“Neftin bahalaşmasına təsir edən amillərdən biri OPEC+ və Rusiyanın anlaşmasıdır”

“Daha bir səbəb isə ondan ibarətdir ki, dünyada likvidlik bolluğu var”.

Source: Foto: Meydan TV


Natiq Cəfərli: "Qalan bütün səbəblər süni yaradılıb"

London qitələrarası ICE birjasında "Brent" markalı neftin qiyməti 60 dolları keçib.

Bu barədə fevralın 8-də TASS məlumat verib.

“Brent” markalı neft axırıncı dəfə 2020-ci ilin yanvarın 7-də 60 dollara satılmışdı.

İqtisadçı Natiq Cəfərli deyir ki, yanvarın əvvəllərindən neft qiymətlərinin artım sürətini nəzərə alsaq, buna təsir edən amillərin analiz edilməsinə ehtiyac yaranır. Çünki indiki qiymətlər bir neçə parametrlərə görə formalaşıb: “Birincisi yanvarın əvvəlindən dünya ölkələrində COVİD 19 virusuna qarşı vaksinasiyanın başlanmasıdır. Bu proses pozitiv gözləntilər yaradıb. Dünyanın yavaş-yavaş əvvəlki, 2019-cu ildəki halına geri dönməyə başladığı düşünülür. Həmin gözlənti də neftin və neft məhsullarının istehlakını artıra biləcək əsas faktora çevrilə bilər”.

İqtisadçı deyir ki, açığı bu faktor hələ özünü doğrultmayıb, çünki dünyada vaksinləşmə ilə bağlı problemlər var, qapanan ölkələrin sayı hələ də artır:

"Hətta bəzi ölkələrdə koronavirusun ilk dalğasında görülən karantin tədbirlərindən daha sərtləri tətbiq edilir. Amma yenə də pozitiv gözləntilər var və bu, qalır. Neft qiymətinin qalxmasına təsir edən amillərdən biri isə OPEC+ və Rusiyanın anlaşmasıdır. Yanvarın 1-dən hasilatın artırılması ilə bağlı qərar verilməli idi. Keçən ilin martında olan ilkin razılaşmada OPEC+ ölkələri sentyabra qədər neft hasilatını 9.7 milyon barrel azaltmalı idilər. Sonrakı mərhələdə bu azalma 7.6 milyon barrelə düşməli idi. Yəni hasilatın artması prosesi baş verməli idi. OPEC+ ölkələrinin görüşməsində belə bir qərara gəlindi ki, artım sürəti azaldılsın. Neft hasilatı birinci anlaşma bitəndən sonra 2.5 milyon barrel yox, hər ay 500 min barrel artırılsın. Bu proses də yanvardan başlayıb. Sürətinin azaldılması neft qiymətində pozitiv bir amilə çevrilib”.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli bildirir ki, neft qiymətinin qalxmasının bir səbəbi də yanvarda gözlənilməz halda Səudiyyə Ərəbistanının könüllü olaraq öz payında olan hasilatı daha 1 milyon barrel azaltması olub: “Bu da neft bazarına çox ciddi təsir etdi və qiymətlərin yüksəlməsinə səbəb oldu. Daha bir səbəb isə ondan ibarətdir ki, dünyada likvidlik bolluğu var. Bütün ölkələr virusla mübarizə üçün mərkəzi banklar və hökumətlər tərəfindən ciddi təşviq paketləri açıqlayır və bu təşviq paketlərinin dünya üzrə ümumi həcmi təqribən 15 trilyon dollara yaxınlaşır. Bu likvidlik bolluğu istər-istəməz qiymətli kağızlar bazarına da təsir göstərir. Bəzi investisiya fondları uzun perspektivləri nəzərə alaraq neftə yatırım etməyə başlayıb. Bu da qiymətlərin artmasına səbəb oldu”.

İqtisadçı deyir ki, neftin qiymətinin artmasına təsir edən və sadaladığı bütün səbəblərin içindəki ən təbiisi virusla bağlı gələcəyə pozitiv gözləntilərin olmasıdır.

Qalan bütün səbəblər süni yaradılıb və süni şəkildə qiymətin artımına səbəb olub.

2019-cu ilin sonları Çində yaranıb sürətlə bütün dünyaya yayılan koronavirus zamanla neft bazarına da mənfi təsir etdi. Sərt karantin tədbirləri nəticəsində təyyarə reyslərinin təxirə salınması, bir çox ölkələrdə ictimai nəqliyyatın, zavod və fabriklərin fəaliyyətini dayandırması neftə tələbatı kəskin azaltdı. Hətta ötən il neftin qiyməti qısa müddətə sıfırdan da düşmüşdü. 1 milyard barreldən çox neft artığı yaranmışdı.

Azərbaycanın da gəlirinin böyük hissəsi neft satışından gəlir. Üstəlik, yerli neftdən daha çox aviasiya yanacağının hazırlanmasında istifadə edildiyindən pandemiya dövrü bu neftə tələbat kəskin azaldı. Nəticədə qiymətlər kədkin endi və bu, ölkə iqtisadiyyatına mənfi təsir etdi.

Ana səhifəİqtisadiyyat“Neftin bahalaşmasına təsir edən amillərdən biri OPEC+ və Rusiyanın anlaşmasıdır”