“O, bizim ləyaqətimizi alçaldıb”
Tovuz rayonunun Dondar Quşçu kəndinin sakinləri orada 2019-cu ilin noyabrında itkin düşmüş, 2020-ci ilin yanvarında isə yandırılmış meyiti tapılan 10 yaşlı Nərminin Quliyevanın atası Şərif Quliyevi məhkəməyə verməyə hazırlaşır. Bu barədə Meydan TV-yə kənd sakinlərindən Validə Əliyeva məlumat verib.
Kənd sakini deyib ki, Şərif Quliyev onların Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovu pul qarşılığında müdafiə etdiyini bildirib. Bəzi saytlara açıqlama verən Şərif Quliyev deyib ki, hər dəfə məhkəmə binasının qarşısına gəlmək üçün kənd sakinlərinin hərəsinə 15 manat pul verilir.
Azyaşlının öldürməkdə ittiham olunan İlkin Süleymanovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə baxılır. Dekabrın 23-nə bu iş üzrə məhkəmə iclası təyin olunsa da, proses baş tutmayıb.
Məhkəmə binasının qarşısına toplaşan Dondar Quşçu sakinləri bildirib ki, Şərif Quliyevin onlara pul paylanması barədə dedikləri həm böhtandır, həm də təhqirdir.
“O, bizim ləyaqətimizi alçaldıb. Yaxşı misal var ki, hər kəs öz arşını ilə ölçür. Bəlkə də bu, ona çatmır, amma bizi bura gətirən pul yox, vicdanımızın səsidir. 10 yaşlı uşağın qanının batırılmasına, günahsız bir adamın həbsxanada çürüdülməsinə susqun qala bilmərik. Şərif özü yaxşı bilir ki, nə var, nə yox. Özü nəyə görə bu cür davranır, biz də yaxşı bilirik”, – Validə Əliyeva bildirib.
Kənd sakinləri bildirib ki, İlkin Süleymanovun günahsız olduğuna inanırlar və onu sona qədər müdafiə edəcəklər.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.