“Bu təşəbbüsə müstəqil xəbər mediası və demokratik islahatlara dəstək daxildir”
ABŞ Prezidenti Cozef Bayden dünyada insan haqları və demokratiya sahəsində “geriləmə” ilə bağlı xəbərdarlıq edib. O, avtoritarizmin yayılmasına qarşı demokratiyaların qorunub saxlanması üçün öhdəlikləri yeniləməyə çağırıb.
Prezident dekabrın 9-da başlayan Demokratiya Sammitində belə deyib.
Məlumatı Azadlıq Radiosu yayıb.
C.Bayden bildirib ki, demokratiya təsadüfən baş vermir:
“Hər nəsildə onu yeniləməliyik, zəmanəmizin əsas məsələsi budur”.
Tədbirdə məlum olub ki, Bayden administrasiyası dünyada demokratiyanın yenilənməsi üçün yeni təşəbbüsə 424.4 milyon dollar ayrılmasından ötrü Konqreslə işləyir. “Bu təşəbbüsə müstəqil xəbər mediası və demokratik islahatlara dəstək daxildir”,-deyə qeyd olunub.
Bu gün və sabah keçiriləcək sammitə dünyanın 110 ölkəsinin lideri qatılacaq. NATO üzvləri Türkiyə və Macarıstan liderləri dəvət almayanlar sırasındadır. Ancaq Pakistan, Filippin və Braziliyanın dəvət olunması bəzi dairələrdə birmənalı qarşılanmayıb. Cənubi Qafqazdan Ermənistan və Gürcüstan tədbirdə təmsil olunacaqlar. Azərbaycan sammitə dəvət edilməyib.
Prezident C.Baydenin aparıcı avtokratiyalar hesab etdiyi Çin və Rusiya tədbirə dəvət olunmayıb. Bununla bağlı Rusiya və Çinin səfirləri Anatoli Antonov və Qin Qang ötən ay birgə yazdıqları məqalədə “Heç bir ölkənin dünyanın geniş və fərqli siyasi mənzərəsini vahid ölçüylə idarə etmək haqqı yoxdur”, – deyə vurğulayıblar. Çini qıcıqlandıran daha bir amil isə öz ərazisi hesab etdiyi, demokratik idarə olunan Tayvanın sammitdə iştirakıdır.
“Freedom House” təşkilatının prezidenti Maykl Abramovits Birləşmiş Ştatların çiçəklənən demokratiyasının son illər zədələndiyini deyir:
“Hazırda Amerikada elə bir dönəmdən keçirik ki, demokratiyanın həqiqətən üstün gələcəyini sübuta yetirmək çox çətindir”.
“Freedom House” builki hesabatında artıq 15-ci ildir dünyada demokratiya sahəsində geriləmə olduğunu bildirib.