“Siyəzənneft” işçiləri ixtisara salır?

“Siyəzənneft” NQÇİ-dən, eləcə də SOCAR-dan məlumatla bağlı açıqlama vermək istəməyiblər.

Foto: SOCAR


Mirvari Qəhrəmanlı: “SOCAR qeyri-qanuni imtahanlarla işçini psixoloji gərginlikdə saxlayır”

Dövlət Neft Şirkətinin “Siyəzənneft” Neft Qaz Çıxarma İdarəsinin bir qrup əməkdaşı işini itirə bilər. Artıq 200-dən çox işçiyə bildiriş təqdim edilib.

Adlarının açıqlanmasını istəməyən işçilər Meydan TV-yə deyiblər ki, səbəb kimi imtahandan az bal toplamaları göstərilib.

İşçilərdən birinin sözlərinə görə, himayəsində iki azyaşlı uşağı, astma xəstəsi olan anası var. İş tapa biləcəyinə ümidi yoxdur:

“Guya hamı imtahanda az bal toplayıb. Birincisi, illərlə eyni sahədə işləyənlərdən soruşulan sualları mühəndislər belə cavablandırmaqda çətinlik çəkirlər. İmtahanlar yalnız ixtisarlar üçün bəhanə rolunu oynayır. Bir yandan da, koronavirus pandemiyası, iş yerləri bağlanır. Rayonda iş yoxdur, ailəmizi necə dolandıracağıq? SOCAR ixtisarlar aparacaqdı, yəqin ki, müharibənin bitməsini gözləyirlərmiş”.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı da NQÇİ-də işçilərin ixtisara salındığını bildirib.

Qəhrəmanlı deyib ki, SOCAR qeyri-qanuni imtahanlarla işçini psixoloji gərginlikdə saxlayır. Halbuki imtahanlar Əmək Məcəlləsinə zidd keçirilir:

Мирвари Гахраманлы
Mirvari Qəhrəmanlı

“Təşkilatımıza dünən “Siyəzənneft”in bir qrup əməkdaşı tərəfindən müraciət daxil olub. Bildiriblər ki, 285 işçiyə bildirişlərə imza atmağı tapşırıblar. Guya əmrdə imtahandan az bal toplayanlar kursa göndərilib, iş təklif ediləcəkdi. Amma indi deyiblər ki, bildirişi imzalayın, əməkhaqqının iki mislini alıb işdən çıxın. Hazırda NQÇİ-də narazılıqlar var, heç kim bildirişi imzalamaq istəmir. Müraciət edənlər bildiriblər ki, tənha ailə saxlayan qadınlara, uşaqları cəbhə bölgəsində olanlara da güzəşt edilmir”.

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il üçün Azərbaycanda orta gündəlik neft hasilatının 700 min barel olacağını proqnazlaşdırıb. Hasilatın azalması səbəbindən ixtisarların olacağı gözlənilirdi. Lakin SOCAR ilin birinci yarısında məlumat yayaraq ixtisarların olmayacağını açıqlamışdı.

“Siyəzənneft” NQÇİ-dən, eləcə də SOCAR-dan məlumatla bağlı açıqlama vermək istəməyiblər.

Ana səhifəSosial“Siyəzənneft” işçiləri ixtisara salır?