Gənc fəal özünü Prezident Administrasiyasının qarşısında yandırmaq istədi (yenilənib)

Qiyas İbrahimov, Foto: Meydan TV

***

20.33. Qiyas İbrahimov 9-cu Polis Bölməsindən çıxarılaraq Nizami Rayon Polis İdarəsinə aparılıb. Bir müddət sonra sərbəst buraxılıb.

***

Qiyas İbrahimov 9-cu Polis bölməsinə aparılıb

Gənc fəal Qiyas İbrahimov yanvarın 7-də Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib.

Səbəb onun şikayəti ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) təyin etdiyi kompensasiyanı Azərbaycan hökumətinin ödəməməsidir.

Qiyas İbrahimov bildirib ki, dəfələrlə aidiyyatı qurumlara müraciət edib.

Onlara deyib ki, kompensasiyasının ödənilməməsi halında etiraz edəcək: “Dəfələrlə müraciət etmişəm, baxmırlar. Çingiz Əsgərov ümumiyyətlə, cavab vermir”.

Aktivist Prezident Administrasiyasının pilləkənlərində üzərinə benzin töküb.

Administrasiyanın önündəki polislər onun özünü yandırmasına mane olublar.

Aktivistə güc tətbiq edilib və o, 9-cu Polis bölməsinə aparılıb.

Polis hadisəni işıqlandıran jurnalistlərə də hücum edib.

Hadisəni işıqlandıran Meydan TV-nin canlı yayımı yarımçıq kəsilib, jurnalistin telefonu əlindən alınıb.

Hadisə yerində olan Meydan TV əməkdaşının dediyinə görə, Qiyas İbrahimov və hadisəni işıqlandıran jurnalistlərdən Ələkbər Azayev saxlanılıb.

Meydan TV hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) məlumat ala bilməyib.

Avropa İnsan Hüquqları Məhkəməsi 2020-ci il  fevralın 13-də gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun işi ilə bağlı qərarını elan edib.

Qərar Qiyas İbrahimov və Bayram Məmmədovun həbs zamanı işgəncələrə məruz qalması və barələrində həbs-qətimkan tədbirin çıxarılması ilə bağlıdır.

Məhkəmə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu, yəni işgəncəyə məruz qalmamaq hüququnun pozulduğu tanıyıb. Həmçinin onlara münasibətdə Konvensiyanın 5-ci maddəsinin 1-ci, 3-cü və 4-cü (azadlıq və toxunulmazlıq hüququ) bəndlərinin, həyata müdaxiləni qadağan edən 8-ci maddəsinin pozuntusu da tanınıb.

Qərara görə, hökumət müdafiə xərcləri ilə birgə ümumilikdə Qiyas İbrahimov və Bayram Məmmədova 72 min avro təzminat ödəməlidir.

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə 2016-cı il mayın 10-da saxlanıb.

Rəsmi qurumlar onları narkotik istifadə etməkdə ittiham edib.

Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib onların hər birini 10 il azadlıqdan məhrum edib. Amma gənclər məhkəmədə narkotik ittihamını qəbul etməyiblər.

Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi. Onların hər ikisi 2019-cu ilin martında imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıblar.

2021-ci il mayın 2-də İstanbul dənizinin Kadıköy sahilində azərbaycanlı aktivist Bayram Məmmədovun cəsədi tapılıb.

Türkiyə hökuməti açıqlamalarında bunun intihar olduğunu bildirsə də, dostları və yaxınları bu ehtimala inanmır

Ana səhifəSiyasətGənc fəal özünü Prezident Administrasiyasının qarşısında yandırmaq istədi (yenilənib)