Şəki sakini: “Bir dəfə qar yağsa, bu iki nəfərdən ibarət ailə damın altında qalıb öləcək”
Nəzakət Məmmədova bəlkə də Cumakəndin ən kasıb sakinlərindən sayılır. Azərbaycanın dilbər güşələrindən olan Şəkinin bu kəndində ümumilikdə əhalinin güzəranı yaxşı deyil. Çoxu işsizlikdən, imkansızlıqdan əziyyət çəkir. Nəzakət Məmmədovanı digər həmkəndlilərindən fərqləndirənsə öhdəsində həm də autizmli, eşitmə və nitq qabiliyyətindən məhrum övladının olmasıdır.
Məmmədovların yaşadığı yerdənhörmə, ikipəncərəli ev o qədər köhnəlib ki, hər an uçma təhlükəsi hiss olunur. Evin örtüyü belə parça-parçadır. Yağan yağış, qar otağı yuyub aparır.
Nəzakət Məmmədovanın həyat yoldaşı dağlarda çobanlıq edir, artıq 4 ildir ki, ailəsinə baş çəkə bilmir. Bu səbəbdən də ana ilə oğulun qayğıları daha çox qonşuların üzərinə düşüb. Onlar pay gətirəndə yeyirlər, gətirməyəndə yox.
Bunu həm qonşular, həm də qadının qardaşı Aqil Məmmədov deyir.
Aqil Məmmədov bacısının evindən 19 km uzaqlıqda, Baş Göynük kəndində yaşayır. Özü 2-ci qrup Çernobil əlilidir, 3 övladı var.
“Birtəhər dava-dərmanla yaşayıram. Hazırda 3 övladımdan ikisi tələbədir. Yaşadığım kənddə təsərrüfatla məşğul olub onları birtəhər dolandırıram”, – deyən Aqil Məmmədov imkansızlıqdan bacısına əl tuta bilməməsindən narahatdır. Ona görə də müxtəlif dövlət orqanlarına, ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciətlər etməklə bacısına kömək istəyir:
“Ailənin yeganə qazancı uşağa görə hər ay verilən 150 manatlıq müavinətdir. O da gündəlik qayğıları qarşılamağa yetmir. Bacım oğlu heç vaxt müalicə almadığından çox aqressivdir. Evdə sakit saxlamaq olmur. Otaqda olan qab-qacağı, pəncərə şüşələrini sındırıb. İdarəolunmaz vəziyyətdədir. Hər dəfə kəndimizdən 19 km aralıda olan bu ailəyə yardım və köməklik göstərə bilmirəm”.
“Yaşadıqları köhnə evin damı tam uçub-tökülüb. Qaz, işıq və su problemləri var. Evdə qızınmaq üçün odun da daşıyıb çatdıra bilmirəm. Ərzaq da hər dəfə almağa imkanım yoxdur. İndi bir dəfə qar yağsa, bu iki nəfərdən ibarət ailə damın altında qalıb öləcək. Evin təmirinə də imkanım yoxdur. Bir sözlə, bacım Nəzakət Məmmədovanın oğlu ilə birlikdə bir mağara həyatı yaşayır. Qonşulardan başqa bu bədbəxt ailə ilə heç kim maraqlanmır”, – Aqil Məmmədov deyir.
Aqil Məmmədov onu da deyir ki, prezidentə şikayət məktubu yazandan sonra ona zəng edib bacısının vəziyyəti ilə maraqlanıblar. Amma maraqlananın kim olduğunun bilmir:
“Bacımın telefonu yoxdur. Mənə də zəng edib maraqlandılar, başqa heç bir xəbər çıxmadı”.
Şəki Şəhər İcra Hakimiyyətindən Meydan TV-yə məsələ ilə maraqlanacaqlarını bildiriblər.