Onlar hakimiyyəti siyasi məhbus probleminə son qoymağa çağırıblar
“Gədəbəy rayonunun keçmiş icra başçısı, Qarabağ müharibəsi qazisi Saleh Rüstəmovun 17 gündür aclıq aksiyası keçirməsindən, onun sağlamlıq durumundan narahatıq”.
Bu fikirlər bir qrup ictimai xadimin yaydığı “Mövqe sənədi”ndə əks olunub.
Sənədi siyasi şərhçlər – Nəsimi Məmmədli, Xaqani Cəfərli, siyasətçi Ruslan İzzətli, hüquqşünaslar – Xalid Ağəliyev, Ələsgər Əhmədoğlu, Aslan İsmayilov, hüquq müdafiəçiləri – Akif Qurbanov, Bəşir Süleymanlı iqtisadçılar – Azər Mehdiyev, Rövşən Ağayev, jurnalistlər – Mehman Əliyev, Kamran Mahmudov, Seymur Kazımov və ictimai fəal Bəxtiyar Hacıyev imzalayıb.
Onlar bildiriblər ki, Saleh Rüstəmovun aclıq aksiyası keçirməsi artıq onun sağlamlıq durumu ilə bağlı ağır fəsadlar yaradıb, onun həyatına real təhlükələr yaranıb.
Sənəd müəllifləri Azərbaycanda indiyə qədər 11 Aministiya Aktının qəbul edilməsinə və 67 Əfv sərəncamının imzalanmasına diqqət çəkiblər:
“Bu sənədlərin tətbiq edildiyi işlərin əksəriyyətinin analizi göstərir ki, mövcud məhkəmə-hüquq sistemi ciddi problemlidir. Belə işlərin çoxu həmin problemlərin “məhsuludur”. Həm də bu sistemin problemlərinin nəticəsidir ki, hələ də ölkəmizdə siyasi məzmunlu həbslər baş verir, “vicdan məhbusları” problemi qalmaqda davam edir. Bu problemlərdən təkcə daxili ictimai-siyasi durum neqativ təsirlənmir, eyni zamanda beynəlxalq sferada ölkəmiz üçün gərginlik mənbəyi rolu oynayır”.
Bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycandan göndərilmiş şikayətlər üzrə verdiyi qərarlar da məhkəmə sistemindəki problemləri aydın göstərir: “Bu qərarlar siyasi düşüncələrinə, baxışlarına görə həbsələrin ölkəmizdə yayğın olmasını, yerli məhkəmələrin qərarlarının ciddi çatışmazlıqlarla qəbul edildiyini təsdiqləyir. Siyasi baxışlarına görə insanların təqib edilməsi, çıxarılan şübhəli məhkəmə qərarları – bunların bir yerdə beynəlxalq arenada yaratdığı neqativ baxış, dolayısı ilə, Azərbaycanın başlıca problemləri, o cümlədən, Qarabağ məsələsi ətrafındakı siyasi-diplomatik sürəci də mənfi təsirləndirir”.
Sənəd müəllifləri qeyd ediblər ki, bütün bunların fonunda ədalətsiz məhkəmə qərarları ilə çoxsaylı təqsirsiz insanların, eləcə də, Saleh Rüstəmovun hələ də həbsdə saxlanılması, onun aclıq aksiyası keçirməsi, sağlamlığına həyati təhlükənin yaranması, habelə, yeni təqib olaylarının baş verməsi, ölkənin firavan gələciyini arzulayan, bunun üçün çalışan, bu yolda bütün səy və addımları dəstəkləyən adamları ciddi narahat edir:
“Ona görə də bütün siyasi və vicdan məhbuslarının, xüsusilə də Saleh Rüstəmovun tezliklə azad edilməsi, “siyasi məhbus” problemini doğuran səbəblərin ortadan qaldırılması, vətəndaş cəmiyyəti qurumlarına əlverişli qanuni mühitin yaradılması, ifadə azadlığının təmin edilməsi, özəlliklə, məhkəmə-hüquq sahəsində islahatlara başlanması, ölkəmizin firavan, mütərəqqi gələcəyi naminə ən başlıca addımlardan olardı”, – deyə sənəd müəllifləri qeyd ediblər.
Noyabrın 19-da hüquq müdafiəçiləri, jurnalistlər və ziyalılar dövlət başçısı İlham Əliyevə oxşar müraciət ediblər. Ancaq hələ reaksiya yoxdur.
Saleh Rüstəmov 17 gündür aclıq aksiyası keçirir. Oğlu və vəkili onun durumunun ağır olduğunu bildirib.
Saleh Rüstəmov 1998-ci ildən Rusiyada yaşayıb.
2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gələn Rüstəmov Şəmkirdə saxlanılıb.
Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.
İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmov də eyni ittihamla saxlanılıb.
Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, onlar çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Amma Saleh Rüstəmov ittihamı rədd edib.
O bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub.
Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay azadlıqdan məhrum edilib.
Vidadi Rüstəmova isə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.