“Allah pensiya ilə yaşayan insanlara kömək olsun”
Müğənni Nura Suri Meydan TV-yə müsahibə verib.
O, ölkədə və dünyada baş verən bir sıra ictimai hadisələrə, bahalaşma və digər mövzulara toxunub.
- Nura xanım, pandemiya yaradıcılığınıza hansı formada təsir etdi? Məsələn, toyların dayandırılması və ya konsertlərin keçirilməməsi baxımından?..
- Əvvəllər bütün gün efirlərdə, yaxud konsertlərdə – dövlət tədbirlərində olurdum. Üstəlik, ad günləri, toylar da vardı. Pandemiya vaxtı bunların heç biri olmadı. Sonra da yavaş-yavaş sayı azaldı. Bu da əlbəttə ki, həm maddi, həm də mənəvi olaraq pis təsir edir. Hazırda dünya iqtisadiyyatı bərbad vəziyyətdədir. Oğlum Los-Ancelesdə yaşayır. Deyir ki, Amerikada benzinin litri altı dollardır. Bu, anormal bir qiymətdir. Görürsünüz, Türkiyədə vəziyyət necədir? Lirə gündən-günə “ölür”, dollar qalxır. Düşünürəm ki, son iki il bütün insanlara, ümumiyyətlə, dünya iqtisadiyyatına ağır təsir göstərdi. Pandemiya bir çox sahəyə ciddi zərbə vurdu. Bu proses güman ki, xeyli müddət davam edəcək. Əvvəlki həyatımıza, öyrəşdiyimiz komforta – rahatlıqla bir ölkədən digərinə gedib-gəlməyimizə, güman ki, bu tezlikdə qovuşmayacağıq.
- Azərbaycandakı bahalaşma gündəlik həyatınıza təsir edib?
- Azərbaycanda ciddi bahalaşma var. Hər dəfə getdiyim marketdən eyni məhsulları alıram. Oğlumun yediyi bir məhsul var, qiyməti 24-26 manat arasında idi. Hazırda həmin məhsulun qiyməti 31 manatı keçib. Bilmirəm, bəlkə də, həmin marketə məhsulları daha çox xaricdən gətirirlər, gömrüyə görə qiymət fərqi çoxdur. Evdə kiçik oğlumla mənəm. Heyvanları sevirəm deyə ət, toyuq da yemirəm. Böyük külfəti olan ailələr necə etsin, necə dolansın? Hər məhsulun qiyməti 50 qəpik, 1 manat qalxanda, çox böyük fərq edir. Bunun yuyucu tozu, içməli suyu var. O var, bu var. Hamısı bir-birinin üstünə gələndə ciddi qiymət fərqi yaranır. Kommunal xərclər qalxıb, taxılın da qiyməti bahalaşıb. Bu sahədə ekspert deyiləm, durumun nə zaman və necə düzələcəyini də bilmirəm. Amma bu, hazırda çox ciddi problem kimi görünür. Zaman keçdikcə, imkansız adamlara lap çətin olacaq. Demək olar ki, orta təbəqə çox azdır. Allah pensiya ilə yaşayan insanlara kömək olsun.
- Əksər dövlətlərdə, məsələn, Avropada, eləcə də Türkiyədə sənət adamlarına qayğı total şəkildə sezilmir. Yəni onlar sponsor vasitəsilə dəstək alırlar. Azərbaycanda bu qaydanın oturuşmamasından narahat deyilsiniz?
- Biz müharibədən çıxmış ölkəyik. Hazırda da Qarabağın bərpası istiqamətində işlər davam edir və bu proses uzun müddət gedəcək. Minalar basdırılmış ərazilərin araşdırılması, o-bu, yəni böyük işlər görülür. Hazırda hansısa şirkətin müğənnilərə sponsorluq etməyini düşünmək doğru olmazdı. Məncə, onlar sənət adamlarına yox, qazilərə, dövlətə lazım olan daha vacib məsələlərə sponsorluq etməlidirlər. Düşünürəm ki, bu məsələlər hələ bir neçə il gözləməli olacaq.
- Nura xanım, siz kifayət qədər vətəndaş mövqeyi olan sənətçisiniz. Maraqlıdır, niyə çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz əlaməti olan proseslərdə iştirak etmirsiniz?
