Qubad İbadoğlu: “İşsizlərə və günəmuzd işləyənlərə edilən yardım 200 manatdan yuxarı olmalıdır”
Dekabrın 8-də Nazirlər Kabineti Azərbaycandakı xüsusi karantin rejimini 31 yanvar 2021-ci ilədək uzadıb.
Dekabrın 14-dən 2021-ci il yanvarın 18-dək isə ölkə ərazisində sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək.
Beləliklə, müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılacaq.
Ticarət obyektləri, ictimai iaşə obyektləri, restoran, kafe və çay evləri müştərilərə yalnız çatdırma xidmətləri göstərəcəklər.
Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılacaq.
Evdən çıxamaq yenidən SMS- icazə vasitəsilə olacaq. 3 saatlıq icazə ilə tibbi yardım, aptek, market, bank və poçta getmək mümkün olacaq.
Yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün isə hər bir şəxsin Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsilə icazə alması lazım olacaq.
Yenidən SMS-icazəyə getməyə gərək vardımı?
ReAL Partiyasının sədri İlqar Məmmədov deyir ki, sərt karantin rejiminin tətbiqi üçün hökumət xalqa heç bir ciddi əsas təqdim etməyib.
Əksinə, bu rejimin əsassız olduğunu göstərən çox sayda məlumat var: “Hökumətin bu qərarı ancaq siyasi məqsədlərə xidmət edir, onun əhali sağlamlığının qorunması ilə əlaqəsi yoxdur”.
İqtisadçı Natiq Cəfərli isə deyir ki, 2020 iqtisadi və sosial anlamda çöküş ili oldu. Biznes can verir, vətəndaşın gəlirləri azalıb, alıcılıq qabiliyyəti aşağı düşüb, ÜDM 4 faizdən çox azalıb:
“İnsanlar bu çətin durumlara nələrəsə görə dözdü, gah qələbəyə kökləndi, gah Qarabağ həsrətinin bitməsinə. Hökumət indiki durumda hərbi qələbəni iqtisadi, sosial, siyasi üstünlüyə çevirməlidir. İndiki halda isə biznesin qapanmasına gedir”.
Natiq Cəfərli deyir ki, ola bilməz ki, hökumət qadağanların əvəzini verməsin. Çünki əvəzi verilməyən qadağa işlək olmur:
“İndi nə etsin millət?! Orta sinif yox olmaq üzrədir, halbuki istənilən ölkənin sabitliyini "zopa" yox, məhz orta sinif təmin edir. Bu zümrə məhv olsa, sabitliyi necə qoruyacağıq? Kasıblardan heç danışmıram da – millət acdıe. Hər dəfə marketə gedəndə heç vaxt dilənçilik etmədiyi hər halında bəlli olan onlarla adam görürəm”.
Natiq Cəfərli deyir ki, indiki halda kiçik-orta sahibkarlardan danışmağa dəyməz – ən yaxşı halda onların 30 faizi pandemiyadan "sağ", yəni ayaqda qalmaqla çıxa biləcək. İtirilmiş 70 faiz isə yüzminlərlə iş yerinin də itməsi deməkdir:
“Qadağanı tətbiq edən məmurlar nə fikirləşir? Yəqin Neft Fondunda olan pula arxayındırlar. Fond rezindəndir ki, həm işğaldan azad edilən torpaqları bərpa etsin, həm pamdemiyanın fəsadlarını təmir etsin, həm də büdcəni doldursun? Bu boyda qadağalara gedilir, özü də uzunmüddətli, bu barədə ciddi-ciddi düşünmək lazım idi”.
İqtisadçı Qubad İbadoğlu isə deyir ki, qadağalar varsa, günəmuzd işləyən, yaxud işsiz qalan insanlara aylıq birdəfəlik yardım edilməlidir və bu yardım 200 manatdan yuxarı olmalıdır:
“Əhalinin yenidən evdə qalmasına qərar verildi. Özü də bu dəfə daha uzun müddət müəyyənləşdirilib. Hansı məntiq və meyarla 1 ay 4 gün evdə qalma müddətinin seçildiyi də bəlli deyil. Amma istənilən halda insanların evdə qalması, hərəkətin SMS-lə 3 saat müddətində məhdudlaşdırılması yenidən ehtiyacı olan aztəminatlı işsizlərə birdəfəlik yardımın ödənilməsinə zərurət yaradıb”.
İqtisadçı bununla bağlı bir nüçə təklif verir:
1)
Növbəti ildən birdəfəlik ödəmə 190 manat ola bilməz, çünki, bu məbləğ cari il üçün yaşayış minimumun dəyərini ifadə edirdi. Gələn il üçün yaşayış minimumun dəyəri hələ açıqlanmasa da böyük ehtimalla 200 manatdan az olmayacaq.
2)
Bu dəfə birdəfəlik yardım bütün ölkə əhalisinə ödənilməlidir.
3)
Son zamanlar işsiz kimi qeydiyyatdan olan şəxsləri bu statusdan müvəqqəti adla məhrum ediməsi praktikasına son qoyulmalıdır. Bunu ona görə edirlər ki, birdəfəlik yardım alanların saylarını azalsınlar. Odur ki, sizləri belə hallar barədə ilk növbədə burda yazıb, onu ictimailəşdirməyə çağırıram”.
Qubad İbadoğlu tövsiyə edir ki, işsiz olub, indiyə qədər qeydiyyata düşə bilməyən şəxslər Əmək Məşğulluq İdarəsində qeydiyyatdan keçmək üçün təkrar müraciət etməlidirlər:
“Eyni zamanda, işsiz statusu almaq üçün https://e-sosial.az/#/index məşğulluq alt bölməsindən online formada müraciət etməlidirlər”.