“SOCAR əməkdaşları arasında virusa yoluxma halı artıb”

“Ağır dəniz şəraitində maksimum 20 gündən artıq çalışan işçinin psixoloji durumu ağırlaşır”

Source: google.az


Mirvari Qəhrəmanlı: “Dənizdə çalışan neftçiləri qida ilə təmin edən “Xəzəriaşə”nin nəzərdə tutduğu menyudaki yeməklər tam verilmir”

”Noyabrın 22-də koronavirusa yoluxduğumu öyrəndim. Halbuki, bu ay deyil, ötən ayın əvvəlində qızdırmam var idi, özümü yorğun hiss edirdim. Yəni, virusun əlamətləri vardı. Amma həmin ay götürülən testin nəticəsi neqativ çıxdı. Üstündən 1 aydan çox vaxt keçib, özümü yaxşı hiss edirəm, test virusa yoluxduğumu göstərir. Nə baş verdiyini anlamaqda çətinlik çəkirəm”.

Bunu dənizdə çalışan, işdən çıxarılması qorxusu ilə adının açıqlanmasını istəməyən neftçilərdən biri deyib. 58 yaşlı neftçi güman edir ki, işdən qayıdarkən yoluxa bilər.

Neftçi əlavə edib ki, oteldə karantində saxlanılmasını istəmir. Deyir ki, özünü yaxşı hiss etdiyindən xəstəxanada yatmağa da ehtiyacı yoxdu, evində özünü təcrid edə bilər.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə deyir ki, neftçilərin karantində saxlanılması, koronavirusa qarşı test olunması və digər xərclər SOCAR tərəfindən ödənilir. Təşkilata neftçilərdən testin göstərilməsi və karantində saxlanılması ilə bağlı müəyyən suallar yaradan müraciətlər daxil olur:

“Məsələn, neftçilərdən biri təşkilata müraciət edərək bildirib ki, Atletlər Kəndində 7-8 gün karantində qalandan sonra ikinci test götürülüb və cavab “pozitiv” çıxır. Yenidən 5 gün karantində saxlanılıb və 3-cü cavab da pozitiv çıxıb. Lakin 3 gündən sonra 4-cü cavab neqativ gəlib. İşçi iddia edir ki, hər dəfə 10-15 neftçi bu yolla oteldə saxlanılır. Etiraz edənlərə SOCAR rəhbərliyinə şikayət ediləcəyi və maaşlardan 25 faiz tutulacağı ilə qorxudulurlar. Neftçi deyir, maraqlısı odur ki, 1-ci testin cavabı verilən gündən 3 gün əvvəlki tarixə qeyd olunur”.

38566
Mirvari Qəhrəmanlı

M.Qəhrəmanlı deyir ki, doğrudan da, SOCAR əməkdaşları arasında COVID-19 infeksiyasının yayılması halı artıb. İşçilər düşünürlər ki, infeksiyanın yayılmasının bir neçə səbəbi var:

“Ağır dəniz şəraitində maksimum 20 gündən artıq çalışan işçinin psixoloji durumu ağırlaşır. Hətta işdə xəsarət alanlar olur. Fiziki və psixi yorğunluq immunitetin zəifləməsi ilə nəticələnir. 40 gündən artıq dənizdə qalan işçinin immuniteti isə tamamilə çökür. Dənizdə çalışan neftçiləri qida ilə təmin edən “Xəzəriaşə”nin nəzərdə tutduğu menyudaki yeməklər tam verilmir, keyfiyyətsizdir, neftçilər meyvə-tərəvəzlə təmin olunmurlar. Beləliklə, soyuq hava, 40 gündən artıq dəniz şəraitində 12 saat fiziki iş, zəif qidalanma, infeksiyaya yoluxmanı artırır. Üstəlik, işə göndərilməzdən əvvəl karantində saxlanılmayıb, test olunmayan bəzi işçilərin gəmi vasitəsilə yola salınması halları da müşahidə olunur”.

M.Qəhrəmanlı qeyd edib ki, vəzifəli şəxslər isə oteldə qalmadan işə gəlib-gedirlər. Yəni onlar 15 günlük iş qrafikası ilə işləyirlər:

“Daha bir problem işçilərin keyfiyyətli qidalanmasıdır. Neftçilər evdən 1 aylıq ərzaqlarını gətirə bilmirlər. Yəni, neftçiləri daşıyan vertolyota 20 kiloqramdan artıq yük buraxılmır. Neftçilər ərzağı “Xəzəriaşə”yə məxsus mağazalardan 5 qat baha almağa məcbur olurlar. Halbuki karantində qaldıqları müddətdə işçilərə əlavə pul verilmir. Nəticədə fiziki yorğunluq, zəif qidalanma yoluxmanı artırır”.

Təşkilat sədri hesab edir ki, testlərin götürülməsi ilə bağlı deyilənlər də yoxlanılmalıdır.

TƏBİB-dən neftçilərin iddiaları ilə bağlı sualların SOCAR-a ünvanlandırılmasını söyləyiblər.

SOCAR-dan isə iddialara cavab verilməyib.

Ana səhifəSosial“SOCAR əməkdaşları arasında virusa yoluxma halı artıb”