“Virusdan ölənlərin 99 faizi vaksin olunmayanlardır”
“Azərbaycanda bu günədək 6 milyon doza vaksin istifadə edilib. Bu o deməkdir ki, əhalinin 24 faizi tam vaksin olunub”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərərgahın 20 avqustda keçirilən brifinqində belə deyib.
O, son zamanlar Azərbaycanda virusa yoluxanların sayının artdığını bildirib.
Yaqut Qarayeva deyib ki, avqustun əvvəli yoluxma 7 faiz idisə, bu gün 23 faizdir: “20 gün ərzində artım sürətlə gedib. Bu gün 18 pandemiya müəssisəsi fəaliyyətdədir. 11-i Bakı-Sumqayıt, Abşeronda, qalan 7-si regionlardadır. Ehtiyat tibb müəssisələrimiz də var. Onların sayı 40-a yaxındır. Ehtiyac olarsa, istifadə ediləcək. Biz artıq çox ciddi şəkildə qaydalara riayət olunmasına diqqət etməli, yenidən qaydalara qayıtmalıyıq. Ehtiyat tibb müsəssisələrinə arxayınlaşmamalıyıq. Bunlar rayonlardakı mərkəzi xəstəxanalardır. Biz onları COVİD-ə bağlasaq, digər xəstələrlə bağlı problem yaşayacağıq. Üstəlik, hər pandemiya xəstəxanası açıldığı zaman orada çalışmağa tibb işçisi lazımdır. Personalın çatışmazlığı, yorğunluğu da var. Onsuz da bir ildən artıqdır ki, çox çətin şəraitdə çalışırlar”.
Yaqut Qarayeva bildirib ki, hər bir xəstəliyin profilaktikası onun müalicəsindən yaxşıdır.
Onun sözlərinə görə, bu gün cəmiyyətdə vaksin vurdurmaqdan çəkinənlər var, narahatdırlar: “Bu, 0,5 – 1 milli məhluldur. COVİD-ə yoluxan ağır problemlərlə, çətinliklə üzləşir. Bir çox dərman preparatı qəbul etmək məcburiyyətində qalırlar. Vaksin isə ondan qat-qat kiçik bir dozadır”.
Yaqut Qarayeva qeyd edib ki, martdan bu günədək yoluxan insanların arasında 96 faizi peyvənd olunmayanlardır. Onun deməsinə görə, statistika ağır vəziyyətdə olan xəstələr arasında aparılıb: “Reanimasiyaya düşüb, süni tənəffüz aparatına qoşulan xəstələrin arasında isə 97 faiz vaksin olunmayanlardır. Təəssüf ki, vəfat edən xəstələrin içində də 99 faiz vaksinasiya olunmayan vətəndaşlardır. Bunlar ciddi rəqəmlərdir. Vaksinasiya 100 faizlik qoruma deyil. Bunu hamı deyir. Vaksinasiya olunmuş şəxslərin arasında 0,6 faizində kritik vəziyyət və yoluxma müşahidə olunub”.
Yaqut Qarayeva bildirib ki, virus infeksiyalarında mutasiyalar aşkarlandığı zaman mövsümi xarakter daşıyır: “Biz hazırda bilirik ki, respublikamızda yayılan ştam “Delta” ştammıdır”.
Onun sözlərinə görə, “Delta” ştammı ölkədə yoluxanların sayının artımına səbəb olur.
Dünya təcrübəsinə gəlincə, Yaqut Qarayeva bildirib ki, bu gün bütün dünyada 789 milyon doza vaksin vurulub. Ən çox vaksin vurulan ölkələr isə Amerika, İsrail, Almaniyadır: “Dünyada koronavirusa yoluxanların sayı 210 milyonu, həyatını irirənlər isə 4 milyonu keçib”.
Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə deyib ki, son zamanlar yoluxanların sayının artması cəmiyyətdə narahatlıq yaradıb. Ancaq hələlik tibb müəssisələrində hər hansı çarpayı çatışmazlığı qeydə alınmayıb. Ona görə ciddi qapanmalara getmək müzakirə edilmir: “Hələ ki məhdudiyyətə getməyə ehtiyac yoxdur. Xəstələnənlər səhiyyə sistemi tərəfindən qəbul edilir və müalicə oluna bilir. Gələcəkdə səhiyyə sistemi təzyiq altına düşərsə, xəstəxanalar dolarsa, daha çox ölüm olarsa və s. növbəti məhdudlaşdırıcı addmlar atılacağı müzakirə ediləcək”.
