“Şəffaf işləyən və sosial məsuliyyət nümayiş etdirən sahibkarlara üstünlük veriləcək”
Koronavirus pandemiyası və dünya enerji və səhm bazarında kəskin dalğalanmanın milli iqtisadiyyata mənfi təsirlərinin qiymətləndirilməsi üçün yaradılmış İşçi Qrup mənfi təsirə məruz qalan 12 sahəni müəyyənləşdirib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, nazir Mikayıl Cabbarovun rəhbərliyi İşçi Qrupun videokonfrans formatında iclası keçirilib.
Qrupa Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Mədəniyyət, Energetika, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Ekologiya və Təbii Sərvətlər nazirlərinin müavinləri, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri və sahibkarların ictimai birliklərinin nümayəndələri daxildir.
İlkin mərhələdə ən çox mənfi təsirə məruz qalacaq fəaliyyət sahələri sırasında turizm, hotelçilik, ictimai iaşə, əyləncə, nəqliyyat, ticarət və s. müəyyən edilib.
Mikayıl Cabbarov zərər çəkən fəaliyyət sahələrinin dəqiq müəyyən edilməsi üçün, ilk növbədə, aydın və şəffaf qiymətləndirmə meyarları hazırlanmalı olduğunu deyib.
“Dəymiş zərərin qiymətləndirilməsi üçün sahibkarlıq subyektlərinin hesabatları və dövlət qurumlarında olan göstəricilərin dərin təhlilinə zərurət var. Bu, həmçinin mart ayı üzrə təqdim ediləcək maliyyə hesabatlarının təhlili ilə müəyyən ediləcək. Hazırda İqtisadiyyat Nazirliyinin bütün strukturları biznes subyektləri, orta və iri biznes, sahibkarların ictimai birlikləri və ixtisaslaşmış assosiasiyalarla görüşlər keçirir”, – məlumatda deyilir.
Müzakirələrdə bildirilib ki, Azərbaycan hökuməti dəstək tədbirlərinin müəyyən edilməsi zamanı, həmçinin yaranmış şəraitdə dövlətin çağırışlarına adekvat cavab verən, iş yerlərinin və əmək haqqı fondunun azalmasına yol verməyən, fəaliyyətini şəffaf quran və sosial məsuliyyət nümayiş etdirən hüquqi şəxslərə və sahibkarlara üstünlük verəcək.
İclasda həmçinin qeyd edilib ki, ölkədə iqtisadi artımın davam etməsinə dəstək göstərilməsi kompleks tədbirlər sistemini əhatə edəcək. Bu, iqtisadiyyatda likvidliyin təmin edilməsi, sahibkarlara vergi güzəştləri və tətillərinin verilməsi, dövlət kreditləşdirmə resurslarının əlçatanlığının asanlaşdırılması, maliyyə bazarlarının sabitliyinin qorunması, ünvanlı dövlət sifarişləri sisteminin tətbiqi və s. kimi istiqamətləri əhatə edəcək.