Sahibə Qafarova: “Xahiş və tələb edirəm, özünüzü qoruyun”
“Pandemiya ilə bağlı ölkə ərazisində vəziyyət gərginləşib .Milli Məclisdə bizim bəzi həmkarlarımız da xəstədir. Bütün xəstələrə şəfa diləyirəm”.
Bunu Milli Məclisin noyabrın 24-də keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.
O parlamenti qarşıda çox vacib işlər gözlədiyini deyərək, deputatları virusdan ciddi qorunmağa çağırıb:
“Bu sessiyada dövlət büdcəsini və büdcə zərfinə daxil olan digər sənədləri müzakirə və qəbul etməliyik. Buna görə də sizdən xahiş və tələb edirəm, özünüzü qoruyun, qaydalara əməl edin. Koronavirusla mübarizə ümumxalq işidir. Biz hamımız bu məsələdə iştirak etməliyik”.
Azərbaycan Milli Məclisinin 15 üzvünün koronavirusa yoluxması barədə bir neçə gün əvvəldən məlumat yayılmışdı.