Büdcədən hansı qurum nə qədər pay alacaq?

İqtisadçı deyir ki, bundan əlavə büdcənin hər 100 manatından 12 manat 90 qəpiyi sosial müdafiə və sosial təminat, 11 manat 50 qəpiyi təhsil üçün nəzərdə tutulub

Source: google.az


“Proqnozlaşdırılan büdcə gəlirlərinin hər 100 manatından 11 manat 50 qəpiyi təhsil üçündür”

“Büdcə gəlirləri neft qoxusu, xərcləri korrupsiya iyi verir”.

İqtisadçı Qubad İbadoğlu belə düşünür.

2021-ci il dövlət büdcəsinin gəlirləri 25427,0, xərcləri isə 28543,0 milyon manat proqnozlaşdırılır.

2021-ci il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 12,2 milyard manat məbləğində nəzərdə tutulub. Bu, 2020-ci ilin proqnozu ilə müqayisədə eyni səviyyədə, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 835,7 milyon manat və ya 7,4 faiz çoxdur.

Gələn il üzrə proqnozlaşdırılan Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 54,2 faizi və ya 13 776 mln. manatı neft sektorunun, 45,8 faizi və ya 11 651 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Qubad İbadoğlu deyir ki, proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin hər 100 manatından 54 manat 20 qəpiyi neft sektorunun, 45 manat 80 qəpiyi qeyri-neft sektorunun payına düşəcək. Neft sektoru üzrə daxilolmaların hər 100 manatından 88 manat 60 qəpiyini Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 11 manat 40 qəpiyini vergi orqanlarının xətti ilə neft sektorundan ödənişlər təşkil edəcək:

“Qeyri-neft sektoru üzrə daxilolmaların hər 100 manatından 48 manat 70 qəpiyini vergi, 33 manat 50 qəpiyini gömrük orqanlarının xətti ilə ödənişlər təşkil edəcək. 2021-ci ilin büdcəsinin xərclərinin hər 100 manatından 23 manat 40 qəpiyi müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri, 17 manat 64 qəpiyi tikinti və şəhərsalma xərcləri, o cümlədən də 7 manat 70 qəpiyi işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası, 14 manat 57 qəpiyi ümumi dövlət xidməti xərcləri, o cümlədən də 7 manat 70 qəpiyi dövlət borcu üçün nəzərdə tutulub”.

Qubad İbadoğlu
Qubad İbadoğlu

İqtisadçı deyir ki, bundan əlavə büdcənin hər 100 manatından 12 manat 90 qəpiyi sosial müdafiə və sosial təminat, 11 manat 50 qəpiyi təhsil üçün nəzərdə tutulub:

“Həmin vəsaitdən 4 manat 90 qəpiyi səhiyyə, 3 manat 30 qəpiyi kənd təsərrüfatı, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət, 96 qəpiyi ətraf mühitin mühafizəsi, 60 qəpiyi elm xərcləri üçündür”.

Gələn il Azərbaycan Prezidentinin ehtiyat fonduna 475 000 000 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Ünvanlı sosial yardımın maliyyə təminatı üçünsə gələn ilin dövlət büdcəsindən 257,7 milyon manat ayrılacaq. 2021-ci ilin dövlət büdcəsindən büdcə və qeyri-büdcə təşkilatları tərəfindən tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi üçün 1 milyard 195,3 mln. manat vəsait proqnozlaşdırılır.

Büdcədən beynəlxalq münasibətlər üçün 274,3 milyon manat vəsait ayrılacaq. Müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarına 2021-ci ilin dövlət büdcəsi xərclərinin 23,4 faizi həcmində – 6 milyard 678,6 milyon manat vəsait nəzərdə tutulur.

Büdcə zərfinə daxil olan layihələr Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Büdcə zərfinə "2021-ci il dövlət büdcəsi haqqında”, "2021-ci il üçün yaşayış minimumu haqqında”, "2021-ci il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

Ana səhifəİqtisadiyyatBüdcədən hansı qurum nə qədər pay alacaq?