Şahmar Mövsümov bildirib ki, hazırda virusdan qorunmanın tək yolu peyvəndlənmədir: “Peyvənd effektivdir, rəqəmlərdən də görünür. Peyvəndləməyə elmi məqalələrə, işlərə əsaslanaraq başlanıb. Bütün ölkələr də bunu edirdi. O vaxt əlimizdə heç rəqəm də yox idi. İndi isə əlimizdə konkret rəqəmlər var. 99 faiz ölənlər vaksin olunmayanlardır. Vaksin vurdurub xəstəliyə yoluxanlar isə 0,6 faizdir. Vaksinin effektli olması artıq kimsədə şübhə doğurmamalıdır”.
Şahmar Mövsümov saxta pasport alan, vaksin etməyib kağız verən həkimlərin də olduğunu deyib.
O bildirib ki, bəzən reanimasiyaya düşən ağır xəstə olur: “Baxırıq ki, COVİD pasportu var. Həmin insanlarla, onların yaxınları ilə sorğu-sualdan sonra məlum olur ki, həmin pasportlar saxtadır. Həmin şəxslər özləri pul verib, öz həyatlarını təhlükəyə atıblar. Bunlar araşdırılır, tez-tez də ictimailəşdirilir. Bu insanlar barəsində cinayət işləri açılır. Hətta həkimlər və kiçik tibbi personal arasında məsuliyyətə cəlb olunanlar da var. Bu, dövlətin siyasətinə xələl gətirmək, statistikanı pozmaqdır. Bununla mübarizə davam edir”.
Həftə sonu nəqiyyatın hərəkətinin bərpasına gəlincə, Şahmar Mövsümov deyib ki, bu məhdudlaşdırmanın səbəbi aktivliyi aşağı salmaqdır və sentyabra qədər belə davam edəcək: “Həftəsonu ictimai nəqliyyatın bərpası ilə bağlı müzakirə aparılmır”.
Sentyabrın 1-dən ticarət mərkəzləri, ictimai iaşə obyektləri və mehmanlxanalara COVİD pasportu ilə daxil olunacaq. Ali təhsil müəssisələrində də 18 yaşdan yuxarı tələbələr COVİD pasportu olmadan içəri buraxılmayacaqlar.
Sentyabrın 1-dən Azərbaycanda tətbiq ediləcək məhdudiyyətlərə gəlincə, bu haqda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib.
O bildirib ki, gələn aydan kafe, restoran, şadlıq evləri, otellərdə COVİD pasportu yoxlanacaq. Bu prosesin operativ həyata keçirilməsi üçün ASAN Xidmət mobil tətbiq hazırlayıb: “Həmin obyektlərin sahibləri video-təlimatla bilgiləndirilib. Bundan isitifadə edə biləcəklər. Proqram vasitəsilə vətəndaşların COVİD pasportu yoxlanacaq. Bu həm kağız formasında olan QR kodlu pasport vasitəsilə, həm mobil telefondakı pasportun şəkli vastəsilə, həm də şəxsiyyət vəsiqəsinin nömrəsi ilə yoxlana biləcək”.
“İctimai nəqliyyatda tibbi maskalardan istifadə edilməmə halları var”, – bunu isə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev deyib.
DİN sözçüsü vətəndaşlara və daşıyıcı şirkətlərə müraciət edib: “Sürücülərin hər birinə tibbi maskadan istifadə ilə bağlı təlimatlar versinlər. Tibbi maskadan istifadə etməyənlər həmin avtobusa buraxılmasınlar. Vətəndaşlarımız isə tibbi maska istifadə etmədən avtobusa daxil olmasınlar”.
Elşad Hacıyev deyib ki, bütün ticarət obyektlərinin monitorinqini həyata keçirən şəxslər mülki və polis formasında həmin obyektlərə daxil olacaqlar: “Hətta idiyə qədər də ticarət məkəzlərində qayda pozuntusu halları aşkar olunub. İyulun 1-dən bu günə qədər 4 865 toy şənliyinin monitorinqi həyata keçirilib. Buradakı mənzərə bir o qədər də ürəkaçan olmayıb. Bu dövr ərzində 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallar məhkəmələrə göndərilib. Toya gedən 46 899 nəfərin COVID-19 pasportu olmayıb. Onlar arasında xəstələr də olub”.
Elşad Hacıyev əlavə edib ki, həmin obyekt sahibləri bilsinlər ki, barələrində görülən tədbirlərdən nəticə çıxarmayıblarsa, həmin obyektin fəaliyyətinin dayandırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər ağır cəzaların verilməsi nəzərdə tutulur: “Eyni zamanda sentyabrdan bütün ticarət obyektlərinin qarşısına polisin qoyulması nəzərdə tutulmur. Bu iş həmin sahibkara tapşırılacaq. Monitorinq qrupları həmin yerlərdə monitorinqlər keçirəcəklər. Əgər hər hansısa qanun pozuntusu aşkar edilərsə, məsuliyyət həmin obyekt sahibinin üzərinə düşəcək”.