Liderlər görüşdə hansı ifadələri işlətdilər
Noyabrın 26-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın Baş nazirinin Soçidəki görüşü üç ölkədə gündəmdə olan ən vacib məsələ oldu. Məlum məsələdir ki, bağlı qapılar arxasında İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin dəqiqliklə nə danışdıqlarını, kimin konkret olaraq nə dediyini və Azərbaycanla Ermənistan arasında olan problemlərin həlli üçün hansı qərarların verildiyini bilmək mümkün deyil. Media nümayəndələri və ekspertlər yalnız ictimaiyyət üçün verilən açıq bəyanatlardan, liderlərin danışıq intonasiyalarından, terminlərin hansı formada işlədilməsindən, hətta kimin necə baxmasından və sair hərəkətlərdən müəyyən nəticələr çıxara bilərlər. O da məlumdur ki, çıxarılan bütün nəticələr subyektiv xarakter daşıyır və həmin o nəticəni çıxaran şəxsin fərd olaraq hissiyyatından asılıdır. O cümlədən, oxuculara təqdim edilən bu yazı da müəllifin şəxsi müşahidələrinin nəticəsidir və “hamı birmənalı olaraq yazıda qeyd edilən məqamlarla mütləq razılaşmalıdır” iddiasından uzaqdır.
Beləliklə, Soçidə üçtərəfli görüş başa çatır və hər üç lider mətbuat qarşısına çıxır.
Dövlət başçılarının sözlərindən belə nəticə çıxarmaq olar ki, dörd saata yaxın çəkən görüşdə üç məsələ müzakirə olunub – sərhədlərin delimitasiya və demarkasiyası, humanitar məsələlər və kommunikasiyaların, nəqliyyat yollarının açılması. Verilən bəyanatlardan o da aydın olur ki, hər üç məsələdə tərəflər razılığa gəliblər.
Görüşdə əlavə olaraq, hər hansı bir dördüncü məsələnin təklif edilməsi və müzakirədən sonra razılıq əldə edilməməsi barədə heç bir nişanə yoxdur. Belə ki, liderlərdən heç biri çıxışında buna eyham vurmadı.
Xatırlatmaq lazımdır ki, görüşün əvvəlində – mətbuat üçün açıq hissəsində, çıxış növbəsi çatan Ermənistanın Baş naziri Nikol Paşinyan özündən əvvəl çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin 9 noyabr 2020-ci ildə (Bakı vaxtı ilə 10 noyabr 2020-ci il- müəllif) qəbul edilən üçtərəfli bəyanatın maddələrindən yalnız kommunikasiyaların açılması barədə maddəsinin reallaşmadığı fikri ilə razılaşmadığını elan etdi.
Yəni, görüşdə hər hansı bir məsələdə razılığın əldə olunmaması təqdirində, liderlərin bunu diplomatik dillə mətbuata bildirməsi normal bir qaydadır ki, üçtərəfli görüşdən sonra belə bir hal qeydə alınmadı.
Əksinə, görüşdən sonra sonuncu çıxış edən Nikol Paşinyan danışıqlar zamanı bir sıra məsələlərdə mövqeləri aydınlaşdırdıqlarını dedi və əlavə etdi ki, “görüşə qədər bir sıra məsələlərdə ilk baxışdan təzadlı görünən məqamlarda məlum oldu ki, heç bir təzad yoxdur”.
Hər üç lider çıxışında humanitar məsələlərin müzakirə edildiyini dedi. Güman etmək olar ki, humanitar məsələ dedikdə, Azərbaycanda məhkəmələrin qərarları ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmə cəzası almış ermənilər nəzərdə tutulur. Bu baxımdan Prezident İlham Əliyevin indiyə qədər 100-dən çox erməni əsgərinin Ermənistana qaytarılmasını qeyd etməsi və Azərbaycanın bundan sonra da humanizm aliliyi prinsipindən çıxış edəcəyini deməsi onu göstərir ki, rəsmi Bakı yaxın zamanlarda, ekstraordinar bir hadisənin baş verməyəcəyi təqdirdə Azərbaycanda olan erməni hərbçilərinin böyük hissəsini, ola bilər ki, hamısını Ermənistana verəcək.
Sərhədlərin delimitasiya və demarkasiyası prosesinin başlaması, kommunikasiyaların, nəqliyyat yollarının açılması üçün işlərə başlanılması məsələsində liderlərin razılığa gəlməsi də gün kimi aydındır.
Bu görüş həmçinin, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana olan şəxsi münasibətini bir daha nümayiş etdirdi. Və demək olar ki, bu münasibət pozitivdir. Təbii ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın və ümumiyyətlə Türkiyə rəsmilərinin, müxalifət nümayəndələrinin, sadə vətəndaşların Azərbaycana olan münasibəti ilə eyniləşdirmək olmaz. Amma Putin üçün vacib olan və onun həssaslıqla yanaşdığı bir sıra məsələlərdə Azərbaycanın mövqeyi Kreml sahibinin rəyinin pozitiv istiqamətdə formalaşdırdığını vurğulamaq lazımdır. Yada salmaq lazımdır ki, Putinin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycan bir sıra keçmiş sovet respublikalarından fərqli olaraq, Rusiya əleyhinə heç bir siyasi layihədə iştirak etməyib. Putinin həssas yanaşdığı rus dilinin sıxışdırılmaması və etnik ruslara yaxşı münasibət nöqteyi-nəzərindən Azərbaycanda heç bir problemin olmaması da onun Azərbaycanla bağlı fikrinin formalaşmasında mühüm rol oynayıb. Vladimir Putinin İlham Əliyevlə təkbətək görüşünün media üçün açıq hissəsində Azərbaycanda rusdilli məktəblərin sayının kifayət qədər olması, 34% məktəblinin rus dilində təhsil almasını qeyd etməsi məhz bunun göstəricisidir.