- Sadaladığınız problemlər bütün dünyada var. “Цветок пустыни” (“Desert Flower”), “Сожжённая заживо” (“Burned Alive: a Victim of the Law of Men”) avtobioqrafik romanları buna nümunədir. Qadına qarşı zorakılıq din, dillə bağlı bir məsələ deyil. Avropa ölkələrində də qadınlara qarşı zorakılıq halları çoxdur. “Netflix”də real hadisələrə əsaslanan silsilə qətlləri əks etdirən, qatillər haqqında filmlərə baxanda, məəttəl qalırsan. Xaricdə, dünyada elə hallar baş verir, düşünürsən ki, bizə çox şükür. Biz balaca ölkəyik, üstəlik də, o nə deyər, bu nə deyər söhbəti, mentalitet də var. Ümumiyyətlə, meqapolisdən, böyük ölkələrdən bir az sıxılan adamam. Amerikada özümü narahat hiss edirəm. Ölkə böyükdür, insanlar sıxdır. Amerikada silahı çıxarıb kimisə güllələyib getmək, az qalsın, adi haldır. Get, sonra qatili axtar, görüm necə tapırsan. Azərbaycanda hər yer kameradır. Bizdə elə böyük cinayətlər olmur. Olanda da üstü açılır.
- Azərbaycan feminist hərəkatı hər il 8 martda “8 Marş” yürüşü keçirir.
- Yürüş keçirməyin, yaxud da bu haqda danışmağın köməyi olmayacaq. Bütün problemlər uşaqlıqdan yaranır. Fikir verin, xaricdə problemli ailələrdən uşağı alıb, övladlığa uşaq götürmək istəyən daha uğurlu ailəyə verirlər. Bizdə bilmirəm belə bir qayda-qanun varmı? Problemli ailələrdə böyüyən uşaqlarda psixoloji travmalar şüuraltında qalır. Böyüyəndə daha ciddi problemlərə, qaressiyaya düzgün münasibət qura bilməməyə səbəb olur. Hər şey ailədən, daha sonra da məktəbdə təshildən başlayır. Təhsilə çox böyük önəm verdiyim üçün həyat yoldaşımdan qalan evlərimi satıb, uşaqlarımın təhsilinə yatırım etmişəm. Kiçik oğlum, özəl məktəbdə oxyur, sinif rəhbəri psixoloqdur. Əslində, belə olmalıdır. Oğlum ailədə hansısa bir psixoloji travma alsa, məktəbdə aqressiya göstərəcək. Ya da sabah həyat yoldaşına qarşı aqressiv olacaq. Zorakılıq, aqressiya tək qadınlara qarşı olmur. Oğlan uşaqlarına da qarşı olur. Xalid Hüseynin kitabını oxumusunuzsa, bilirsiniz.
- “Çərpələng uçuran”.
- Bəli, kitabı oxuyandan sonra uşağımı bir ay evdən həyətə buraxmağa qorxurdum ki, birdən nəsə olar. Əməlli-başlı stress, narahatlıq yaşamışam. Deməyim odur ki, problemin kökündən həll olunması üçün başqa işlər görülməlidir. Oğlum özəl məktəbdə təhsil alır. Özəl məktəblərin üstünlüyü, təkcə təhsil sistemində deyil. Adi kənd məktəbini oxuyub, yüksək balla universitetə daxil olanlar var. Yaxud da xaricdə magistr oxuyub, gəlib, haradasa böyük vəzifədə çalışan insanlar var. Heydər Əliyev kimi dahi bir insanı götürək. Məgər o, özəl məktəbdə təhsil alıb Heydər Əliyev olmuşdu? Sadəcə, bəzi nüanslara görə fikirləşmişəm ki, konsert verməyim, əynimə bahalı paltar almayım. Amma uşağıma elə təhsil verim ki, orada psixoloji təzyiqlə üzləşməsin. Təhsildən daha çox bu məqamlara önəm vermişəm. Uşaq psixoloji travma almasın, “bulling”lə üzləşməsin. Özəl məktəblərdə də buna ciddi diqqət edilir. Oğlumun təhsil aldığı sinifdə səkkiz uşaq var. Belə olanda da hər hansı bir problem varsa, məktəb anında maraqlanır, vaxt ayıra bilir. Yadımdadır, bizim vaxtımızda dövlət məktəblərində bir sinifdə 30-40 uşaq oxuyurdu. Mən demirəm ki, orada adi məktəbdən daha üstün təhsil verirlər. Çünki adi məktəblərdən də çox oxumuş uşaqlar çıxır. Özəl məktəblərdən də heç bir universitetə daxil ola bilməyən uşaqlar var. Sinifdə uşaqların çox olması müəllimi yorur. Fikirləşin ki, müəllimlər bu qədər uşaqla ünsiyyətdə olur. Biz valideynlər evdə bir-iki uşağa tərbiyə verənə kimi nələr çəkirik. Çox vaxt müəllimlərdə də günah görmürəm. İndiki dövr bir az başqadır. Bizim dövrümüzdə müəllimə Allahdan sonra müqəddəs varlıq kimi baxırdıq. Axşam saat “Спокойной ночи, малыши” uşaq verilişinə baxıb yatırdıq. Bir də “Приключения Электроника” filminə baxırdıq. Bunlar isə lazım olan və olmayan məlumatı çox asanlıqla əldə edə bilirlər. Beyinə çoxlu informasiya daxil olur. Bu da uşaqlarda aqressiya yaradır.
