Vəfa Nağı: Fotomu yaymaqla öz aləmlərində məni biabır etmək istəyirlər

Bələdiyyə sədri Əlibala Səlimov isə bildirib ki, o, bunu kimin etdiyini bilmir

Source: Foto: sosial şəbəkə


Bələdiyyə sədri: “Qadına qarşı belə bir hərəkət etmək şərəfsizlik, alçaqlıqdır”

Neftçala rayonunun Xolqaraqaşlı kəndindən bələdiyyə üzvü seçilən Vəfa Nağının çimərlikdə çəkdirdiyi şəkli böyüdərək kəndin dayanacağına və poçt binasına yapışdırıblar. Bu barədə məlumatı Vəfa Nağı özü yayıb. O, bu işi Xoşqaraqaşlı kəndinin bələdiyyə sədri Əlibala Səlimovun etdirdiyini düşünür. Məqsədinin onun kənddəki ictimai nüfuzuna xələl gətirmək olduğunu fikirləşir:

"Bələdiyyə sədri məni təhdid edirdi iclasda, indi baxın nə edib. Bu şəkli mən "İnstagram"da paylaşmışdım. Ancaq sonra silmişdim. İndi o şəkillərdən birini bizim kəndin dayanacağına yapışdırtdırıb, digərini də poçtun binasına. Altında da "Ledi Qaqa" yazdırıb. Məni bununla qorxutmaq istəyir. Mənim heç bir qorxum yoxdur. Bu şəkilləri də açıq paylaşmışam. "102"-yə zəng vurdum, polis çağırmışam kəndə. Araşdırsınlar görək bunu kim və nə üçün edib".

Vəfa Nağı Meydan TV-yə deyib ki, foto hələ də poçt binasının qarşısında qalır:

"Məni bununla biabır etməyə çalışırlar. Burada biabır olunası nəsə yoxdur. Şortik geyinmişəm, yaxşı eləmişəm. Heç kim mənim geyimimə qarışa bilməz. Mən geyimimlə bağlı heç kimə hesabat vermirəm. Bütün bu fotolar açıq şəkildə sosial şəbəkə hesablarımda paylaşılıb. Bunları yaymaqla öz aləmlərində məni biabır etmək istəyirlər. Məni əxlaqsız kimi qələmə vermək niyyətindədirlər. Geyimlə əxlaqsızlıq olmur. Əxlaqsızlıq rüşvət almaqdır. Saat 9-dan mənim şəkillərim buradadır. Həm poçtun önündə, həm də dayanacaqda. Mənim xəbərim yox idi. Kənddə camaat deyir ki, sənin şəklini filan yerə vurublar. Mən səhərdən kəndi gəzirəm. Baxıram ki, mənim şəkillərim haralara yapışdırılıb".

Vəfa Nağı hesab edir ki, bunu bələdiyyə sədri etdirib. Çünki o tez-tez bələdiyyə sədrinin torpaq satdığını, seçkidə qanunsuz seçildiyini və s. yazır, işıqlandırır:

"Bu adamın rüşvətxor olduğunu, torpaqları satdığını deyirəm. Seçkidə 3 səs toplayan adama 70-80 səs yazdığını deyirəm. Ondan bu gün büdcə hesabatı tələb etmişəm. Mənim çimərlik fotolarımın kənddə yayılması bu tələblərə cavab idi”.

Xolqaraqaşlı kəndinin icra nümayəndəsi Talıb Əhmədli Meydan TV-yə problemi araşdırdıqlarını deyib. Bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumat verdiklərini söyləyir:

"Bu əməli kimin törətdiyi tapılacaq və həmin şəxs cəzasını alacaq. Demək istəyirəm ki, bu, çox böyük bir şərəfsizlikdir. Bir qadına qarşı edilən doğru hərəkət deyil. Bələdiyyə sədrinin günahlandırıldığını deyirsiz. Mənim öz düşüncəmdir, heç bir bələdiyyə sədri bunu öz evinin yaxınlığına vurdurmaz. Bu, kişiyə yaraşan iş deyil. Mən özünə hörmət edən biriyəm. Düşünürəm ki, doğru iş deyil, bu".

Bələdiyyə sədri Əlibala Səlimov isə bildirib ki, o, bunu kimin etdiyini bilmir:

“Qadına qarşı belə bir hərəkət etmək şərəfsizlik, alçaqlıqdır.

Eşidən kimi şəkli gətirtdim. Orada böyük bir şey yoxdur. İki variant gəlir ağlıma. Biri Vəfa xanımla mənim aramda problem yaratmaq istəyənlərin olması. Digəri isə budur ki, bir neçə gün əvvəl Vəfa xanım restorana gedib. Orada deyib ki, bura qadınlar da gəlməlidir. Bilmirəm, bəlkə də kimsə buna görə belə bir hərəkət edib. Ya buna görə, ya da bizim aramızdakı vəziyyəti qızışdırmaq istəyirlər. Bilmirəm. Mənə də maraqlıdır".

Əlibala Səlimov ümid edir ki, tezliklə bu işi edənlər tapılıb, cəzalandırılacaq.

Ana səhifəSosialVəfa Nağı: Fotomu yaymaqla öz aləmlərində məni biabır etmək istəyirlər