Xəqani Əiyev deyir, müalicə üçün bankdan götürdüyü kediti əlillik pensiyası kəsiləndən ödəyə bilmir
“Dərmanlarımı ala bilmirəm, işlə təmin olunmuram, ailəmi dolandıra bilmirəm. İllərdir ki, iş üçün müraciət edirəm, deyirlər, kontuziyalı adamsan, sənə iş verə bilmərik. Hazırda da əlilliyim ləğv edilib, qəpik-quruş pensiyam dayandırılıb”.
Cəlilabad sakni Xəqani Əliyevin 38 yaşı var, 2002-ci ildə hərbi xidmətdə olarkən Murovdağda minaya düşüb, sağlamlığını itirib. İndiyədək ikinci qrup əlil kimi 130 manat pensiya alırmış. İki aydır ki, bu pensiya ona xəbərdarlıq olunmadan dayandırılıb:
“Ən çətin ərazilərdə hərbi xidmət keç, minaya düş, 18 yaşında sağlam getdiyin yerdən 20 yaşında əlil qayıt, illərlə kontuziyalı yaşa, ailən varını-yoxunu satıb səni müalicə etdirsin, dövlət verdiyi vur-tut 130 manatı səndən xəbərsiz kəssin. Kartı salıram bankomata, pul köçməyib. Heç adam yerinə qoyub xəbərdarlıq da etmirlər ki, bu səbəbə görə pensiyan dayandırılır. Uzun müddət kartı yoxlayandan sonra Sosial Müdafiə Fonduyla əlaqə saxlamışam, onda bilmişəm ki, əlillik təyinatının müddəti ötüb, komissiyadan keçməliyəm”.
“Əlillərlə elə davranırlar ki, bir də ora getməsin”
Xəqani Əliyev Tibbi Sosial Ekspert Komissiyasından keçmək üçün Bakıda Əlillərin Bərpa Mərkəzində olub. Ancaq komissiyadan keçə bilməyib:
“Mən kontuziyalı adamam, illərdir ki, şiddətli başağrılarından əziyyət çəkirəm. Ayaq üstə dayana bilmirəm, çəliklə gəzirəm, Bərpa Mərkəzində 7 saatdan çox gözlədim, gah dedilər “çıx yuxarı mərtəbəyə”, gah dedilər “düş aşağı mərtəbəyə”. Orada əlillərə əziyyət verilir, sanki qəsdən belə edirlər ki, əlillər ikinci dəfə ora gəlməsin. Məni də xeyli mərtəbələrin arasında süründürdülər, sonra da dedilər, get evə, növbən çatanda xəbər edərik. Mən Cəlilabadda qonşumdan borc pul alaraq getmişdim Bakıya… Hələ o borcu da qaytara bilməmişəm. Bir aydan çoxdur qayıdıb oturmuşam Cəlıabadda – evimdə, xəbər gözləyirəm. Nə xəbər edən var, nə çağıran…”
“Mağazalara, apteklərə borcum başımdan aşır”
Xəqani Əliyev 2015-ci ilədək Prezident təqaüdü də alırmış. Özünə məlum olmayan səbəblərdən həmin vaxtdan o təqaüd də kəsilib.
“Anam evin əşylarına qədər satıb, mənim müalicəmə xərcləyib. İllərdir ki, qohumların dəstəyi ilə müalicə olunurdum, indi heç kimdə o imkan yoxdur. Mənim müalicəmlə dövlət məşğul olmalıdır, çünki mən evdə, küçədə yıxılaraq əlil olmamışam. Hərbi xidmət keçərkən Vətənin ərazi bütövlüyünü qoruyarkən Murovdağ kimi yerdə minaya düşmüşəm. Ərzağa görə mağazalara, dərmana görə apteklərə borcum başımdan aşır. Üstəlik, müalicələrimə görə bankdan götürdüyüm krediti də qaytara bilmirəm. O krediti pensiyamla qaytarırdım”.
“Bilsin ki, mən artıq canımdan bezmişəm”
Xəqani Əliyev Prezident İlham Əliyevdən əlillərin problemlərini nəzarətə götürməsini istəyir:
“Mən prezidentə səslənirəm. Müalicə olunmaq, işləmək istəyirəm. İş üçün getdiyim idarələrdə “sən əlilsən, sənə iş yoxdur” sözünü eşitmək istəmirəm. Mən inanıram ki, prezidentin bu şeylərdən xəbəri yoxdur. Mən hərtərəfli bədbəxt olmuşam, qalmışam evin bir küncündə, iki azyaşlı övladımın üzünə baxa bilmirəm. Övladlarım da oğlandır, bir azdan 18 yaşları olanda onlar da bu Vətənin keşiyində dayanmağa yollanacaqlar. Səsimi prezidentə çatdırın, bilsin ki, mən artıq canımdan bezmişəm, ağrılardan bezmişəm. 3 aydan bir xəstəxanalarda olurdum, qohumun, ailənin hesabına müalicə alırdım, bu qədər ağrımırdım. İndi vəziyyətim dözülməzdir, nitqim də pozulub”.
Meydan TV Əlillərin Bərpa Mərkəziylə əlaqə saxlayıb. Mərkəzdən bildirilib ki, müayinələr növbəlilik qaydasında həyata keçirilir, müraciət edənlərin sayı isə çoxdur. Xəqani Əliyevin növbəsi çatanda ona məlumat veriləcək.