Hikmət Ağayevin apelyasiya şikayəti təmin olunmayıb
“Müsəlman Birliyi” Hərəkatının üzvü Hikmət Ağayevin inzibati qaydada 25 sutka həbs olunması barədə Xətai Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə baxılıb. Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə keçirilən prosesdə inanclı fəalın özü də iştirak edib. O, necə həbs olunması, Xətai Rayon Polis İdarəsində işgəncəyə məruz qalması barədə danışıb.
H.Ağayev bildirib ki, ona qarşı irəli sürülmüş polisə müqavimət ittihamı yalandır. Mülki geyimli polislər işlədiyi meyvə-tərəvəz mağazasına gəlib, onu zorla aparıblar. Xətai Rayon Polis İdarəsində telefonuna giriş kodunu deməsi üçün məruz qaldığı işgəncələrdən danışan H.Ağayevin sözlərinə görə, ehtiyaclı ailələrə yardım ərzaq yardımı göstərməsini ona irad tutublar.
H.Ağayev bildirib ki, Xətai RPİ-də bir neçə saatlıq işgəncədən sonra axşam onu elə həmin rayondakı 36-cı polis bölməsinə gətiriblər. Orada gecə bir kameraya salıb, yatmağa çarpayı da verməyiblər. Səhərə qədər beton döşəmədə uzanmaq məcburiyyətində qalıb.
H.Ağayevin vəkili Cavad Cavadov bu məsələnin araşdırılması, saxlanılan şəxsin beton döşəmədə yatmağa məcbur edilməsinin pis rəftar kimi qiymətləndirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilməyib.
Vəkil meyvə-tərəvəz mağazasından tutulub aparılması və polis idarəsində işgəncəyə məruz qalması barədə dediklərinin araşdırılması üçün hər iki məkandakı videokameraların görüntülərinə baxış keçirilməsi barədə də vəsatət qaldırıb. Hakim Əflatun Qasımov bu vəsatəti də təmin etməyib.
H.Ağayev onu da bildirib ki, ona işgəncə verənlərin cəzalandırılması məqsədilə prokurorluğa göndərdiyi məktuba reaksiya verilib. Binəqədidə onun saxlandığı təcridxanaya aprelin 30-da müstəntiq gələrək, ondan izahat alıb. Müstəntiqin yanında ekspert də olub. Döyülmə nəticəsində əlindəki xəsarətin hələ də qaldığını və bunu ekspertə də göstərdiyini deyən H.Ağayev barmağının sındığını söyləyib, şişməsini məhkəmədə də nümayiş etdirib:
“İşgəncədən bir qulağım eşitmir, hələ də ağrı var. Amma ekspert müayinə eləmədi. Müayinə eləmədən qulağımdakı problemi necə bilmək olar? Axı o, gözlə görünmür. Mənə dedi ki, çıxandan sonra gələrsən, “napravleni” verərik, müayinədən keçərsən. Amma dediklərimi qeyd eləyirdilər”.
Vəkil Cavad Cavadov onu da bildirib ki, Xətai Rayon Məhkəməsinin iclas protokollarında H.Ağayevin fikirləri təhrif olunub. Ona görə də həmin protokola təhriflərlə əlaqədar qeydlərini veriblər. Vəkil bildirib ki, apelyasiya məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarına qiymət verərkən mütləq bu məsələni müzakirə etməlidir. Lakin hakim Əflatun Qasımov protokola qeydlərlə bağlı məlumat olmadığını əsas gətirirək, həmin məsələni müzakirə etmədən Xətai Rayon Məhkəməsinin 25 sutkalıq həbs qərarını qüvvədə saxlayıb.
H.Ağayev Xətai Rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixli qərarıyla 25 sutkalıq həbsə göndərilib. O, İnzibati Xətalar Məcəlləsinin 211 (karantin rejimini pozma) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə cəzalandırılıb.
O isə bu ittihamın saxta olduğunu bildirir:
“11 apreldə saat 15.00 radələrində icarəyə götürdüyüm meyvə-tərəvəz dükanında idim. Koronavirusla əlaqədar işsiz olan bir neçə ehtiyaclı ailə zəng etmişdi. Onlara müəyyən qədər meyvə-tərəvəzi təmənnasız vermək üçün hazırladım. Bu vaxt iki maşın polislər gəldilər. Onlar mülki geyimdə idilər. Əllərimi qandallayıb, telefonumu aldılar. Məni Xətai Rayon Polis İdarəsinə apardılar. Üçüncü mərtəbəyə qaldırıb, pilləkəndən sağa dönəndə birinci otağa saldılar. Polislərdən birinin adı Hikmət idi. Dedilər ki, telefonun kodunu açım. Açmadım. Dörd nəfər əllərim qandallı vəziyyətdə məni ayaqla, dəyənəklə döyməyə başladılar. Yerə yıxdılar. Mənə dedilər ki, əgər kodu verməsən, dubinkanı arxana soxacağıq. Mən şalvarımın çıxarılmasına imkan vermirdim. Qandallı vəziyyətdə əllərimlə şalvarımı tutub saxlamışdım. Qışqırırdım. Qapı açıldı və bir nəfər dedi ki, dubinkanı arxasına soxub, videoya çəkəcəyik. Bu zaman mən özümdən getdim. Bundan sonra məndən əl çəkdilər. Məni ayıldandan sonra hamama apardılar, üzümü yumağa imkan verdilər. Otağa gətirib, mənə “volokardin” verdilər. Sonra yenə telefonun kodunu istədilər. Verməyəndə yenə döyməyə başladılar. Gördülər ki, yenə özümdən getdim. Tam əl çəkdilər. Sonra idarənin rəisinin yanına apardılar. Dedi ki, niyə camaata yardım paylayırsan? Səni kim maliyyələşdirir? Dedim ki, heç kim maliyyələşdirmir, Allaha xatir insanlara kömək edirəm. Sonra məni 36-cı polis bölməsinə gətirdilər. Bir sutka betonda saxladılar. Sonra yenə döyməklə, ailə üzvlərimlə hədələyib, bir izahata qol çəkdirdilər. Məcbur edib, telefonun kodunu aldılar. Oradan yazışmaları götürdülər. Hazırda sağ əl barmağım sınıb, şişib. Sağ qulağım eşitmir…”
Daxili İşlər Nazirliyi əsassız həbslər və polis orqanlarında saxlanılan şəxslərə işgəncə verilməsi barədə iddiaları rədd edir.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə və təşkilatın onlarla üzvü həbsdədir. Onlar dövlət çevrilişinə cəhd, terrora çağırış, qanunsuz silah saxlama kimi ittihamlarla uzunmüddətli həbsə məhkum ediliblər. Amma inanclı fəallar özlərini təqsirli bilmir, hökumətin siyasətini, korrupsiyanı tənqid etdiklərinə görə saxta ittihamlarla cəzalandırıldıqlarını deyirlər.