“Polad Aslanov işinə tezliklə obyektiv baxılıb, ədalətli qərar çıxarılmasını tələb edir”
Dövlətə xəyanət ittihamıyla 16 il azadlıqdan məhrum edilən “xeberman.com” saytının rəhbəri Polad Aslanovun həbsdə aclıq aksiyasına başladığı bildirilir. Bu barədə Meydan TV-yə onun xanımı Gülmirə Aslanova məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı təqsirsiz olduğunu bildirir və işinə tezliklə obyektiv baxılıb, ədalətli qərar çıxarılmasını tələb edir.
Gülmirə Aslanovanın sözlərinə görə, həyat yoldaşı haqqında 16 illik həbs hökmünü Bakı Apelyasiya Məhkəməsi 2021-ci ilin fevralında qüvvədə saxlayıb. Ondan sonra vəkil Ali Məhkəməyə kassasiya şikayəti verib. Lakin indiyə qədər həmin şikayətə baxılmayıb.
Həyat yoldaşı əlavə edib ki, Polad Aslanov təqsirsizliyi ilə əlaqədar Prezident İlham Əliyev, Baş prokuror Kamran Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və başqa məsul şəxslərə çoxsaylı məktublar ünvanlayıb. Lakin bu müraciətlər nəticəsiz qalıb.
Penitensiar Xidmət Polad Aslanovun aclıq aksiyası keçirməsi haqda məlumatı təsdiqləməyib.
Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.
Sayt rəhbəri isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.
Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.