Müraciətə hələ cavab verilməyib
Həkim Adil Qeybullanın hazırda məhbəsdə aclıq aksiyası keçirən Saleh Rüstəmovu müayinə etməsi üçün Penitinsiar Xidmətə müraciət edilib. Bu barədə vəkil Bəhruz Bayramov Meydan TV-yə məlumat verib:
“Noyabrın 26-da Penitensiar Xidmətə təqdim olunan müraciətimizdə Adil Qeybullanın gün ərzində Saleh Rüstəmovu müayinə etməsi üçün şərait yaradılmasını istəyirik. Hələ cavab almamışıq”.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-nin bu barədə sualına qısa cavab verib:
“Əgər müraciət olunubsa, deməli, çatıb. Cavab veriləcək”.
Bu gün eyni zamanda, Bəhruz Bayramovu və Saleh Rüstəmovun qardaşı Taleh Rüstəmovu ABŞ-nın Azərbaycandakı səfirliyinə də dəvət ediblər. Vəkil bu barədə məlumatı təsdiqləyib:
“Səfirlikdə Saleh Rüstəmovun son durumu barədə söhbət olub”.
Saleh Rüstəmov 21 gündür aclıq aksiyası keçirir. Vəkil onun durumunun ağır olduğunu bildirib.
S.Rüstəmovun azad olunması üçün QHT nümayəndələri və hüquq müdafiəçiləri dövlət başçısına müraciət ediblər. Eyni zamanda, hüquqşünaslar, jurnalistlər onun azad olunması üçün həmrəylik nümayiş etdiriblər.
Saleh Rüstəmov 1998-ci ildən Rusiyada yaşayıb.
2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gələn Rüstəmov Şəmkirdə saxlanılıb.
Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.
İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmov də eyni ittihamla saxlanılıb.
Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, onlar çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Amma Saleh Rüstəmov ittihamı rədd edib.
O bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub.
Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay azadlıqdan məhrum edilib.
Vidadi Rüstəmova isə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.