Gələn ilin büdcə zərfi parlamentin müzakirəsinə çıxarılıb

“Əgər pandemiyaya görə narahat olursunuzsa, dünən deputatların hər biri koronavirus testindən keçiblər” .


Koronavirusla mübarizəyə, hərbçilər üçün mənzillərin tikintisinə vəsait ayrılacaq

Dekabrın 24-də Milli Məclisin plenar iclası büdcə müzakirəsinə başlayıb. Müzakirədən öncə spiker Sahibə Qafarova Prezident İlham Əliyevin ad gününü təbik edib, deputatlar ayaq üstə alqışlayıb.

Bundan sonra parlament öz işimə başlayıb.

İclada "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.Müzakirələrdə Baş nazir Əli Əsədov, Maliyyə naziri Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov və digər hökumət nümayəndələri iştirak edir.


Parlamentdə büdcə zərfi müzakirə edilir

“Son günlər mediada şayiələrlə qarşılaşırıq, devalvasiya gözləntiləri yaratmağa çalışırlar”.

Bunu Azərbaycan Milli Bankının sədri Elman Rüstəmov deyib.

O bildirib ki, Azərbaycanda devalvasiya üçün heç bir əsas yoxdur:

“Cari ildə pandemiyanın ən kəskin fazasında hökumət bu məsələyə getmədisə, indi bu məsələnin aktual olmasını düşünmək olmaz. Əhalimizi belə şayiələrə inanmamağa çağırıram. Heç kəs bu gün bizdə olan optimizmə xələl gətirməyə çalışmasın”.


Azərbaycanın bütün ərazisində manatın işləməsi təmin olunacaq

AMB sədri bildirib ki, qeyri-müəyyən şəraitdə çevik qərarlar vermək qarşıda duran əsas məsələdir: “Azərbaycan qələbənin təsiri ilə özünün intibah dövrünü yaşayacaq. Ölkəmiz həmin ərazilərin inkişaf etdirilməsi ilə özünün beynəlxalq nüfuzunu daha da gücləndirəcək. Əminik ki, bütün ərazimizdə manatın işləməsi təmin olunacaq.

Elman Rüstəmov deyib ki, 2020-ci dünya iqtisadiyyatı pandemiya ilə əlaqədar mühüm problemlərlə üzləşib və məlum oldu ki, dünya iqtisadiyyatı yaranan ikiqat şoklara hazır deyil:

Elman-Rüstəmov.jpg
Elman Rüstəmov

“Neft qiymətləri 16-69 dollar arasında dəyişdi. Dünya bazarlarına əhəmiyyətli inteqrasiya olmuş milli iqtisadiyyatımız da bu şoklardan əhəmiyyətli təsir aldı. Bütün bunlara baxmayaraq, ölkəmizdə cari ildə makroiqtisadi sabitlik qorunub saxlanılıb, ölkənin strateji valyuta ehtiyatları stabil qalıb. Həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində manatın məzənnəsi qorunub saxlanılıb. Cari ildə bank sektorunun sağlamlaşdırılması üçün radikal addımlar atılıb, 4 bank bağlanıb. Bağlanmış banklar nəzərə alınmaqla, banklarda istehlak kreditləri azalsa da, biznes və ipoteka kreditləri artıb”.


Komitə sədri: “2021-ci ilin büdcəsində neftin 1 barelinin 40 dollar götürülməsi məqsədəuyğundur”

Dövlət büdcəsi ilə bağlı qanun layihəsini İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

O bildirib ki, 2020-ci ilin sonunadək ölkə iqtisadiyyatının 4,9 faiz azalacağı əvvəlcədən proqnozlaşdırılmışdı: “Ötən ilin büdcəsinin dürüstləşdirilməsi zamanı neftin qiyməti 35 dollar götürülmüşdü, hazırda isə 41 dollar təşkil edir. 2021-ci ildə isə neftin qiymətinin 15 faiz artacağı proqnozlaşdırılır və bu, dövlət büdcəsində neftin qiymətinin 40 dollar götürülməsini məqbul edir. 2020-ci ildə azalmalarla yanaşı, müsbət irəliləyişlər də var. Bu, kənd təsərrüfatı, rabitə və digər sahələrilə bağlıdır. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz olub. 10 il əvvəl büdcədə qeyri-neft sektorunun payı cəmi 26 faiz olub. İndi bu rəqəm 46 faizə qədər artıb” deyən komitə sədri bunu Azərbaycan iqtisadiyyatında aparılan islahatların nəticəsi kimi qiymətləndirib.

tahir-mirkişili-1.jpg
Tahir Mirkişili

Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, 2020-ci il Azərbaycan tarixinin mühüm bir dövrünü təşkil edir:

“Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyub. “Bu, dövlət büdcəsində özünü əks etdirir. 2021-ci ilin dövlət büdcəsinin əsas prioritetləri əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasıdır”.


