Mehman Əliyev: Qeyri-peşəkar biri mənə qanunu və necə yazmağı öyrədəcək?

“Açıqlasınlar görək, hansı media orqanlarına dəvət göndərilib, kimlərin rəy və təklifləri olub?”

Source: Specify Source


Ələsgər Məmmədli: "Mümkün qədər mətbuatın fəaliyyətinə az müdaxilə edilməlidir"

Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanır.

Bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov aprelin 9-da jurnalistlərə məlumat verib.

O bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin "media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 12 yanvar tarixli fərmanının ikinci hissəsinə uyğun olaraq, hazırlanır və yekunlaşmaq üzrədir.

İsmayılov deyib ki, yeni qanunda media subyektləri tərəfindən verilən rəy və təkliflər də nəzərə alınacaq: “Bu proses qısa bir zamanda yekunlaşandan sonra qanun layihəsinin yekun variantı təqdim olunacaq!”.

Media hüququ üzrə ekspert Ələsgər Məmmədli Meydan TV-yə layihə ilə tanış olmadığını deyib.

Dediyinə görə, dəvət edilsə də, xəstə olduğundan iştirak edə bilməyib.

Ələsgər Məmmədli hesab edir ki, əvvəlcə yeni qanunun qəbul olunmasını zəruri edən səbəb göstərilməlidir: “Çünki qüvvədə olan qanunvericilik Azərbaycan Avropa Şurasına üzv olarkən tamamilə yeniləndi və beynəlxalq standartlara uyğunlaşdırıldı. Ona uyğun şəkildə də “Televiziya və radio yayımı haqqında" Qanun qəbul edildi. Bu baxımdan yeni qanun layihəsinin hansı zərurət və ehtiyacdan gündəmə gətirilməsi aydın deyil və əsaslandırılmayıb".

Medianın yeni qanuna ehtiyacının olub-olmadığına gəlincə, hüquqşünas hesab edir ki, mümkün qədər mətbuatın fəaliyyətinə az müdaxilə edilməlidir: “Onsuz da son 20 ildə media haqqında qanunvericiliyə Avropa təcrübəsinə zidd olan dəyişikliklər, həmçinin Avropa İnsan Haqları Məhkəməsinin tələblərinin nəzərə alınmadığı neqativ əlavələr edilib. Həmin əlavə və dəyişikliklər qanunvericiliklərdən çıxarılmalıdır. Buraya məhkəmə qərarı olmadan onlayn resursların bloklanması və digər normalar da daxildir. Yəni xeyli sayda problemlər var ki, onlar qanundan çıxarılmalıdır. İlk növbədə Avropa Məhkəməsinin Konvensiyanın 10-cu maddəsinə əsasən, Azərbaycanın əleyhinə çıxardığı qərarlar incələnməli, cinayət hüququna yenilənmələr gətirilməlidir. Qanunvericilik elə tənzimlənməlidir ki, medianın fəaliyyətinə müdaxilə edilməsin".

“Turan” İA-nin direktoru Mehman Əliyev deyir ki, yeni qanun layihəsi ictimai müzakirəyə təqdim edilməlidir: "Yeni hazırlanan layihə əvvəlcə rəsmi mətbuatda dərc olunmalı, ictimai müzakirəyə çıxarılmalı və bütün mətbuat orqanlarına təqdim edilməlidir. Yalnız bundan sonra media subyektlərindən təkliflər istəməliydilər. Açıqlasınlar görək, hansı media orqanlarına dəvət göndərilib, kimlərin rəy və təklifləri olub? Şəxsən mən həmin layihəni görməmişəm. Halbuki 2000-ci ilin əvvəlində “KİV haqqında” Qanun qəbul olunanda ciddi müzakirələr açıldı, Milli Məclisin müvafiq komissiyası dəfələrlə toplantı təşkil edib bizi də çağırdı, amma indi heç nə yoxdur. Məncə, hökumət yeni layihədə media siyasətini sərtləşdirmək istəyir. Ümumiyyətlə, son 20 ildə belə cəhdlər olub, saytların bloklanması da bu sıradadır. İndi informasiya istehsalçılarını qanun çərçivəsinə salıb idarə etmək niyyətindədirlər. Ona görə yeni qanun media haqqında yox, informasiya istehsalı adlanmalıdır”.

Mehman Əliyevin qənaətincə, MEDİA, sadəcə, KİVDF-nin davamıdır: “Adını dəyişiblər, əvvəlki siyasəti və mediaya münasibəti olduğu kimi saxlayıblar. Media sahəsində qeyri-peşəkar bir adam gəlib mənə qanunun necə olmasını və mətbuatın necə yazmasını öyrətməlidir? Bu, anormal vəziyyətdir. Təəssüf ki, Azərbaycanda bütün idarəçilik sistemi belədir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyində bu sahəni bilməyən adamı otuzdurublar, amma belə olmamalıdır. Məsələ ondadır ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yarananda əsasnaməsində azad mətbuat, azad söz, müstəqil media və yaxud medianın dayaqlarının gücləndirilməsi kimi müddəalar əksini tapmışdı, amma Medianın İnkişafı Agentliyinin əsasnaməsində və dövlət başçısının fərmanında bunlar yoxdur. Bu, o deməkdir ki, hökumətin qarşısında həmin məqsədlər yoxdur və yeni qanun da ona uyğun hazırlanacaq”.

Azərbaycanda “Kütləvi informasiya vasitələri haqqında” Qanun 1999-cu ilin dekabrında qəbul edilib.

2000-ci ilin fevralında imzalanaraq hüquqi qüvvəyə minib.

2001-ci ildə Azərbaycanın Avropa Şurasına üzvlüyü ilə əlaqəli olaraq qanuna ciddi dəyişikliklər edilib.

Ana səhifəSiyasətMehman Əliyev: Qeyri-peşəkar biri mənə qanunu və necə yazmağı öyrədəcək?