Rövşən Ağayev: Sovetdənqalma idarəetmə ilə inklüziv inkişaf imkansızdır

“Sadə dildə desək, inklüziv inkişaf dəyərin yaradılmasında və bölüşdürülməsində bütün cəmiyyətin daha yaxından iştirak etməsi və gələcək nəsillər üçün dəyər bir hissəsinin qorunub saxlanılmasıdır”

Source: Foto: Azərtac


"Əksmərkəzləşmə hesabatlılıq, iştirakçılıq, şəffaflıq, ictimai nəzarət deməkdir"

Prezident İlham Əliyev fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, son 17 ildə Azərbaycanda dinamik inkişaf olub. İqtisadiyyatın həcmi 3 dəfədən çox böyüyüb. Güclü sosial-iqtisadi infrastruktur yaradılıb, yoxsulluq səviyyəsi azalıb.

“Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir”, – sərəncamda deyilir.

Prezident Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, yeni strateji dövrdə qarşıda duran məqsədlərə nail olmaq, bunun üçün uyğun siyasət və islahatlar çərçivəsini formalaşdırmaq məqsədilə qərara alır:


  1. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilsin.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:


2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Milli Prioritetlərə (bundan sonra – Milli Prioritetlər) uyğun olaraq “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;


2.2. “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən aşağıdakıları təmin etsin:


2.2.1. qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini;


2.2.2. aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunmasını;


2.3. Milli Prioritetlərin həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.


2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.


3.Aidiyyəti dövlət orqanları (qurumları) Milli Prioritetlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə zəruri tədbirlər görsünlər.

796670BF-09D4-4B9E-8FDC-30260A5EDA8D_w1200_r1_s.jpg
Rövşən Ağayev

İqtisadçı Rövşən Ağayev deyir ki, bu, hərtərəfli analiz edilib sonra rəy bildiriləsi sənəddir, lakin ilk oxuduğu zaman gəldiyim əsas nəticələr var. Məsələn, o priroritetlərin reallaşması üçün onların başında gəlməli olan priroritet sənəddə yoxdur:

“Söhbət ölkədə əksmərkəzləşmə vasitəsilə idarəetməninin effektivliyinin artırılmasından gedir. Əksmərkəzləşmə hesabatlılıq, iştirakçılıq, şəffaflıq, ictimai nəzarət deməkdir, ən aşağı pillədən ən yüksək pilləyədək idarəetmənin vətəndaşın səsindən asılı olması deməkdir. Xüsusilə sənəddə tarazlı bölgə inkişafından, inklüziv və dayanıqlı inkişafdan söhbət gedirsə, sovetlərdən miras qalan hazırkı yüksək mərkəzləşmiş idarəetmə ilə bu imkansızdır”.


"“Diqqəti çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inklüzivlik və innovativliyin daha da önə çəkilməsidir"

Deputat, iqtisadçı Vüqar Bayramov isə bildirir ki, sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə əsasən, minimum və orta pensiya məbləğlərində də artımlar olacaq. Prioritetlərin reallaşdırılması müavinət, təqaüd və digər sosial ödəniş məbləğlərinin də artmasına imkan yaradacaq:

“Sənədə əsasən, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılacaq. Bu pensiya islahatların davam etdirilməsi və pensiya məbləği müəyyənləşən zaman yığımlar üçün mütənasibliyin genişlənəcəyindən xəbər verir”.

Vüqar Bayramov
Vüqar Bayramov

Deputat bildirir ki, növbəti 10 ildə ölkə iqtisadiyyatı 5 əsas istiqamət üzrə inkişaf edəcək: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi: “Diqqəti çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inklüzivlik və innovativliyin daha da önə çəkilməsidir. Sadə dildə desək, inklüziv inkişaf dəyərin yaradılmasında və bölüşdürülməsində bütün cəmiyyətin daha yaxından iştirak etməsi və gələcək nəsillər üçün dəyər bir hissəsinin qorunub saxlanılmasıdır. Digər tərəfdən, müasir çağırışlara uyğun olaraq ümumi dəyərdə innovativ payın daha artırılmasına nail olmaq əsas hədəflərdəndir”.

Vüqar Bayramov bildirir ki, ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunmasıdır. Növbəti dövr eyni zamanda məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və yeni quruculuq dövrü kimi də yadda qalacaq.

Ana səhifəİqtisadiyyatRövşən Ağayev: Sovetdənqalma idarəetmə ilə inklüziv inkişaf imkansızdır