Koronavirusla mübarizəyə 261 milyon manat ayrılacaq

Maliyyə naziri Samir Şərifov çıxışında bildirib ki, 2021-ci il və sonrakı 3 il üçün dövlət və icmal büdcələrinin layihələri ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, dövlətin iqtisadi inkişafı və s. kimi layihələr əsas götürülməklə hazırlanıb:

O, gələn il Azərbaycanda koronavirusla mübarizə tədbirlərinin gücləndirilməsi üçün 261 milyon manat vəsait ayrılacağını qeyd edib:

Samir Şərifov
Samir Şərifov

“Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə pandemiya ilə mübarizə sahəsində genişmiqyaslı tədbirlər həyata keçirilib və keçirilməkdədir. Çarpayı fondu artırılıb, yeni cihazlar, avadanlıqlar alınıb, yeni xəstəxanalar tikilib, xaricdən mütəxəssislər cəlb edilib, xaricdə istehsal edilən peyvəndin ilk sifarişçisi olmağımız təmin olunub: Xəstəliklə mübarizə üçün vaksinasiyaya artıq gələn ilin əvvəlindən başlanılacaq".

Onun sözlərinə görə, hərbi qulluqçuların mənzillə təmin olunması üçün isə 35 milyon vəsait yönləndiriləcək.


Mikayıl Cabbarov: “811 sahibkara 112 milyon manat güzətşli kredit verilib”

İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, işğaldan azad edilmiş torpaqların bərpa edilərək Azərbaycan iqtisadiyyatına transferinin gerçəkləşdirilməsi gələcəkdə iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcək:

“Hazırda əsas dövlət siyasətimiz bu ərazilərin bərpa edilməsi, vətəndaşların öz torpaqlarına qayıtmasıdır. Pandemiyadan sonra dünya iqtisadiyyatının canlandırılması fonunda ölkə iqtisadiyyatının da qeyri-neft sektorunun inkişafı planlaşdırılır.

Nazir qeyd edib ki, iqtisadiyyatda dövlət şirkətlərinin iştirakının səmərəliliyinin artırılması məqsədilə İnvestisiya Holdinqi yaradılıb və ilkin olaraq 4 dövlət müəssisəsinə verilib:

“811 sahibkara 112 milyon manat güzətşli kredit verilib və kreditlər hesabına yeni iş yerlərinin açılmasına şərait yaradılıb”.

031adc55-69f1-3b15-96e1-da9e84714471_824.jpg
Mikayıl Cabbarov

M.Cabbarov vurğulayıb ki, yeni layihə olan milli ixrac strategiyası hazırlanıb və yaxın vaxtlarda təqdim olunacaq.


Spiker: “Pandemiyaya görə narahat olursunuzsa, dünən deputatların hər biri koronavirus testindən keçiblər”

Daha sonra layihə deputatların müzakirəsinə verilib.

Deputatların bəziləri çıxışların reqlamentinin 10 dəqiqədən 5 dəqiqəyə endirilməsini təklif etsələr də, spiker Sahibə Qafarova razılaşmayıb:

image_from_ios (6).jpg
Sahibə Qafarova

“Bu sıradan bir sənəd deyil. Biz 10 dəqiqə çıxış edəcəyik. Əgər pandemiyaya görə narahat olursunuzsa, dünən deputatların hər biri koronavirus testindən keçiblər” .

Müzakirələr davam edir.

2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur.

2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxud 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.

2021-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 116,0 mln. manat məbləğində nəzərdə tutulur. 2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1% təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz bəndi azdır.

Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

Ana səhifəİqtisadiyyatGələn ilin büdcə zərfi parlamentin müzakirəsinə çıxarılıb