Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı oktyabrın 7-də vəfat edib.
Bu barədə Meydan TV-yə AXCP sədrinin müavini Seymur Həzi məlumat verib.
Gözəl Bayramlı uzun müddət idi ki, xərçəng xəstəliyindən müalicə alırdı.
Gözəl Bayramlı 1962-ci ildə doğulub. O, Azərbaycan Texniki Universitetini bitirib.
Ötən əsrin 80-ci illərinin sonunda başlanan xalq hərəkatına qoşulan Gözəl Bayramlı AXCP Təşkilat şöbəsinin müdiri, sonra isə sədrin müavini olub.
2018-ci ildə Qazax Rayon Məhkəməsi Gözəl Bayramlını qaçaqmalçılıqda təqsirli bilərək onu 3 il azadlıqdan məhrum edib.
Gözəl Bayramlı ittihamı rədd edib və siyasi sifarişlə həbs olunduğunu bildirmişdi.
2019-cu ilin martında Gözəl Bayramlı əfv sərəncamıyla azad olunub.