Deputat: Tək mədəniyyət deyil, digər sahələrdə də vəziyyət acınacaqlıdır

“Fəxri adlar çox vaxt siyasi konyekturaya görə verilir”

Mədəniyyət Nazirliyi fəxri adların verilməsi ilə bağlı yeni qaydalar hazırlayır.

Bu barədə nazirliyin İncəsənət şöbəsindən Meydan TV-yə məlumat verilib.

Yeni qaydalarda “Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə” prioritet götürüləcək.

Bildirilib ki, yeni qaydalara əsasən, obyektivlik qorunacaq, adlar layiq olana veriləcək.

Fazil Mustafa: “Titul xəstəliyi Azərbaycanı çox acınacaqlı vəziyyətə salıb”

Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Fazil Mustafa Meydan TV-yə açıqlamasında deyir ki, nazirlik fəxri adların verilməsi prosedurunu mürəkkəbləşməlidir.

Onun sözlərinə görə, fəxri adlar əsl sənət nümayiş edən ifaçılara təqdim olunmalıdır: “Nazirliyin ad verilməsi məsələsinə subyektiv yanaşması, cəmiyyətdə şübhələr doğurur. Hansısa bir şəxsə adın pulla verilməsi, yaxud məmurun himayəsində olduğu üçün ad alması fikrini yaradır. Fəxri adlar çox vaxt siyasi konyekturaya görə verilir. Tutaq ki, hansısa müğənni hökumət tədbirində iki dəfə oxuyubsa, özünü artıq İspaniyada, yaxud da Avstriyanın hansısa opera səhnəsindəki kimi hiss edir. Bu da olduqca narahatedici nəticələr doğurur və sənətin inkişafına mənfi təsir göstərir. Siyasət dəyişməlidir. Mədəniyyət Nazirliyi şlaqbaumları bir az artırmalıdır ki, hər adam istədiyi maşınla istədiyi yolda sürmək lüksünə sahib olmasın. Sıradan beş konsert vermək, hansısa məmurun himayəsində olmaqla fəxri ad ala bilməsinlər. Ümumiyyətlə, titul xəstəliyi Azərbaycanı çox acınacaqlı vəziyyətə salıb. Türkiyədə heç kimin fəxri adı yoxdur. Orada dövlət sənətçisi var. Bu adı xalq musiqisi və başqa sahələrdə uzun illər çalışanlara verirlər. Çünki bu sənət sahələri çox da gəlir gətirən olmur. Bizdə isə estrada, yaxud şou-biznes adamı rahatlıqla xalq artisti adı ala bilir”.

Fazil Mustafa
Fazil Mustafa

Fazil Mustafa bildirib ki, tək mədəniyyət deyil, digər sahələrdə də vəziyyət acınacaqlıdır: “Eyni hal elm sahəsində də var. Akademik adı alanların xeyli hissəsinin irsi, məqaləsi, kitabı, dünyaya çıxacaq sanballı avtoriteti yoxdur. Elmdə sanki bir kvota yaradılıb. Hansısa sahədə yer boşalan kimi mütləq ora layiq olmayan biri müxbir üzv seçilməlidir. Boşluqdursa, kənardan, çöldən-bayırdan kimisə tapıb adı kiməsə pərçimləyirlər. Bu, böyük bir xəstəlik əlamətidir. “Xalq artisti”, “Xalq şairi”, “Xalq yazıçısı“, “Xalq rəssamı” adları dalınca düşən böyük bir rəqabət mühiti görürsən. Bu adları olmayanların da kərbəlayi, məşhədi, ya da hacı adı var. Biz hələ də sovet ənənəsindən qurtula bilməmişik. Ad xəstəliyindən qurtulub, sənəti, ədəbiyyatı xilas etmək lazımdır. Yazıçıları, şairləri, sənət adamlarını, aktyorları sənət arxasınca getmək enerjisindən yayındırıb, titul, medal dalınca yönləndiririk. Toyda oxuyana da deyirlər ki, gəl, sənə xalq artisti adı verək. Ona görə də dünya miqyasına ədəbiyyat çıxara bilmirik. Ona görə də rəssam Tahir Salahovun gəldiyi mərtəbəyə çatmırıq. Bəstəkarlar Qara Qarayevin, Fikrət Əmirovun qalxdığı zirvəyə qalxa bilmirik. Universitet professoru da titul alandan sonra məqalə, kitab yazmır. Yazdıqları da ölkə hüdudlarından kənara çıxacaq, yaxud maraq doğuracaq mahiyyətdə olmur. Plagiat da kifayət qədər genişlənib. Hamı bir-birindən köçürür. Evdə bozbaş bişirənlər də, heç bir savadı olmayan müəyyən məmur, yaxud alim övladları da elmlər namizədirir. Amma ortada elm yoxdur”.

