İlham Əliyev: “Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır”

Brüssel, Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq, Foto: Azərtac

Nikol Paşinyan: “Azərbaycan regional kommunikasiyaların açılması məsələsini qarışdırmağa çalışır”

“Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır”.

Bu bəyanatı Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə keçirdiyi mətbuat konfransında səsləndirib.

İlham Əliyev bildirib ki, Laçın dəhlizində heç bir post yoxdur:

“Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postu olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.

İlham Əliyev onu da deyib ki, hazırkı mərhələdə Ermənistan ərazisindən keçməklə Azərbaycanın digər ərazilərindən Naxçıvan Muxtar Respublikasına dəmir yolu xəttinin, eləcə də avtomagistralın tikintisi barədə razılığa gəlinib, lakin avtomobil yolunun marşrutu hələlik müəyyənləşdirilməyib:

“Bu, gələcək müzakirə mövzusudur. Biz bunu mütləq bu axşam Şarl Mişellə üçtərəfli görüşdə müzakirə edəcəyik”.

Bu gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə fərqli fikir söyləyib.

N.Paşinyan deyib ki, Azərbaycan regional kommunikasiyaların açılması məsələsini qarışdırmağa çalışır:

“İlham Əliyevin regional kommunikasiyaların açılmasını Laçın dəhlizi ilə eyniləşdirmək cəhdlərinin bu mövzuda aparılan müzakirələrə və imzalanmış bəyanatlara heç bir aidiyyatı yoxdur. Bu, Ermənistan üçün qəbuledilməzdir. Mən bu günə planlaşdırılan üçtərəfli görüş zamanı bu mövqeyi açıq şəkildə ifadə edəcəyəm”.

Brüsseldə görüş təklifi Avropa İttifaqının prezident Şarl Mişel tərəfindən verilib. Ondan sonra Rusiya dövlət başçısı V.Putin Ermənistan və Azərbaycan rəhbərlərini Soçi görüşünə dəvət edib.

Noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan başçılarının görüşü keçirilib. 3 saat davam edən danışıqların nəticəsi olaraq qəbul edilən bəyanatda Rusiya Federasiyasının konsultativ köməyilə sərhədlərin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaranması razılaşdırıldığı qeyd olunub:

“Eyni zamanda, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə layihələrin gerçəkləşməsinin zəruriliyi vurğulanıb”.

Xatırlatma

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə döyüşlər başlayıb.

44 günlük bu müharibə (İkinci Qarabağ müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona (Şuşa, Hadrut, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan və Xocavəndin bir hissəsi) nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib, Kəlbəcər, Ağdam və Laçın rayonları boşaldılıb.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Ana səhifəSiyasətİlham Əliyev: “Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır”