Mehman Əliyev: “Nikol Paşinyan sui-qəsdə də məruz qala bilər”

Yazar: Emil Məmmədli

Foto: Meydan TV

Tofiq Zülfüqarov: “Ermənistanda reallığa qayıdış prosesi başlayıb”

Ermənistan Baş naziri Nikol Paşinyanın dekabrın 24-ü onlayn rejimdə müsahibəsi və ardınca dekabrın 26-da müsahibəsinə izahlar verməsi ölkədə siyasi qalmaqala səbəb olub

Baş nazir bildirib ki, 2016-cı ildə Ermənistan üçün fəlakət baş verib. Onun sözlərinə görə, həmin ilin yanvarında Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağın statusunun həll ediməsi məsələsinin BMT Təhlükəsizlik Şurasına ötürülməsi barədə təkliflər zərfi təqdim edib.

Paşinyanın fikrincə, bu, Dağlıq Qarabağın Azərbaycan tərkibində qalmaqda davam etməsi deməkdir. Bundan başqa, Baş nazir qeyd edib ki, danışıqların heç bir mərhələsində Dağlıq Qarabağ tam olaraq erməni ərazisi kimi qəbul edilməyib və orada azərbaycanlıların yaşamaq hüququnun təmin edilməsi daim gündəmdə olub. 

Onun sözlərinə kəskin reaksiyaya görə, Nikol Paşinyan “Facebook” səhifəsində bəyanatla çıxış edərək, bütün bunların özündən əvvəlki hakimiyyətin zamanında baş verdiyini və onun buna qarşı edə biləcəyi heç bir şeyin olmadığını deyib.

Ümumiyyətlə, son həftə ərzində Paşinyanın Azərbaycanla münasibətlərə dair bəyanatları da yadda qalan olub. Baş nazir deyib ki, sülh müqaviləsi üzərində işə başlamağa hazırdır, kommunikasiyaların açılışı vacibdir.
Bir sıra ekspertlər bunu, Soçi və Brüsseldə görüşlərin nəticəsi kimi qəbul edib. Onların fikrincə, vasitəçiliyə qoşulan ayrı-ayrı güclər, yəni Rusiya və Avropa İttifaqı Ermənistana Azərbaycanla sülhdən başqa yolun olmadığını izah ediblər. Paşinyanın bu çıxışları isə, ekspertlərin fikrincə, erməni cəmiyyətinin sülhə hazırlanmasıdır.   

“Azərbaycandan fərqli olaraq, Ermənistanda vahid yanaşma yoxdur”

“Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyev də Paşinyanın son çıxışlarında söylədiyi fikirlərin Soçi və Brüsseldə baş tutan görüşlərin nəticəsi kimi qəbul edilməsi ilə razıdır. 

“Məsələ ondadır ki, Nikol Paşinyan belə deyir, amma Ermənistanın özündə və Qarabağda ermənilər ona etiraz edib, razılaşmırlar və kifayət qədər radikal mövqe tuturlar. Belə çıxır ki, Nikol Paşinyan və tərəfdarları sülhə getməyə hazır olsa da, cəmiyyətin başqa bir hissəsi razılaşmır”, – o deyib.

Mehman Əliyev Baş nazirin səmimi olub-olmaması barədə söz deməyin çətin olduğunu qeyd edib. Onun fikrincə, reallıq ondan ibarətdir ki, Azərbaycandan fərqli olaraq, Ermənistanda vahid yanaşma yoxdur. O qeyd edib ki, Paşinyanın sözləri erməni cəmiyyətinin sülhə hazırlanması prosesinin tərkib hissəsidir və bu iş çoxdan gedir:

“Məsələn, 9 noyabr 2020-ci il və son 9 dekabr həmsədrlərin bəyanatları Minsk Qrupunun Ermənistanı Azərbaycanla sülhə getməyə dəvət etməsidir. Yəni bu, yalnız Rusiyanın mövqeyi deyil. Ancaq erməni cəmiyyətinin bir hissəsi sülhə hazır olmadığını bəyan edir”.  

Azərbaycanın məsələlərin həlli üçün bundan sonra hərbi yola əl atmasına ehtiyacın olub-olmamasına gəlincə isə agentlik rəhbəri deyib ki, hər şey həmsədrlərin mövqeyindən asılı olacaq. Onun fikrincə, 2020-ci ildə həmsədrlərin hərbi əməliyyatlara qeyri-rəsmi razılıq verdikləri kimi, oxşar situasiya yenidən yarana bilər:

“İş ondadır ki, o zaman Ermənistan sülh sazişinin imzalanmasından boyun qaçırırdı və onda da cəmiyyətin bir hissəsinin buna qarşı olduğunu bəhanə etdi. Hətta seçkilərdən sonra da problem yarandı və nəticədə sərhəddə hərbi irəliləmə oldu. Həmin hərbi əməliyyatlar vəziyyətə təsir etdi”.