Əli Mirəliyev: “Fəxri adlardan imtina etmişik”

“72 yaşım var. Mənə adın verilməsini gözləmirəm və istəmirəm. Akif İslamzadə ilə mən on beş-iyirmi il əvvəl fəxri adlardan imtina etmişik”, – müğənni Əli Mirəliyev Meydan TV-yə belə deyib.

“Fəxri adlar öz çəkisini itirib. Əgər mənə Azərbaycan respublikasının sənətçisi və yaxud solisti, vokalisti adını versələr, qəbul edərəm. Artisti qəbul etməyəcəyəm. Fəxri ada layiq olmaq üçün toylar göstərici deyil. Habil Əliyev, Arif Məlikov da xalq artistləri idi. Onların ardınca birdən-birə gəlir, Aygün Kazımova, Röya, Faiq Ağayev. Onları necə müqayisə edək? Şəxsən mənə ad yox, Prezident təqaüdü lazımdır (Fərdi Prezident təqaüdü 1450 manat olmaqla dövlət büdcəsi hesabına verilir-red). Xalq məni ona görə çox istəyir ki, saray müğənnilərindən deyiləm. Bəzi insanlar deyir ki, fəxri adı birinci şəxs verib. Yuxarıda oturanlar fəxri ada təqdim olunanları heç tanımırlar. Adları orada oturan musiqi üzərindən dəllallıq edib, pul qazananlar verir. Fəxri adları on beş-iyirmi min manata satırlar”, – deyə o bildirib.

Faiq Sücəddinov

Faiq Sücəddinov: “Fəxri adların ləğv edilməsinin əlayhinəyəm”

Xalq artisti, bəstəkar Faiq Sücəddinov fəxri adların verilməsi ilə bağlı narazılıq və rəqabətin bütün dövrlərdə olduğunu deyir: “1970-ci ildə Heydər Əliyev kürsüyə gələndə, musiqi sahəsinin bütün simalarını bir yerə yığdı, söhbət etdi. Onların bəziləri bir-biri ilə danışmırdılar. Fikrət Əmirov Qara Qarayevlə küsülüydü. Niyazi də kiminləsə danışmırdı. Çıxış yolu fəxri adların ləğv edilməsidirsə, bunu doğru saymıram, hətta əleyhinəyəm. Fəxri ad adamı daha da ruhlandırır. Kiməsə ad verməyiblərsə, deməli, gələcəkdə alacaq. Vacib olan verilən adı saxlamaq, ona layiq olmaqdır”.

Oktyabrın 16-da Prezident İlham Əliyevin imzaladığı növbəti sərəncamla bir sıra mədəniyyət və incəsənət xadiminə “Xalq rəssamı“, “Əməkdar artist”, “Əməkdar rəssam”, “Əməkdar mədəniyyət işçisi” adı verilib. 

Siyahıda müğənnilər Xəyyam Nisanov və Elton Hüseynəliyev də olub.

Müğənni Nadir Qafarzadə buna narazılığını bildirib.

İllərdir sənətdə olsa da, fəxri adının olmamasından gileylənib.

Ana səhifəSiyasətDeputat: Tək mədəniyyət deyil, digər sahələrdə də vəziyyət acınacaqlıdır