BMT sözçüsü: “Silahlı şəxslərin BMT-nin sülhməramlı missiyası ilə əlaqəsi yoxdur”
Qazaxıstanın paytaxtı Almatı küçələrindəki əsgərlərin Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlı dəbilqələrini geyinməsi çaşqınlıq yaradıb.
“Associated Press” Agentliyinin yanvarın 8-də yaydığı fotolarda qazax hərbçilər başlarına üzərində BMT yazılmış dəbilqə qoyublar.
Fotoqraf Vladimir Tretyakovun çəkdiyi həmin fotoları müstəqil jurnalist Jake Hanrahan paylaşıb. Həmin görüntülər onsuz da vəziyyətin qarışıq olduğu Qazaxıstanda tam olaraq nə baş verdiyi ilə bağlı çaşqınlığı artırıb.
Qazaxıstanda etirazlar yanvarın 2-də başlayıb.
Əvvəlcə Qərbi Manqistau regionundan başlayan etirazlar artıq bütün ölkəyə yayılıb. İlkin səbəb maye qazın qiymətinin qaldırılması olub. Sonradan etirazların çərçivəsi genişlənib, ümumilikdə ölkədəki korrupsiya, işsizlik, aşağı əməkhaqqı və qiymət artımları da ön plana çəkilib.
Yayılan fotoşəkillərə gəlincə, BMT-nin sülhməramlı sözçüsü yanvarın 10-da RFE/RL-ə bildirib ki, “Associated Press”in paylaşdığı şəkillərdə görünən silahlı şəxslərin BMT-nin sülhməramlı missiyası ilə əlaqəsi yoxdur:
“Biz bununla bağlı narahatlığımızı artıq Qazaxıstandakı nümayəndəliyimizə də çatdırmışıq”.
“Düzdür, Qazaxıstan ordusunda Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi ingilisdilli sülhməramlılardan ibarət, KAZBAT kimi tanınan birlik var. Onların BMT-nin mavi dəbilqəsini taxmaq səlahiyyətləri var. Yalnız bu dəbilqələri paradda və ya BMT-nin sülhməramlı missiyası zamanı istifadə edə bilərlər”, – deyə sözçü bildirib.
Qazaxıstanın Almatıdakı Müdafiə Nazirliyinin sözçüsü isə bu barədə açıqlamasında mavi dəbilqəli əsgərlərin BMT-yə bağlı KAZBAT batalyonunun nümayəndələri olduğunu deyib.
O əlavə edib ki, onlar hazırda BMT-nin hər hansı missiyasını yerinə yetirmirlər: “Sadəcə strateji obyektləri, hava limanları və hökumət binalarının mühafizəsini həyata keçirirlər”.
Azad Brüssel Universitetinin (Free University Of Brussels) beynəlxalq humanitar hüquq və sülhməramlı əməliyyatlar üzrə eksperti Erik Devid isə düşünür ki, Almatıda BMT dəbilqəsi taxan əsgər görüntüləri hakimiyyət orqanları və birlik rəhbərləri tərəfindən kobud şəkildə sui-istifadənin göstəricisidir.
Erik Devid RFE/RL-ə bildirib ki, əgər mavi dəbilqələrdən istifadənin arxasında duranlar Qazaxıstan rəsmiləridirsə, onlar beynəlxalq hüquqazidd hərəkətə görə beynəlxalq məsuliyyətə cəlb edilməlidirlər:
“Çünki BMT-nin geyimindən istifadə edən əsgərlər hər hansı ölüm və ya ciddi xəsarətlə nəticələnən işə qarışarlarsa, bu, beynəlxalq münaqişələrdə müharibə cinayəti sayılacaq. Ancaq Beynəlxalq Qırmızı Xaç Komitəsi Qazaxıstanda xarici qoşunların olmasına baxmayaraq, buradakı vəziyyəti, insanlara qarşı törədilən amansızlığı daxili münaqişə kimi qiymətləndirəcək. Odur ki, düşünürəm, Qazaxıstanda mavi dəbilqələrdən istifadə qanunsuzdur, lakin müharibə cinayəti deyil”.
Beynəlxalq hüquq üzrə ekspert isə deyir ki, o dəbilqələrin Almatıda niyə istifadə olunduğu barədə ən kiçik bir fikri də yoxdur. O ehtimal edir ki, orduya kütləvi çağırış geyim, texnika çatışmazlığına səbəb ola bilər. Yaxud BMT qoşunlarının Qazaxıstan hökumətinin yanında olduğu təəssüratını yaratmaq məqsədilə də istifadə oluna bilər.
Almatı və digər şəhərlər şiddətli etirazlardan sonra sakitləşib.
Səlahiyyətlilər isə bildiriblər ki, “antiterror əməliyyatları” davam edir.
Qazaxıstan hakimiyyət orqanları son həftə ölkədə baş verən iğtişaşlarda üçü uşaq olmaqla 164 nəfərin öldüyünü açıqlayıb.
Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, ölənlərin 103-ü ölkənin ən böyük şəhəri və zorakılıqların mərkəzi olan Almatıda olub.
Qazaxıstan hökuməti nəzarəti bərpa etdiyini açıqlayıb və yaxın günlərdə vəziyyətin normallaşacağına ümid edir.
Qazaxıstanın müdafiə nazirinin müavini Sultan Qamaletdinov yanvarın 9-da bildirib ki, ölkə boyunca antiterror əməliyyatları davam edir:
“Terrorçular tamamilə məhv edilənə və Qazaxıstan Respublikasında konstitusiya quruluşu bərpa olunanadək bu, davam edəcək”.
Prezident Kasım-Jomart Tokayev düşünür ki, ölkəsindəki kütləvi etirazları xarici qüvvələr alovlandırıb.
O, çıxışında bu hadisələri törədən “20 min quldur”u məhv edəcəyini söyləyib.
Prezident düşünür ki, bunu edənlər xaricdə təlim keçmiş “terrorçu” dəstələrdir.
Bu səbəbdən yanvarın 6-da prezident Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib.
Bundan sonra təxminən 2500-ə yaxın, əksəriyyəti Rusiya hərbçilərindən ibarət qüvvə Qazaxıstana göndərilib. Baxmayaraq ki, səlahiyyətlilər hələ də “terrorçuların” və ya xarici qüvvələrin iştirakını sübut edən heç bir sübut təqdim etməyiblər.
Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) qüvvələrinin iki günə ölkədən çıxmağa başlayacağını açıqlayıb.
O, yanvarın 11-də parlamentdə çıxışında KTMT qüvvələrinin 10 günün içində ölkəni tamamilə tərk edəcəyini deyib. Çıxış televiziya ilə birbaşa yayınlanıb.