Zəlzələdən zərərçəkmiş vətəndaşlar sığorta şirkəti ilə məhkəmə çəkişməsindədir
2019-cu il fevralın 5-dən 6-na keçən gecə episentri Şamaxının Pirqulu qəsəbəsində olan zəlzələdən ətraf rayonlar da ziyan çəkdi. Onların arasında İsmayıllı rayonunun Tircan kəndinin sakinləri də var. Həmin vaxt evləri dağılan kəndlilər deyir ki, hadisənin üstündən iki ilə yaxın vaxt keçsə də, indiyə qədər sığorta ödənişini ala bilməyiblər.
İcra başçısı: “Dövlət tərəfindən heç bir yardım olunmayıb”
Zərərçəkənlərdən Cahan Əhmədov, İslam Nəsirov Meydan TV-yə bildirib ki, onların evləri icbari qaydada sığortalanmışdı. Ona görə də hadisədən sonra dağılan evlərinə görə ödənməli pulu almaq üçün “Günaysığorta”ya üz tutublar. Amma sığorta şirkəti ödənişdən imtina edib.
İslam Nəsirov deyir ki, əllərində İsmayıllının o vaxtkı icra başçısı Mirdaməd Sadıqovun arayışı var. Orada yazılıb ki, zəlzələ nəticəsində hər iki vətəndaşa ziyan dəyib.
“Dəymiş ziyanın aradan qaldırılması üçün təmir-bərpa işlərinə ehtiyac var. Baş vermiş təbii fəlakət (zəlzələ) ilə bağlı vətəndaşa dövlət tərəfindən heç bir yardım olunmayıb”, – icra başçısının arayışında vurğulanıb.
İslam Nəsirovun sözlərinə görə, onların sığorta şirkətinə çoxsaylı müraciətləri nəticə vermədiyinə görə məcbur olub, məhkəməyə üz tutublar.
“Məhkəmədə bu işə baxılanda ekspertiza təyin olundu. Tikinti-texniki və məhkəmə-mühəndis geoloji ekspertizası rəy verdi ki, zəlzələ nəticəsində hər iki evə ciddi ziyan dəyib. Təmir-bərpa işlərinə görə Cahan Əhmədovun evinə 16 min 606 manat, mənim evimə isə 15 min 220 manat vəsait lazımdır”, – İslam Nəsirov bildirib.
“Günaysığorta” nə deyir?
Məhkəmə Tircan kənd sakinlərinin ikisinə ümumilikdə 28 min manat sığorta ödənişi haqda qərar çıxarıb.
“Günaysığorta” bu qərardan apelyasiya şikayəti verib.
“Günaysığorta”nın nümayəndəsi Bayram Xanlarzadə isə Tircan sakinlərinin şikayətlərilə razılaşmır. Deyir ki, zəlzələ nəticəsində əmlaka dəymiş ziyanı müəyyənləşdirmək üçün “İntegris” MMC qiymətləndirmə aparıb və hesabat hazırlayıb. İslam Nəsirovun evinə dəyən zərər 278 manat, Cahan Əhmədovun evinə dəyən zərərə isə 551 manat olub.
Bayram Xanlarzadənin dediyinə görə, evlərə baxış zamanı cüzi çatlar aşkarlanıb. Onların da tikilinin əsas konstruksiyasını zədələmədiyi məlum olub:
“Sığorta şəhadətnaməsinə əsasən, 150 manat azadolma məbləği çıxılıb və şirkət Cahan Əhmədova 401 manat, İslam Nəsirova isə 128 manat ödəniş edib. Bu vəsaitlər onların “Kapitalbank”dakı hesablarına köçürülüb. Onlar əvvəl bu məsələni mübahisələndirməyib. Uzun müddət keçəndən sonra məhkəməyə müraciət ediblər”.
“Günaysığorta”nın nümayəndəsi məhkəmə zamanı verilən ekspert rəyindən də narazıdır. Deyir ki, ekspert təkcə yaşayış evinə yox, həyətdəki digər tikililərə də dəymiş ziyanı hesablayıb, məbləği şişirdib. Onun sözlərinə görə, Cahan Əhmədovun 3 otaqdan ibarət evi cəmi 86.4 kvadrat metrdir. Lakin onun 210 kvadrat metrlik həyətyanı sahəsində başqa özbaşına tikililər var: “İslam Nəsirovun 2 otaqlı evinin ümumi sahəsi 41,5 kvadrat metrdir. Amma həyətdə özbaşına tikililər var”.
“Belə çıxır ki, hamam-tualeti bizim əmlakımız saymırlar”
“Günaysığorta”nın şikayəti əsasında bu işi təkrar araşdıran apelyasiya məhkəməsində sığorta şirkətinin nümayəndəsi vəsatət verib ki, yenidən ekspertiza keçirilsin, yalnız əmlakların çıxarışlarında (“kupça”) göstərilən sahələrə dəymiş ziyan hesablansın. Kənd sakinlərinin etirazlarına baxmayaraq, apelyasiya məhkəməsinin hakimləri şirkətin təkrar ekspertiza barədə vəsatətini təmin edib. Təkrar ekspertiza nəticəsində evlərə 5 min manat ziyan dəyməsi barədə rəy alınıb.
“Kənd yeridir, hamam-tualet həyətdə yerləşir. Yardımçı tikililər var. İndi bunlar bizim əmlakımız sayılmır? Bu, nə absurd yanaşmadır. Belə çıxır ki, hamam-tualeti bizim mülkiyyətimiz saymırlar. Hakim Məmməd Məmmədov da sığorta şirkətinə qoşulub, tualetə görə bizdən kupça tələb edir. Məntiq olmalıdır axı. Sığorta şirkətini hardasa, başa düşdük, pulu ödəmək istəmir, hər yola əl atır. Bəs hakim niyə bu cür aşkar tərəfkeşliyi özünə rəva görür?“, – İslam Nəsirov belə deyir.
Şikayətçi deyir ki, birinci instansiya məhkəməsində bu işə baxılanda rəy vermiş ekspert Teymur Məmmədov da çağırılaraq dindirilib. O bildirib ki, verdiyi rəyi müdafiə edir: “Texniki pasporta uyğun olaraq, evlərə baxış keçirilib və dəymiş ziyan hesablanıb”.
“İcbari sığortalar haqqında” qanuna istinad edən şikayətçi deyir ki, bu qanuna görə vətəndaşın faktiki sahib olduğu əmlak sığortalanır. Onun sözlərinə görə, “Çıxarış” mülkiyyət hüququnun rəsmiləşməsini təsdiqləyən sənəddir. Bu mübahisədə ona əsaslanmaq doğru deyil: “Hamam-tualet çıxarışda yoxdur. Faktiki onların da sahibi mənəm, onları necə ayrı götürmək olar?! Bizi evsiz-eşiksiz qoyub, çətin şəraitdə yaşamaqdan bezib onların təklif etdiyi qəpik-quruşla razılaşmağımıza çalışırlar”.
İslam Nəsirov həyətində yerləşən daşınmaz əmlakların özbaşına tikili kimi qələmə verilməsindən də narazıdır:
“Tircan kənd icra nümayəndəliyinin arayışı var. Oradan görünür ki, bizim evlərimiz tikinti məqsədləri üçün ayrılan torpaq sahəsində yerləşir. Bunun üçün lazımi icazələr alınıb. Bizim yaşayış sahəsində heç bir özbaşına tikili yoxdur. Bunu icra hakimiyyəti də öz sənədilə təsdiqləyib”.