“Ermənistan işğaldan azad olunan digər ərazilərin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib”
Dekabrın 4-də erməni əsilli 10 hərbçinin Ermənistana təhvil verildiyi bildirilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, təhvil verilmiş şəxslər bu il, noyabrın 16-da Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılıblar.
Komissiya xatırladır ki, noyabrın 26-da erməni əsilli bir mülki şəxs və bir hərbi qulluqçu da Ermənistan tərəfinə təhvil verilib.
“Eyni zamanda aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib. Mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk”, – məlumatda deyilib.
Ermənistan mediası bu məlumatı Azərbaycan mətbuatına istinadən yayıb. Ermənistan rəsmiləri bu barədə açıqlama verməyib.