Mehman Əliyev, Foto: Meydan TV

Mehman Əliyevin fikrincə, bu mənada yenə də hərbi əməliyyatlar ola bilər və Laçın dəhlizi bağlana bilər:
“Əgər ermənilər müqavimət göstərsə, güc tətbiq olunacaq”.

Bundan başqa, Mehman Əliyev hesab edir ki, Nikol Paşinyan sui-qəsdə də məruz qala bilər.

“Hər hansı sülh sazişilə razılaşmayan qüvvələr prosesi pozmaq və Rusiya sülhməramlılarının Qarabağda qalması nəticəsində vəziyyətin dondurulmasını istəyənlər belə bir addım ata bilərlər. Çünki buna hazır olan qüvvələr də var”, – Mehman Əliyev deyib.

“Soçi və Brüssel görüşləri Ermənistan elitasına onları dəstəkləyən qüvvənin olmadığını göstərdi”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə Ermənistanın Baş nazirinin Azərbaycan əraziləri haqqında fikir bildirməsini beynəlxalq qanunların pozuntusu kimi qəbul edir.

“Bəzən bizdə buna yüksək qiymət verirlər. Mən bunun tərəfdarı deyiləm. Sadəcə, Ermənistanda proses başlayıb. Onlar öz fantaziyalarından uzaqlaşıb reallığa qayıtmalıdırlar”, – o deyib.

Keçmiş nazir hesab edir ki, ilk növbədə onlar üçün bu məsələ lazımdır, çünki 30 illik siyasət göstərdi ki, Ermənistanın hərbi, iqtisadi, demoqrafik potensialı yoxdur.

“Söhbət Azərbaycan ərazilərinin işğalı və anneksiya layihələrindən gedir. İndi Ermənistanda reallığa qayıdış prosesi başlayıb və bu, öz daxili siyasətlərinə aid olan mövzudur. Sadəcə, biz kənardan nəzarət edib qiymət verə bilərik”, – diplomat vurğulayıb.   

Tofiq Züfüqarov da Paşinyanın bəyanatlarının erməni cəmiyyətinin sülhə hazırlanması kontekstində qəbul edilməsi ilə razıdır.

“Bu, həm də təkcə Azərbaycan üçün yox, Türkiyəyə aid cəfəng illüziyalardan əl çəkib, reallığa qayıtmaqdır. Artıq bu məsələ onlar üçün ölüm-dirim məsələsidir. Çünki hamı başa düşür ki, bu siyasəti davam etdirsələr, gedişat onların məhvinə gətirib çıxaracaq”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

O deyib ki, Ermənistanın Azərbaycana ərazi iddiaları irəli sürməsindən sonra Qarabağda ermənilərin sayı azalıb:

“Yəni insanlar faktiki olaraq aparılan siyasətin gələcəyini görmədən bu siyasətə ayaqla səs verərək ölkədən qaçıblar. Bu baxımdan indiki proseslər Ermənistan üçün lazımdır. Bəli, Soçi və Brüssel görüşləri Ermənistan elitasına göstərib ki, onlara bu məsələdə heç bir dəstək verən qüvvə yoxdur və olmayacaq. Faktiki olaraq, indi gedən proseslər müharibədən sonra Azərbaycanın bəyan etdiyi gündəm əsasında gedir və gedəcək də”.     

 Tofiq Zülfüqarov proseslərin gedişatında Azərbaycanın həm sülh, həm də müharibə variantına hazır olmalı olduğunu deyir:

“Şuşa Bəyannaməsi imzalananda Azərbaycan və Türkiyə prezidentləri sülhə çağırışlar etdilər. Bu yaxınlarda Azərbaycan ziyalıları Moskvada erməni həmkarları ilə görüşüblər. Bu, bir növ sülh hücumu kimi qiymətləndirilə bilər. Amma eyni zamanda bir neçə gün əvvəl Hadrutda xüsusi təyinatlı qüvvələrin hərbi hissələrinin yaradılması onu göstərir ki, Azərbaycan anti-terror əməliyyatına da hazırdır və sülh siyasətini qəbul etməyən qüvvələrə qanun çərçivəsində cavab verməyə hazırlaşır”.

Ana səhifəSiyasətMehman Əliyev: “Nikol Paşinyan sui-qəsdə də məruz qala bilər”