Putin səviyyəli liderlər heç bir sözü təsadüfən işlətmirlər. Rusiya Prezidentinin bu bəyanatı bir müddət əvvəl Yerevanda “Əlvida, çirkli Rusiya” şüarlarının səsləndirilməsi, ABŞ-ın Ermənistandankı səfirliyi qarşısında “Ruslar evinizə gedin, Amerika kömək et” şüarları ilə keçirilən etiraz aksiyaları fonunda verdiyini də nəzərə almaq lazımdır.
Soçi görüşləri zamanı kommunikasiyaların, nəqliyyat xətlərinin açılması məsələsində Azərbaycan və Rusiyanın eyni mövqedən çıxış etdiyi açıq göründü. Bu, heç də o demək deyil ki, Ermənistan-Azərbaycan münaqişəsində Rusiya tam olaraq Azərbaycanın tərəfindədir. Sadəcə iş elə gətirib ki, bu məsələdə Azərbaycan və Rusiyanın mövqeləri üst-üstə düşür. Üçtərəfli görüşdən sonra, Putin Paşinyanla görüşün media üçün açıq hissəsində çox mühüm bir fikir söylədi:
“Nəqliyyat marşrutları vacibdir. Bu bölgədə bütün ölkələrin iqtisadiyyatı, o cümlədən Rusiya üçün vacibdir. İnsanlar bunun açılmasından olan xeyri görən kimi, tamam başqa atmosfer olacaq”.
Bu sözlərdən sonra birmənalı olaraq nəticə çıxarmaq olar ki, Nikol Paşinyan üçtərəfli görüş zamanı rəhbərlik etdiyi Ermənistan hökumətinin nəqliyyat xətlərinin açılmasına etiraz etmədiyini, sadəcə olaraq ölkədə müxalifətin təbliğatı nəticəsində ictimaiyyətin bunun əleyhinə olmasını problem kimi qaldırıb və ehtiyat etdiyini deyib. Razılığın əldə edilməsi barədə üç liderin dediyi isə onu göstərir ki, İlham Əliyev və Vladimir Putin onu bu məsələdə cəsarətli mövqe nümayiş etdirməli olduğuna inandıra bilib. Bu məsələni ümumiləşdirsək onu deməliyik ki, Ermənistanda və Rusiyada erməni əsilli siyasətçilərin, media nümayəndələrinin Zəngəzur dəhlizinin yalnız Azərbaycan və Türkiyəyə sərf etdiyi və bunun nəticəsində Türk dünyasının birləşəcəyi, bu layihənin Rusiyanın əleyhinə olması kimi təbliğat kampaniyası tam iflasa uğradı və Putin dəhlizin Rusiya üçün mühüm əhəmiyyət kəsb etdyini konkret olaraq hamının diqqətinə çatdırdı.
Və son olaraq Soçi görüşündə hansı ifadələrin işlənmədiyi barədə.
Gözlənildiyi kimi İlham Əliyev nə “Dağlıq Qarabağ münaqişəsi”, nə də “Qarabağ münaqişəsi” ifadəsini işlətmədi. Ölkə prezidenti məsələni Ermənistan-Azərbaycan münaqişəsi kimi xarakterizə etdi ki, bu da onun müharibədən sonra Dağlıq Qarabağ münaqişəsi bitib bəyanatlarına tam uyğun idi və Azərbaycan ictimaiyyəti üçün sürpriz olmadı.
Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevlə təkbətək görüşü zamanı iki dəfə “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini işlətdi. Amma üç liderin görüşdən sonra bəyanatı zamanı o, “Qarabağ münaqişəsi” dedi. Ola bilər ki, bu, bir təsadüfdür və növbəti dəfələrdə yenə də “Dağlıq Qarabağ” deyəcək, amma bayaq da deyildiyi kimi, Putin səviyyəli siyasətçilərdə təsadüflər demək olar ki, olmur. Hər halda gələcəkdə onun bu münaqişə ilə bağlı işlədəcəyi ifadələr, bunun təsadüf olub-olmamasını göstərəcək. Amma maraqlısı odur ki, görüşü işıqlandıran Rusiyanın rəsmi telekanalları da kadr altında olan titrlərdə Dağlıq Qarabağ yox, Qarabağ münaqişəsi kimi qeyd edirdilər.
Liderlərin görüşün mətbuata açıq hissəsində olan çıxışlarında tam aydın göründü ki, Vladimir Putin və İlham Əliyev ATƏT-in Minsk qrupunun varlığını tam yaddan çıxarıblar və yenidən hafizələrində bunu bərpa etmək istəmirlər. Minsk qrupunun adını görüş zamanı bir dəfə təkcə Ermənistanın Baş naziri Nikol Paşinyan çəkdi və bundan sonra Minsk qrupunu bir daha yada salan olmadı.
Azərbaycan mövqeyindən çox vacib daha bir məsələ var. Yazının əvvəlində deyildiyi kimi, görüşün gündəliyində cəmi üç məsələ var idi və bunlar arasında Ermənistan tərəfinin əvvəllər sevərək təkrar etdiyi “xalqların öz müqəddəratını həll etməsinin vacibliyi”, “Qarabağda ermənilərə status verilməsi” məsələsi nəinki olmadı, onlar hətta şifahi olaraq gələcəkdə həll edilməli olan maddə kimi də yada salınmadı. Bu, onu göstərir ki, Azərbaycan ən azından yaxın gələcək üçün danışıqlar gündəliyindən həmin məsələləri çıxarıb. Qısa desək, status məsələsi Azərbaycanda artıq az qala xalq məsəlinə çevrilmiş ifadədə deyildiyi kimi “getdi….”.