Fermer: “Şirkətin yarıtmaz xidmətinə görə 5 min manat zərərə düşdüm”

Fermer Rəfail Atayev, Foto: Meydan TV

“1 ton pambığa 180 kiloqram zibilə çıxdılar”

Ağdamın Çəmənli kənd sakini Rəfail Atayev fermerdir. O, hər il pambıq əkiniylə məşğul olur. Meydan TV-yə danışır ki, son illər pambıq əkiminə görə “P-aqro” MMC ilə müqavilə bağlayıb. Ancaq həmin şirkətdəki nöqsanları gördükdən sonra qərara alıb ki, bu il rayondakı eyni işləri görən digər şirkətlə – “MKT” MMC ilə müqavilə bağlasın. Elə ilk iş birliyində də fermer məyus olub. Rəfail Atayev göstərilən xidmətdən nəinki razı qalıb, hətta şirkətin onu zərərə saldığını deyir:

“Uzun illərdir pambıq əkiniylə məşğulam. Hər il yüksək məhsul götürürdüm. Bu il də “MKT” MMC ilə müqavilə bağlayaraq 3 hektar sahədə pambıq əkdim. Müqaviləyə görə, şirkət pambığın əkinindən, dərmanından, fəhlələrin maaşından, məhsulun yığımından tutmuş bütün xidmətləri göstərməliydi. Yüksək becərmə, yaxşı qulluq nəticəsində bol və keyfiyyətli pambıq başa gəlmişdi. Ancaq  “MKT” MMC-nin rəhbərliyinin məsuliyyətsizliyi və texnikalarının yarıtmaz olması səbəbindən yığım zamanı zərərə düşdüm”.

Komissiya akt tərtib edib

Fermer iddia edir ki, yığım zamanı pambığın 20 faizi yerə tökülüb. O, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqroinkişaf Mərkəzinə müraciət etdikdən sonra komissiya təşkil olunub. Yığımın növbəti günü komissiya üzvləri sahəyə baxış keçiriblər:

“Nazirliyin əməkdaşları faktı təsdiqlədi. Akt tərtib olundu ki, “MKT” MMC-nin verdiyi texnika nasaz olduğuna görə məhsulun 20 faizi yerə tökülərək itkiyə gedib”.

“Hər tona görə 180 kiloqram zibilə çıxdılar”

Fermer deyir, məsələ bununla bitmir. Onun sözlərinə görə,  “MKT” MMC yığılan pambığın 18 faizini zibilə çıxıb:

“1 ton pambığa 180 kiloqram zibilə çıxdılar. Dedilər, pambıq yarpaqlı olub. Halbuki, pambığın yarpaqlı olmasının səbəbkarı da özləridir. Yarpağın tökülməsinə görə verdikləri dərman keyfiyyətsiz oldu, birinci dərmanlama işləri nəticə vermədi, ikinci dəfə dərmanlama işləri aparmalı oldum. Halbuki, yarpağın tökülməsi üçün bircə dəfə dərmanlama kifayət etməlidir. Bunların verdikləri dərman o qədər keyfiyyətsizdir ki, iki dəfə dərmanlama işləri aparılsa da, yarpaq tökülmədi. Onu da deyim ki, dərmanlama işlərini “MKT” özü aparmalıydı, ancaq bu da mənim maddi hesabıma oldu. Bu, birbaşa “MKT”-nın günahıdır, burda fermerlik bir məsələ yoxdur”. 

“Rəqəmləri şişirdib fermerlərdən əlavə pul qopardırlar”

Rəfail Atayev həm də iddia edir ki, şirkət məhsul əkilən sahəni sənədlərdə saxtalaşdırıb:

“MKT ilə müqaviləni 3 hektar sahəyə görə bağlamışam. Ancaq yer əkilən zaman sənədə 3 hektar 80 sot qeyd edilib. Məqsədləri də rəqəmləri şişirdib əlavə pul qazanmaq olub. Nəticədə məni özlərinə borclu saxlamışdılar. Əziyyət çək, pambıq ək, aylarla qulluq et, axırda şirkətin yarıtmaz işinə görə məhsulun zay olsun, elə həmin şirkətə 5 min manatadək borc ödə…”

Fermer deyir, dəfələrlə “MKT” MMC-nin Ağdam filialının rəhbərliyi ilə görüşsə də, ona bildiriblər ki, xoşu gəlmirsə bir daha şirkətlə müqavilə bağlamasın.

Bu il oktyabrın 10-da Kənd Təsərrüfatı Nazirliyinin Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri Rəfail Atayevin müraciətindən sonra pambıq sahəsinə gəliblər. Sahəyə baxış keçirdikdən sonra akt tərtib ediblər. Həmin aktla fermerin dedikləri də təsdiqini tapıb. Nümayəndələr aktda həm də qeyd ediblər ki, onlar nəmlik və zibilliyə görə çıxılan pambığın nümunəsinə baxış keçirmək üçün “MKT” MMC-nin laboratoriyasına getsələr də, “MKT” işçiləri onlara nümunə göstərməyib.

Meydan TV məsələyə qarşı tərəfin də münasibətini öyrənib. “MKT İstehsalat Kommersiya” MMC-dən bildirilib ki, ilkin araşdırma aparılıb. Qeyd olunan iddialar təsdiqini tapmayıb:

““MKT İstehsalat Kommersiya” MMC aqrotexniki qulluq zamanı istifadə olunan texnika, aqreqat və kimyəvi maddələrin istifadəsində dünyanın qabaqcıl istehsalçıları ilə əməkdaşlıq etməkdədir. Bu səbəblə istifadə olunan texnikanın dayanıqlılığı, kimyəvi maddələrin keyfiyyəti yerli və dünya təcrübəsi tərəfindən yüksək qiymətləndirilməkdədir. Buna rəğmən məsələnin dərindən araşdırılması və tərəflərin ayrılıqda dinlənməsinə qərar verilib”.

Şirkət fermerin müraciətini araşdıracaq, nöqsanlar aşkarlandığı təqdirdə müvafiq tədbirlər görüləcək.

Ana səhifəBölgəFermer: “Şirkətin yarıtmaz xidmətinə görə 5 min manat zərərə düşdüm”