“Azərbaycanda peyvəndlənmək könüllü xarakter daşıyır”
“Əhliman Əmiraslanovun dediklərinin heç bir qanuni əsası yoxdur. Çünki peyvəndlənmək icbari olmadığına və könüllü xarakter daşıdığına görə ondan imtina edənləri ayrı-seçkiliyə məruz qoymaq qanunsuzdur”.
Deputat Əhliman Əmiraslanovun fikirlərini şərh edən hüquqşünas Yalçın İmanov Meydan TV-yə belə deyib.
Əhliman Əmiraslanov: “Peyvənddən imtina edən şəxslər dövlət hesabına müalicə olunmayacaq”
Milli Məclisin oktyabrın 29-da keçirilən plenar iclasında səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, peyvənddən imtina edən şəxslər dövlət hesabına müalicə olunmayacaq: “Koronavirus əleyhinə peyvənddən imtina edən və bu xəstəliyə tutulan şəxslərin müalicəsinin dövlət hesabına qarşılanması məsələsi gündəmdə deyil və gələcəkdə necə olacağını bilmirəm”.
O, həmçinin Prezidentin sərəncamı ilə icbari tibbi sığorta xidmətlərindən pulsuz yararlanan siyahıdakı şəxslərin (pensiya alanlar, şəhid ailələri, hamilələr, uşaqlar, tələbələr və s.) xidmətlər zərfinə aid olan 1500 pullu xidmətlərdəki istifadə qaydalarına da aydınlıq gətirib: “Bu məsələ aidiyyəti qurumlarla müzakirə olunub. Əminliklə bildirilib ki, dövlət büdcəsindən sığortası qarşılanan şəxslərin müalicələri bundan sonra da pulsuz olaraq davam edəcək”.
Yalçın İmanov isə deyir ki, bu çıxış daha çox peyvəndlənməyə məcbur etmək, əslində, zorən təşviq etməkdir: “Bu da özlüyündə yanlışdır, çünki dediyim kimi, Azərbaycanda peyvəndlənmək könüllü xarakter daşıyır. Düzdür, peyvənd olunmayanların qapalı zonalara daxil olması, müəyyən xidmətlərdən istifadəsi və s. mümkün deyil. Amma vətəndaşı səhiyyə xidmətindən məhrum etməklə hədələmək, bu, sadəcə, qanunsuzdur”.
Vətəndaş səhiyyə xidmətlərindən məhrum edilə bilərmi?
“Əhalinin Sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa görə, hər bir Azərbaycan vətəndaşının sağlamlığını qorunmaq və tibbi yardım almaq hüququ var. Üstəlik, dövlət tibb müəssisələrində tibbi xidmət pulsuzdur: “Xəstələndikdə, əmək qabiliyyətini itirdikdə və digər hallarda vətəndaşların tibbi-sosial yardım almaq hüququ var”.
Bu il sentyabrın 1-dən Azərbaycanda iri ticarət mərkəzinə və habelə ali məktəblərə girişdə də COVID-19 pasportu tələb edilir.
Əslində könüllü olduğu deyilən prosesdə zaman-zaman məcburetmə hallarına rast gəlinir. Məsələn, oktyabrın 1-dən etibarən immunitet sertifikatı və COVID-19 pasportu olmayan sürücülərin reysdə iştirakına icazə verilmir, yaxud müəllimlərdən, tələbələrdən peyvəndlənmək tələb olunur.
Əks halda, onlar universitetə, məktəbə buraxılmır. Bu da əslində könüllülük prinsipinə ziddir.