"Qubad İbadoğlu: "Elman Rüstəmov etiraf edib ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır"
“Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Mərkəzi Bankın diqqət mərkəzindədir”.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov belə
deyib
.
O deyib ki, ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir: “Neftin dünya qiymətinin artmağa meyil göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri gözlənilmir”.
Elman Rüstəmov qeyd edib ki, valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər resursları var.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu da deyir ki, türk lirəsi yenidən dəyərdən düşür: "Hazırda 1 dollar 8,4 lirəsi səviyyəsində qərarlaşıb. Elə bu dəyişikliklərin Azərbaycan manatına təsir etməyəcəyi ilə bağlı Mərkəzi Bank sədrinin açıqlaması da bu narahatlıqdan qaynaqlanır. O bunu neftin qiyməti ilə əsaslandırmaqla yenə də Azərbaycan iqtisadiyyatının xarici bazarlardan və şoklardan asılılığını etiraf edib”.
Nefti qiymətinə gəlincə, Qubad İbadoğlu deyir ki, ona artırıcı təsir göstərən Suveyş kanalında 1 həftədir tıxanan “Ever Green” gəmisi dünən hərəkətə gəlib: "Artıq kanal normal fəaliyyətə qayıdır. Təbii ki, bu, neft qiymətlərini az da olsa, ucuzlaşdıracaq. Digər tərəfdən də martın 31-də və aprelin 1-də OPEK çərçivəsində təşkil olunan müzakirələrdə gözlənilən qərarlar da neftin qiymətlərinə təsirsiz ötüşməyəcək”.
Vüqar Bayramov: "Manatın məzənnəsi ilə bağlı Mərkəzi Bankın mövqeyi həlledici olacaq”
“Mərkəzi Bank qonşu ölkələrdə milli valyutaların dollara nisbətən dəyər itiriməsinə münasibət bildirib. Açıqlamadan aydın olur ki, növbəti dövrlərdə manatın məzənnəsində dəyişikliyin olub-olmmamasında Mərkəzi Bankın mövqeyi həlledici olacaq”, – bunu isə iqtisadçı, deputat Vüqar Bayramov “Facebook” hesabında yazıb.
O bildirib ki, regionun aparıcı ölkələrində milli valyutalarının ucuzlaşmasının hazırda Azərbaycanın valyuta bazarına iqtisadi deyil, daha çox psixoloji təsirləri var: “Bununla yanaşı, Mərkəzi Bankın açıqlamasından da göründüyü kimi neftin dünya bazar qiyməti bu kontekstdə daha vacib indikatordur. Çünki ölkəyə daxil olan valyutanın 85 faizə yaxınını enerji sektoru formalaşdırır. Hazırda isə neftin qiyməti Mərkəzi Bank üçün məqbul səviyyədə hesab oluna bilər. Bununla belə, neft bazarında volatilliyin yüksək olması da diqqətdə saxlanılmalıdır”.
Deputatın fikrincə, həm Türkiyə, həm də Rusiya Azərbaycan üçün vacib ticarət tərəfdaşlarıdır: "Azərbaycanın Türkiyə ilə 4.5 milyard dollara yaxın, Rusiya ilə isə 3 milyard dollardan artıq ticarəti var. Bu, ölkənin ümumi xarici ticarət dövriyyəsinin 23 faizi deməkdir. Bu baxımdan, əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi və maliyyə dəyişikliklərin xarici ticarət dövriyyəmizə təsirlərinin minimumlaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsi də məqsədəuyğundur”.
2021-ci ilin martın 30-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2055 manat təşkil edib. Bu, son beş ayda qeydə alınan ən aşağı göstərici hesab edilir.
“The Economist” dərgisi
yazır ki
, prezident Rəcəb Tayyib Ərdoğan Mərkəzi Bank sədri Naci Ağbalı işdən çıxarandan sonra lirə kəskin ucuzlaşıb. Türkiyədə səhmlər bir günə dollar qarşılığında 16 faizdən çox dəyər itirib.
Prezident Naci Ağbalın yerinə hakim partiyanın keçmiş üzvü Sahap Kavcıoğlunu gətirib. Bu da monetar siyasətə siyasi müdaxiləsi sarıdan investorların narahatlığına səbəb olub.
Kavcıoğlu 2019-cu ilin ortasından bəri mərkəzi bank rəhbərliyinə gətirilmiş üçüncü şəxsdir. O, Ağbal siyasətinin tənqidçisi olub.
Ümumi rəy var ki, Türkiyə elektrik enerjisini və sənaye sektoru üçün xammalı dollarla alır deyə lirənin zəifləməsi ölkədə inflyasiyanı şişirdə bilər.