Cavad Cavadov: “Tapılan pulların həcminin açıqlanması istintaqın mülahizəsindən asılıdır”
Vəzifəsindən azad olunan İmişli rayonunun icra başçısı
Vilyam Hacıyev
in mənzilindən xarici və yerli valyutada olan pul bandrollarının tapılması bir sıra suallar doğurub.
İmişli kimi aran rayonuna rəhbərlik edən şəxsin evində külli miqdarda xarici və yerli valyutada olan pulların mənbəyi, yaxud rəsmi məlumatda müsadirə edilən vəsaitin həcminin elan edilməməsi maraq doğuran suallardandır. Müsavat Partiyasının başqanı Arif Hacılı sabiq icra başçısının o qədər vəsait toplamasını real sayır:
“İmişli rayonunda sənaye müəssisələri və tikinti işləri ilə məşğul olan sahibkarlar var. Əlbəttə, o qədər vəsait icra başçısı üçün ilk baxışda külli miqdarda görünür. Vilyam Hacıyev kompleksiz adam idi. Ehtimal edirəm ki, o, narkotik alveri ilə də biznes qurub. Belə görünür ki, Vilyam Hacıyev sosial müavinət alanların pulunu mənimsəməkdən belə çəkinməyib. Əslində, həmin vəsaitlərin bandrollaşmış şəkildə saxlanılması bir tərəfdən korrupsiya, cinayət göstəricisidirsə, başqa tərəfdən də maliyyə vəsaitlərinin dövriyyədən çıxarılması ilə iqtisadiyyata da ağır zərbədir”.
A.Hacılı bildirib ki, icra başçıları haqqında bu cür süjetlərin telekanallarda yayımlanması onu yaxşı mənada təəccübləndirir. Onun fikrincə, bu prosesdə özbaşınalıq edən şəxslər ifşa olunursa, başqa rayonların başçıları və nazirlər də müəyyən qədər ehtiyatlı olmağa, acgözlükdən imtina etməyə məcbur qalacaqlar. Arif Hacılı hesab edir ki, ümumiyyətlə, bu hadisələrdən sonra icra hakimiyyəti sistemində dəyişikliklərə ehtiyac var.
“İlk növbədə rayonların rəhbər şəxsləri seçki yoluyla vəzifəyə gətirilməlidirlər. Xüsusilə bələdiyyələrə gerçək səlahiyyət verilməlidir. Yalnız bundan sonra vəziyyəti müəyyən qədər normal qaydaya salmaq olar. Rüşvət və korrupsiyanı sıradan çıxartmaq üçün isə yuxarıdan islahatlara başlanmalıdır. “Balıq başdan iylənir” məsəlini unutmaq lazım deyil”.
Vəkil Cavad Cavadov axtarış zamanı müsadirə olunan pulların maddi sübut olduğunu vurğulayaraq bildirib ki, istintaq həmin vəsaitlərin mənbəyini müəyyən etməlidir. Vəsaitlərin aqibəti haqqında isə məhkəmə qərar verə bilər.Vəkil deyib ki, əgər Vilyam Hacıyev həmin pulların mənbəyinin şəffaf olduğunu sübut etsə, ona qaytara bilərlər:
“Əks təqdirdə, müsadirə olunacaq. Məbləğin ictimaiyyətə açıqlanmasına gəlincə, bu, istintaqın mülahizəsindən asılıdır. Yəni istintaq hansı həcmdə materialların yayılmasına özü qərar verə bilər. Ancaq istintaqın məbləği açıqlamaq öhdəliyi yoxdur. Güman ki, Vilyam Hacıyevin məhkəməsi açıq keçiriləcək. O zaman məbləğin mənbəyi və nə qədər olması barədə suallara cavab veriləcək”.
Vəkil deyib ki, jurnalistlər də istintaq orqanına bu barədə sorğu göndərə bilərlər.
“Əslində, rəsmi məlumatın bu şəkildə yayılması təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Vilyam Hacıyev istəsə, məsələni bu şəkildə qaldıra bilər. Təbii ki, o, bunu etməyəcək”.
Vilyam Hacıyev mayın 6-da prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Səbail Rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
V.Hacıyev
ə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 311.3 (külli miqdarda rüşvət alma) maddələrilə ittihamlar irəli sürülüb.