Prokuror mərhum Vidadi Muradovun təqsirli bilinməsi və dövlətə dəymiş ziyanın ödənilməsi üçün əmlaklarının müsadirə olunmasını istədi
“Azərxalça” ASC-nin sabiq sədri Vidadi Muradov noyabrda – ev dustaqlığına buraxılandan beş gün sonra vəfat etsə də, onunla bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edirdi. Məhkəmə araşdırmaları artıq yekunlaşıb.
Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Vüqar Quliyev çıxış edib. Prokuror bildirib ki, Vidadi Muradova qarşı irəli sürülmüş ittihamlar, o cümlədən 21 milyon 673 min manatlıq mənimsəmə və ya israfetmə, 640 min manat vergidən yayınma, vəzifə saxtakarlığı və s. əməllər məhkəmə istintaqı zamanı təsdiqini tapıb. Prokuror məhkəmədə dindirilən şahidlərin ifadələri, iş materiallarında olan ekspert rəylərinə əsaslanıb.
Dövlət ittihamçısı hesab edir ki, məhkəmə Vidadi Muradovu təqsirli bilməli, lakin vəfat etdiyinə görə ona cəza təyin olunmamalıdır.
Vidadi Muradovun işində Dövlət Vergi Xidməti zərərçəkmiş qismində tanınıb. Bu qurumun nümayəndəsi hələ məhkəmə prosesinin əvvəlində mülki iddia qaldıraraq, yayındırıldığı iddia olunan 640 min 922 manatın ödənilməsini istəmişdi.
Prokuror bu mülki iddianın da təmin olunmasını istəyib. Dövlət ittihamçısı təklif edib ki, mənimsəmə, vergidən yayınma nəticəsində dövlətə dəymiş ziyanın qarşılanması üçün Vidadi Muradov və ailə üzvlərinin adlarına olan, üzərinə həbs qoyulmuş əmlakların müsadirəsinə qərar verilsin.
“Azərxalça”nın sabiq rəhbərinin işi üzrə Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq tamamlanıb, iş məhkəməyə göndərilən ərəfədə Baş Prokurorluğun bu haqda yaydığı məlumatda bildirilirdi ki, Vidadi Muradov və ailə üzvlərinin adlarına olan, ümumi dəyəri 30 milyon 587 min manatlıq evlər, qeyri-yaşayış sahələri, həmçinin “Azər-İlmə” MMC-nin səhm payları və aktivlərinin üzərinə məhkəmə qərarıyla həbs qoyulub.
Prokuror çıxışında deyib ki, Yasamal rayonu, İnşaatçılar prospekti 14 ünvanındakı 5 saylı mənzilin üzərindən həbs götürülməli, digər əmlaklar isə müsadirə olunmalı, dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir.
İş üzrə zərərçəkmiş qismində tanınan Dövlət Vergi Xidmətinin nümayəndəsi də çıxışında 640 min 922 manat vəsaitin ödənilməsini tələb edib. O deyib ki, üzərində həbs olan əmlakların satışından əldə olunan vəsaitin bir hissəsilə vergi borcu ödənilməlidir.
Üzərində həbs olan 30 milyon 587 minlik əmlakın 19 milyon 144 min 554 manatlıq hissəsi evlər, qeyri-yaşayış sahələridir. Müsadirəsi istənilən 11 milyon 442 min 490 manatlıq əmlak isə Vidadi Muradovun təsisçisi olduğu “Azər-İlmə” MMC-nin səhm payları və aktivləridir.
Vidadi Muradovun vəkili müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Hakim Əfqan Hacıyev ona yanvarın 18-nə qədər vaxt verib.
Vidadi Muradov 2021-ci ilin yanvarında həbs edilib.
İttihamda yazılıb ki, o, təsisçisi olduğu şirkətin – “Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binasını “Azərxalça” ASC-yə bazar qiymətlərindən daha baha qiymətə icarəyə verib. “Azərxalça” ASC-nin xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsaiti yalnız formal mövcud olan, əslində isə ip satışıyla məşğul olmayan şirkətlərin hesabına köçürülüb. Sözügedən şirkətlərin rəhbərləri köçürülmüş vəsaiti hesabdan çıxarıb yenidən “Azərxalça” rəhbərliyinə geri qaytarıblar. “Azərxalça”nın müxtəlif bölgələrdə 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də külli miqdarda vəsaitin mənimsənildiyi iddia olunur.
Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamlar verilib.
Vidadi Muradovun oğlu Cavid Muradov Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisidir. Bir neçə ay əvvələ qədər isə o, Səbail rayonunda eyni vəzifədə çalışırdı.