həmişə aşağı olduğunu bildirmişdi.
Şahbaz Xuduoğlunun Azərbaycan tarixi, ciddi ədəbiyyatla bağlı kitabların satılmadığı ilə bağlı fikirlərini şərh edib, problemin bir sıra səbəblərinin olduğunu demişdi.
Elnur Astanbəyli: “Havayı pendir ancaq tələdə olur”
Yazar Elnur Astanbəyli Meydan TV-yə hakimiyyətdən heç bir ideloji, siyasi basqı hiss etmədən hansısa bir dəstək almağın mümkün olmadığını deyib:
“Demokratik dəyərlərin yerlərdə süründüyü bir ölkədə də havayı pendir ancaq tələdə olur. O pendirdən Fazil Mustafanın özü də dadıb. Özü necə mandat qazandığını bilir. Qazandığı mandat ona nə qədər ideoloji, fikir, düşüncə sərbəstliyi verirsə, mandatı verənlərin – yazarlara, sənət adamlarına dəstəyi də eyni dərəcədə sərbəstlik verəcək”.
Elnur Astanbəyli hesab edir ki, Azərbaycanda ədəbiyyatın inkişafı üçün ölkədə idarəçiliyə, cəmiyyətə, söz, fikir azadlığına, hüquqlara, özgürlüklərə münasibət dəyişməlidir:
“Bu münasibətin dəyişmədiyi təqdirdə, hakimiyyətin hər hansı bir dəstəyi sovet dövründən vərdiş etdiyimiz, partiya və hökumətin atalıq qayğısı anlayışından o tərəfə gedə bilməz. Bu cür təcrübə istər Azərbaycan, istərsə də avtoritar düşüncənin, idarəetmənin hakim olduğu digər ölkələrin təcrübəsindən yaxşı məlumdur. Biz səbəbləri qoyub, hələ də nəticələrlə döyüşürük”.
Rasim Qaraca: “Yaxşı olar ki, AYB-nin fəaliyyəti müasir şərtlərə uyğun tənzimlənsin”
Şair-yazıçı Rasim Qaraca yazarlara dəstək fondunun yaradılması təklifinə skeptik yanaşdığı deyir.
Onun sözlərinə görə, Azərbaycan Yazıçılar Birliyinin fəaliyyətinə yenidən baxılsın: “Yazıçıların yetişməsindən məsul olan Yazıçılar Birliyi adlı bir qurum var və büdcədən oraya yetəri qədər vəsait ayrılır. Yaxşı olar ki, bu qurumun fəaliyyəti müasir şərtlərə uyğun tənzimlənsin, o zaman əlavə xərc çəkib yeni fond yaratmağa ehtiyac qalmaz”.