Vəkil: “Cinayət işi geri qaytarılmalı, Elşən Cəbrayılov da istintaqa cəlb olunmalıdır”
Sentyabrın 30-da həbsdə vəfat edən sabiq deputat Rəfael Cəbrayılovun xanımı Aidə Cəbrayılova mərhum ərinin qardaşına görə həbs edildiyini deyir.
“Rəfael Cəbrayılov özü də Baş Prokurora məktubunda bu haqda yazmışdı. Zərərçəkən kimi tanınan adamların şikayəti əslində, qardaşı Elşən Cəbrayılovdan olub. Amma istintaq bunları nəzərə almayıb”, – noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum həyat yoldaşının işi üzrə məhkəmədə çıxış edən Aidə Cəbrayılova bildirib.
O, məhkəmədə Rəfael Cəbrayılovun hüquqi varisi qismində tanınıb və bundan sonra prosesdə onu təmsil edəcək.
Zərərçəkmişin vəkili Kamandar Nəsibov bildirib ki, mərhum Rəfael Cəbrayılov onun özünə də pulların qardaşı Elşən Cəbrayılovda olduğunu deyib:
“Rəfael müəllim bir neçə dəfə bizim ofisə gəlmişdi. Deyirdi ki, pulların əksəriyyəti qardaşı Elşəndədir”.
Kamandar Nəsibov cinayət işinin istintaqa qaytarılmasını istəyib:
“Çünki bu cinayət işində ağırlaşdırıcı hallar ortaya çıxır. Ona görə də cinayət işi geri qaytarılmalı, Elşən Cəbrayılov da istintaqa cəlb olunmalıdır”.
Vəkil əlavə edib ki, Elşən Cəbrayılovun əmlakların çoxu xaricdədir.
Mərhum Rəfael Cəbrayılov özü də məhkəmədə çıxış edərkən qardaşını ittiham etmişdi.
Vəkillər xahiş edib ki, təqsirləndirilən şəxsin hüquqi varisi Aidə Cəbrayılova ifadə versin. Məhkəmə razılaşıb.
Dekabrın 2-də keçiriləcək növbəti məhkəmə iclasında mərhum deputatın xanımı ifadə verəcək.
Milli Məclisin III, IV və V çağırış (2005-2019) deputatı olmuş Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunurdu. Keçmiş deputatın işi üzrə ümumilikdə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında Bakıda hündürmərtəbəli binaların tikintisi ilə məşğul olan, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov, bir sıra məhkəmə qalmaqallarında adı hallanan lombard sahibi Məlahət Qurbanova və digərlərinin adları var.
Rəfael Cəbrayılovun adı bundan əvvəl də müxtəlif qalmaqallarda hallanıb. 2019-cu ildə məlum olmuşdu ki, Rəfael Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyub. Bu məsələ üzə çıxandan sonra Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etdi. 2019-cu ilin sentyabrında MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi.
O zaman məlum olmuşdu ki, deputat ev tikmək üçün 300 min dollar notarial qaydada borc alıb. Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Məhkəmədə ittihama münasibət bildirən Rəfael Cəbrayılov özünü təqsirli bilmədiyini, heç kimə qarşı dələduzluq etmədiyini demişdi. O, həbsinə görə qardaşını günahlandırırdı.