Ekspert deyir ki, məhsuldarlığın aşağı olmasına bir neçə amil təsir göstrərir
Bu il Azərbaycanda pambığın məhsuldarlığı azalıb. Ölkə üzrə pambıq yığımında məhsuldarlıq 28 sentiner olub. Bu isə ötən illə müqayisədə 5 sentiner aşağıdır. Ehtimal edilir ki, yayda havanın isti və quraq keçməsi, o cümlədən bəzi bölgələrdə suvarma problemi pambığın məhsuldarlığına təsir edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı təsərrüfatlarda 183 917 ton pambıq istehsal olunub. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 20,9 faiz azalıb. Hesabat dövründə ölkədə 73,7 min hektar sahədə pambıq əkilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 26,5 azdır. Bununla yanaşı, cari ilin 10 ayında pambıq yığımında məhsuldarlıq 25 sentner təşkil edib. Rəsmi rəqəmlərə görə, 2020-ci ildə Azərbaycanda pambıq istehsalı 2015-ci ilə nisbətən 9.6 dəfə, 2019-cu ilə nisbətən isə 14.1 faiz artaraq 336.8 min ton olub.
Fermerlər subsidiya və ya digər güzəştlərə görə adlarının çəkilməsini istəmədən qarşılaşdıqları problemlə bağlı Meydan TV-yə danışıblar.
Sabirabadlı fermer bildirib ki, bu il onun sahəsində suvarma ilə bağlı ciddi problem olmayıb. Lakin pambığın çəkisi az olub:
“Saatlı və Sabirabadda tanıdığım fermerlərin hamısı bir neçə ildir istifadə etdiyi toxumdan əkib. Bununla belə, bu il məhsuldarlıq aşağı olub”.
Oktyabrın əvvəlində havanın bir neçə gün yağışlı olması da məhsuldarlığa təsir edib. Fermerlər məsələ ilə bağlı müzakirələr aparıblar:
“Məlum olub ki, əksər rayonda sahələrdə yarpaq qızdırması qeydə alınıb. Fermerlərin çoxu isə bundan gec xəbər tutub. Xəstəlik və ziyanvericilərlə mübarizədə istifadə edilən dərmanlar keyfiyyətsizdir”.
Digər fermer isə bildirib ki, xüsusilə xaricdən gətirilən toxumlar zəifdi:
“Ölkənin torpaq iqlim şəraitinə uyğun pambıq sortlarına üstünlük verilməlidir. Yerli pambıq sortları əsasən 5 dilimlidir və hər dilimdə 8-11 ədəd toxum olur. Xaricdən gətirilən pambıq sortlarının toxumlarının isə cücərmə qabiliyyəti aşağıdır, hər dilimdə 6 ədəd toxum olur. Problem o qədər çoxdur ki, hər amil xüsusi nəzərə alınmalıdır. Məsələn, quraqlıq dövründə şum digər dövrlərə nisbətən fərqli aparılmalıdır. Yəni toxum, şum, becərmə, gübrələr, suvarma vacib şərtlərdəndir. Bu il qeydə alınan xəstəlik bir neçə ildir bəzi əkin sahələrində müşahidə edilir. Bu xəstəlik məhsuldarlığı yarıya qədər aşağı sala bilir. Ötən il də suvarma və quraqlıq problemi vardı, amma məhsuldarlıq bu ildən yaxşı oldu”.
Fermerlərdən biri isə deyib ki, onun fikrincə, məhsuldarlığa birinci keyfiyyətsiz toxum təsir edibsə, ikinci isti günlərin sayı təsir edib. Belə ki, bu il temperaturun 36 dərəcədən yuxarı olduğu günlər çox olub.
“Mən yonca sahələrində pambıq əkmişdim. Yonca əkilən sahələrdə torpaqda minerallar çox olur. Adətən həmin sahələr 45 sentinerdən yüksək məhsul verir. Məhsuldarlıq az olduğundan toxumda problem olduğunu düşünürəm”,- fermer deyib. O bildirib ki, məhsuldarlıqla bağlı məsələ Kənd Təsərrüfatı Nazirliyinin diqqətindədir. Mütəxəssislər problemin səbəblərini öyrənirlər.
Fermerlər deyiblər ki, pambıq istehsalı ilə məşğul olan şirkətlər arasında da sağlam rəqabət yoxdur. Pambığın məhsuldarlığı yüksək olmadığından çəkdikləri xərci götürə bilməyəcəklər.
Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər bu il pambığın alış qiymətlərini artırıblar. Fermerlərin sözlərinə görə, 2021-ci ilin məhsulu üçün birinci növün qiyməti 650 manatdan 700 manata, ikinci növün qiyməti 630 manatdan 680 manata, üçüncü növün qiyməti 590 manatdan 640 manata, dördüncü növün qiyməti isə 550 manatdan 600 manata qaldırılıb. Təhvil verilən pambığın hər tonuna görə fermerə 100 manat subsidiya ödənilir. Bundan əlavə, fermerlər pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə deyib ki, öncədən məhsuldarlığın aşağı olacağı proqnozunu verib:
“Hər il eyni sahədə eyni sahədə eyni məhsulu yetişdirmək məhsuldarlığa təsir edir. Hətta dünyanın ən inkişaf etmiş ölkəsində, məsələn, Amerikada o primitiv texnologiyadan istifadə olunur. Yəni növbəli əkin sistemi tətbiq edilmədiyi üçün orda da məhsuldarlıq aşağıdır. O ölkədə ki, növbəli əkin sistemi yaradırlar, orda məhsuldarlıq artır. Bu, aqrotexnikanın bir qaydasıdır”.
Ekspert deyir ki, fermerlər fərqli toxumlardan istifadə etsə də, məhsuldarlıq kəskin şəkildə aşağı düşüb. O, əsas problemlərdən biri kimi suvarma ehtiyacının ödənilməməsini görür:
“Pambıq enliyarpaqlı, suya tələbatı yüksək olan bitkidir. Azərbaycanda su problemi öz həllini tapmayıb”.
“Elə toxum da ölkəyə uyğunlaşdırılmayıb. Toxumu xaricdən gətirirlər. Azərbaycanda o toxumdan birbaşa istifadə etmək yanlışdır. Öncə Azərbaycanın iqlim şəraitinə uyğun sortlar yetişdirilməlidir. Bu, ciddi bir işdir, onunla seleksiya institutu məşğul olmalıdır. Təəssüf ki, bununl məşğul olan yoxdur, ona görə də məhsuldarlıq aşağı düşür”, – Vahid Məhərrəmli deyib.
Ekspert hesab edir ki, Azərbaycanda peşəkarlar azdır, olanlar da artıq sıradan çıxıb:
“Saatlı rayonunda aqronoma pambıq çiçəyinin rəngindəki fərqlə bağlı sual verdim, onu əsaslandıra bilmədi. Belə sadə sualı bilmədi. Bu da ondan xəbər verir ki, bizdə hələ peşəkarlıq səviyyəsi aşağıdır. Bu sahə ilə xüsusi məşğul olmaq lazımdır. Məsələn, Özbəkistan məşğul olub. Ona görə də orda məhsuldarlıq yüksəkdir. İsrail məşğul olur, nəticədə hətta ildə məhsuldarlıq 55 sentiner olur”.
Vahid Məhərrəmli deyir ki, İsraildən və Özbəkistandan fərqli olaraq Azərbaycanın torpağı, iqlimi daha münbitdi, amma peşəkarların bu sahə ilə məşğul olmaması məhsuldarlığa ciddi ziyan vurur.