“Qızın hamilə olduğu məlum olandan sonra uşaq məktəbdən yayındırılaraq evdə saxlanılıb”
Azərbaycanda 11 yaşlı uşaq ana olub. O, 31 həftəlik hamiləliklə Respublika Klinik Xəstəxanasına gətirilib. Oktyabrın 29-da uşaq qeysəriyyə əməliyyatı ilə götürülüb və ana reanimasiyaya, uşaq isə neonotologiya şöbəsinə yerləşdirilib.
Xəstəxananın adının açıqlanmasını istəməyən əməkdaşı Meydan TV-yə bildirib ki, 11 yaşlı qız 1.900 qramlıq qız uşağı dünyaya gətirib. Hər ikisi həkim nəzarətindədir və vəziyyətləri qənaətbəxş deyil.
Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə Meydan TV-yə deyib ki, 11 yaşlı qız təcavüzə uğrayıb: «Əlbəttə, cinayət işi də açılacaq, cinayətkar da tutulacaq. Amma ən böyük cinayətkar ailədir. O ailə nə vəziyyətdə olmalıdır ki, 31 həftəlik hamiləliyi, uşağın burnuna dəyən qarnını görməsin. Ən böyük cəza ailənin olmalıdır. Hazırda cəza çəkən isə uşaqdır».
Ailəni yaxından tanıyanlardan biri, adının açıqlanmasını istəməyən şəxs Meydan TV-yə danışıb ki, 11 yaşlı uşağın anası Saatlıdan İmişliyə gəlin köçüb, ailənin bir qızı, bir oğlu var, həyat yoldaşı illər əvvəl vəfat edib. Həyat yoldaşının vəfatından sonra onun tanışı ilə qeyri-rəsmi yaşayıb. Uşağa da həmin şəxs tərəfindən təcavüz olunduğu güman edilir: «Kişi ailəlidir, 19 yaşında oğlu var. Qızın hamilə olduğu məlum olandan sonra uşaq məktəbdən yayındırılaraq evdə saxlanılıb. Ağrısı tutandan sonra nənəsi tərəfindən rayon xəstəxanasına aparılıb, həkimlərdən heç kimə məlumat vermədən doğuzdurulmasını xahiş edib. Həkimlər isə azyaşlı olduğundan dərhal polisə məlumat veriblər, qızın Bakıya aparılması tövsiyə edilib. Uşaq doğulandan sonra nənə körpədən imtina edib. Ailə körpədən rəsmi imtina etsə, uşaq dövlət müəssisələrindən birinə yerləşdiriləcək».
İmişli Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma nəticəsində müəyyən olunub ki, uşağı bu ilin mart ayında naməlum şəxs zorlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3 (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3 (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən də Meydan TV-yə bildirilib ki, Rayon Mərkəzi Xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlara münasibət bildirib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu “Report”a açıqlamasında deyib ki, artıq bununla bağlı araşdırmalara başlanılıb.
“Bununla bağlı Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiyaya, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə rəsmi müraciət olunub. Artıq araşdırmalara başlanılıb və aidiyyatı qurumlarla birlikdə iş aparılır”.
Azyaşlının uşaq dünyaya gətirməsi hansı fəsadlara yol açır? Meydan TV məsələyə həkim-ginekoloqun münasibətini öyrənib. Məsələ ilə bağlı adının açıqlanmasını istəməyən həkim deyib ki, erkən hamiləliyin fəsadları çoxdur: “Elm adamları sübut ediblər ki, erkən hamiləlik uşaqlıqboynu xərçənginin əmələ gəlmə səbəblərindən biridir. İkincisi, uşağın orqanizmi yetişkın orqanizm deyil. Ona görə də hamiləlik dövründə bütün daxili orqanları zərər görüb, hətta gözlərindən tutmuş qaraciyər, böyrəklərə qədər hər birində zamanla problemlər meydana çıxacaq. Ona görə nikah yaşı 18 yaş hesab edilir ki, həmin yaş dövründə orqanizm hamiləliyə hazır olur”.
11 yaşlı qızın necə hamilə qalmasına gəlincə, həkim bunun da mümkünlüyündən danışıb:
“İsti ölkələrdə cinsi yetişkənlik daha tez başlayır. Məsələn, Azərbaycanda cinsi yetişkınlik 10-12 yaşından, Rusiya kimi ölkələrdə isə 12-14 yaşdan başlayır. Buna görə də hamiləlik mümkündür. Təxminən 2 il əvvəl də belə bir hadisə qeydə alınmışdı, 12 yaşı tamam olmamış qız əməliyyatla uşaq dünyaya gətirmişdi».
Respublika Klinik Xəstəxanasından axşam saatlarında Meydan TV-yə bildirilib ki, 11 yaşlı ananın vəziyyəti dəyişməz qalıb, qənaətbəxş deyil.