Pambıq tarlasında məktəb keçən Azərbaycan uşaqları

“Kənd təsərrüfatı istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunduqdan sonra bu sahəyə dövlət nəzarəti hər il bir az da zəifləyib”

Source: Foto: sosial şəbəkə


Vahid Məhərrəmov: “Müşahidələrimiz göstərdi ki, tarlaya gətirilən uşaqlar təhsildən yayındırılır”

Azərbaycan qanunvericiliyində 15 yaşınadək uşaqların işləməsi birmənalı şəkildə qadağan edilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə (Ailə, uşaqlar və dövlət) görə, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır, 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaqların işləməsi ilə bağlı bu tələblər Azərbaycan Respublikasının Əmək Məcəlləsində də təsbit edilib. Əmək Məcəlləsi (12-ci və 46-cı maddələr) işəgötürənə 15 yaşına çatmamış uşaqların işə götürülməsini və onlarla əmək müqaviləsi bağlanılmasını qadağan edir.

Bunlardan əlavə, Azərbaycan Respublikası uşaq hüquqları sahəsində BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, «Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında» Ümumdünya Bəyannaməsinə qoşulub və bu sənədlərdən irəli gələn mütərəqqi beynəlxalq normalar əsasında milli qanunvericilik bazasını formalaşdırıb. Azərbaycan parlamenti də öz növbəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) «İşə qəbul etmək üçün minimum yaş həddi haqqında», «Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair» Konvensiyalarını ratifikasiya edib.

Qanunvericilik bazasının təkmilləşdirilməsinə, uşaq hüquqları sahəsində beynəlxalq öhdəliklərin götürülməsinə baxmayaraq, Azərbaycanda iqtisadiyyatın müxtəlif sektorlarında, xüsusilə, kənd təsərrüfatının ayrı-ayrı sahələrində, ictimai iaşədə, xidmət və ticarət sektorunda uşaq əməyindən istifadə olunması danılmaz faktlardır, gündəlik həyatda bunu çoxu müşahidə edir. Ancaq bugünədək uşaq əməyinin istismarı ilə bağlı konkret hansısa sahədə sistemli şəkildə monitorinq aparıb, nəticələri təsdiqedici faktlarla (foto, video və sair) qoyan olmamışdı.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov 2018-ci və 2019-cu il mövsümlərində Azərbaycanın pambıq tarlalarında əmək hüquqlarına əməl edilməsi və uşaq əməyindən istifadə olunması vəziyyətinin monitorinqini apardıqlarını və çox acınacaqlı faktlarla rastlaşdıqlarını deyib:

“Kənd təsərrüfatı istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olunduqdan sonra bu sahəyə dövlət nəzarəti hər il bir az da zəifləyib. Biz 2018-ci və 2019-cu illərdə Azərbaycanın əsas pambıqçılıq rayonlarında uşaq əməyinin istismarını araşdırdıqda çox məyus olduq. Azərbaycanın elə bir rayonu olmadı ki, pambıq tarlasında 15 yaşından aşağı uşaqların əməyindən istifadə olunmasına rast gəlməyək. Bizi həm də o məyus etdi ki, Salyanda, Hacıqabulda, Sabirabadda, Saatlıda, İmişlidə və Beyləqanda pambıq tarlalarında uşaq əməyindən istufadə olunmasının qarşısının alınması ilə bağlı fermerlər, müvafiq icra strukturları və bələdiyyələr tərəfindən heç bir tədbir görülmür”.

Vahid Məhərrəmov uşaqlarını tarlalara pambıq yığmağa aparan valideynlərlə söhbət etdiklərini, uşaq əməyindən istifadənin səbəblərini araşdırdıqlarını da deyib: “Uşaqları tarlaya adətən anaları gətirir və təəssüf ki, onların çoxu bunu imkansızlıqdan edirlər. Monitorinq və müşahidələrimiz göstərdi ki, rayonlarda aztəminatlı ailələrin sosial yardım proqramları, o cümlədən ünvanlı sosial yardımla əhatə olunmasında böyük problemlər var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli idarələri, rayon icra hakimiyyətlərinin UNİCEF-lə əməkdaşlıq edən müvafiq komissiyalar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələyə xüsusi diqqət ayırmalıdır”.

Vahid Məhərrəmov valideynləri tərəfindən tarlaya aparılan uşaqların təhsili ilə bağlı məsələyə də diqqət çəkib: “Müşahidələrimiz göstərdi ki, tarlaya gətirilən uşaqlar təhsildən yayındırılır. Bunun da bir neçə səbəbləri var. Bəzi kəndlərdə müəllimlər çatışmır, bəzilərində təhsilin səviyyəsi aşağıdır, valideyni qane etmir. Bununla bağlı monitironq dövründə ciddi faktlar aşkar etmişik. Təhsil Nazirliyi mütləq bu məsələyə nəzarəti gücləndirməlidir”.

Ekspert təkcə 2019-cu il pambıq yığımı mövsümündə uşaq əməyinin istismarı ilə bağlı 30-a yaxın video və foto fakt qeydə aldıqlarını bildirib: “Məqalədə yerləşdirilən şəkil sonuncu pambıq mövsümündə qeydə aldığımız faktların yalnız bir hissəsidir. Bütün faktları müvafiq ölçünün götürülməsi üçün UNİCEF-ə və digər əlaqədar qurumlara təqdim etmişik, səlahiyyətli qurumların rəhbərləri ilə görüşüb müzakirələr aparmışıq. Monitorinqin nəticələri əsasında bir neçə videoçarx hazırlanaraq “Azərbaycan pambıqçılığı” “

Youtube

” səhifəsinə yerləşdirilib.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Ekspertin fikrincə, uşaq əməyinin istismarı ilə bağlı Azərbaycan qanunvericiliyinin tələbləri sərtləşdirilməlidir: “Uşaq əməyindən istifadə ilə bağlı beynəlxlaq standartlar dərindən öyrənilməli və milli qanunvericiliyə həm valideynin, həm də işəgötürənin məsuliyyətini artıran müddəalar əlavə olunmalıdır. Təbii ki, aztəminatlı ailələrə xüsusi diqqətin ayrılması, uşaq pulunun bərpa olunması və ünvanlı sosial yardımın verilməsi sahəsində korrupsiyanın aradan qaldırılması da əsas diqqət yetirilməli məsələlərdən olmalıdır”.

Uşaqların zərərli istehsalat sahələrində və onların mənəviyyatına təhlükə törədə bilən fəaliyyətlər cəlb etmə işəgötürən üçün müvafiq məsuliyyət doğurur (

Əmək Məcəlləsi

. Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti). İnzibati Xətalar Məcəlləsində (İXM) isə uşaq əməyini istismar edən işəgötürənlərə konkret cərimələr nəzərdə tutulub:

İXM-in 192.8-ci maddəsinə görə, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Məcəllənin 192.9-ci maddəsində isə nəzərdə tutulur ki, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə- vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on üç min manatadək məbləğdə cərimə edilir.

Ana səhifəİqtisadiyyatPambıq tarlasında məktəb keçən Azərbaycan uşaqları