- İnternet, informasiya çoxluğundan söz düşmüşkən, dünyada keyfiyyətsiz mahnılar və ifaçılar daha çox dinlənilir. “YouTube” trendlərində əksər hallarda keyfiyyətsiz, bayağı videolar olur. Hətta bizim absurd hesab etdiyimiz kitablar bestsellerə çevrilir. Necə düşünürsünüz, zövqsüzlük dünyada trenddir?
- Dünyanın qaydaları ara-sıra belə dəyişir. Vaxt vardı, ağıllı qadınları cadugər adıyla yandırırdılar. Bir ara eyni dövrdə yaşayan rəssamlar vardı, sonra da yazıçılar. İndi də giclik dəbdədir. Dünyanı anlamağa çalışanlara Yuval Noah Hararinin “Sapiens” və “Homo Deus” kitablarını, Corc Oruelin “1984”, bir də Oldos Hakslinin “О дивный новый мир” (“Brave New World”) antiutopik romanlarını oxumağı tövsiyə edirəm. Bu yazıçılara müraciətdən sonra dünya anlayışınız dəyişəcək. Nə baş verdiyini başa düşəcəksiniz.
- Freddi Merkyuri müsahibələrindən birində demişdi ki, kitab oxumuram, bu, mənə vaxt itkisi kimi gəlir. Bilirəm, bu sözlərə görə məni öldürə bilərlər. Necə düşünürsünüz, müğənni kitab oxumalıdırmı? Yaxud kitab oxumayan müğənniləri buna görə qınamaq doğrudurmu?
- Düz deyib, o, sənətlə məşğul olub. Arada mənim üçün deyirlər ki, oxuyub, savadlıdır, onunla hər mövzuda danışmaq maraqlıdır. Bu, mənim özümün əldə etdiyim uğur deyil. Elə ailədə doğulub, böyümüşəm ki, evimzidə ən böyük otaq kitabxana olub. Dayım Rasim Mirzəyev dilçi-alimdir. Babam ədəbiyyatşünas idi. Ailədə hərbçilər, müəllimlər, hamı oxumuş olub. Belə bir mühitdə doğulub, böyümüşəmsə, kitab oxumağım nailiyyət sayılmır. Ailəmdə nə görmüşəm, onu götürmüşəm. Elə ailərlər var ki, oxumayıblar. Bəlkə də, məktəbə getməyə imkanları olmayıb. Allah gözəl səs, sənət verib, bu adam oxuyur. Elə kasıb ailə də olub ki, bəlkə də, kitab almağa imkanları olmayıb. Axı bu onun günahı deyil. Söhbət müəllim, yaxud həkimdən getsəydi, əlbəttə ki, kitab oxumağın vacibliyindən danışa bilərdik. Müəllim uşağıma dərs keçir, onun həyatında rolu var. Həkim də sağlamlığımı, həyatımı qoruyur. Onun savadsız olması kiminsə həyatına xələl gətirə bilər. Müğənni kitab oxudu-oxumadı, Allah ona istedad verib, bundan istifadə edib. Heç kimə də ziyan gətirmir. İstəyirsən qulaq as, istəyirsən, qulaq asma. Düşünürəm ki, bu məsələdə müğənnilərin üzərinə getmək düzgün deyil. Bizdə bir çoban oğlan vardı. Acun onu Türkiyəyə, “O ses Türkiyə” verilişinə dəvət etdi. Adam çobandır, gül kimi səsi var, əla da oxuyur. Bunda ayıb nə var?!