Adil İsmayılov koronavirusdan vəfat edib

Onun sonuncu işi Azərbaycanın keçmiş Baş prokuroru və səfiri Eldar Həsənovun idi.

Source: Facebook


Kollegiya sədri: "Son həftədə 3 vəkilimiz koronavirusdan vəfat edib"

Vəkil Adil İsmayılovun dekabrın 3-də COVİD-19 infeksiyasından vəfat etdiyi bildirilir.

Vəkillər Kollegiyası sədri Anar Bağırov məlumatı Meydan TV-yə təsdiqləyib.

"Xeyli vaxt idi görünmürdü. Özüm zəng edib danışdım, hal-əhval tutdum. Özü də virusdan qorxurdu və maksimum qorunmağa çalışırdı. Amma təəssüf ki, nəticə ürəkaçan olmadı. Son bir həftə ərizində üç vəkilimiz – Tahir Əlirzayev, Yusif Seyidov və Adil İsmayılov dünyasını dəyişib. Adil İsmayılov 28 il idi ki, Vəkillər Kollegiyasının üzvü idi. Bu hadisə kollegiya üçün böyük itkidir. Mən ailəsinə başsağlığı da vermişəm", – Anar Bağırov bildirib.

1955-ci ildə Göyçayda anadan olan Adil İsmayılov ilk fəaliyyətini Sumqayıt şəhər prokurorluğunda mühüm işlər üzrə müstəntiq kimi başlayıb.

Daha sonra Baş Prokurorluqda mühüm işlər üzrə müstəntiq olub. O, öz ərizəsi ilə işindən ayrılıb.

A.İsmayılov 1993-cü ildə həbs edilən Milli Məclisin sədri İsa Qəmbərin, keçmiş daxili işlər naziri, mərhum İskəndər Həmidovun da vəkili olub.

Adil İsmayılov “Qara kəmər” əməliyyatında DİN generalı Zakir Nəsirovun, Macarıstanda azərbaycanlı hərbçi Ramil Səfərovun, “MTN işi”ndə general Sübahir Qurbanovun, AXCP sədrinin müavini Seymur Həzinin, müsavatçı Nigar Həzinin hüquqlarını müdafiə edib.

Onun sonuncu işi Azərbaycanın keçmiş Baş prokuroru və səfiri Eldar Həsənovun idi.

Ana səhifəSosialAdil İsmayılov koronavirusdan vəfat edib