“Neftin qiymətinin kəskin düşməsi nəticəsində dövlət investisiyaları ixtisar edilib”
“2019-cu ilin sonunda 72 min ailə sosial müavinət proqramından yararlanıb. Bu il isə dövlət büdcəsindən ayrılmış vəsait çərçivəsində 85-90 min ailənin ünvanlı sosial yardımla əhatə olunması planlaşdırılır”.
Bu açıqlamanı Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev
martın 16-da
Prezident İlham Əliyevin qəbulunda olarkən səsləndirib.
Nazir ölkədə minimum pensiyanın 72 faiz artırılması nəticəsində 660 min pensiyaçının pulunda ciddi artım olduğunu qeyd edib:
“Ümumiyyətlə, son islahatlarınızın maliyyə dəyəri 560 milyon manata bərabərdir. Yəni, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarımıza əlavə olaraq 560 milyon manat vəsait ödəniləcək”.
Prezident İlham Əliyev neftin qiymətinin kəskin düşməsi nəticəsində dövlət investisiyalarının ixtisar edildiyinə toxunub. O, ixtisar nəticəsində işsizliyin səviyyəsinin artdığını və bunun təbii olduğunu qeyd edib:
“Çünki işsizliyi aşağı səviyyədə saxlamaq üçün dövlət bütün mexanizmlərdən istifadə edir. Əgər biz görsək ki, özəl sektorda haradasa işlər ixtisar olunur, əlbəttə, mənim göstərişimlə dövlət dərhal öz sözünü deməlidir. 2015-2016-cı illərdən başlayaraq mənim tapşırığımla ödənişli ictimai işlər yaradılıb. Bu işlərin yaradılmasının əsas səbəbi işsiz qalan vətəndaşları işlə təmin etməkdir. Mənim göstərişimlə bu proqramla əhatə olunan vətəndaşların sayı ildən-ilə artaraq, son məlumata görə, 38 min ödənişli iş yeri yaradılmalı idi. Bu məqsədlər üçün dövlət büdcəsində 10 milyonlarla manat vəsait nəzərdə tutulur”.
Dövlət başçısı xüsusilə bölgələrdə bəzi hallarda insanların əməkhaqlarının verilmədiyini, ödəniş kartlarının icra başçıları tərəfindən qanunsuz olaraq götürüldüyünü, mənimsənildiyini vurğulayıb:
“Belə siqnallar ciddi şəkildə araşdırılıb, buna oxşar cinayətləri törədənlərə qarşı çox ciddi cəza tədbirləri tətbiq edildi. Mən bütün yerli icra orqanlarının nümayəndələrinə xəbərdarlıq etmişdim. İndi isə onların bir neçəsi məsuliyyətə cəlb edildi. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində onların cinayətləri tam sübuta yetirildi. Əlbəttə ki, indi istintaq gedir, məhkəmə prosesi olacaqdır, ancaq videogörüntülər hər şeyi açıq-aydın göstərir. Bu biabırçı kadrlar, biabırçı davranış bizim üçün böyük ləkədir. Mən bu adamlara etibar etmişəm. Mən bu adamları vəzifəyə təyin etdim və vəzifəyə təyin edilərkən bir çox tapşırıqlar, tövsiyələr verdim. Onların arasında ən vacibi o idi ki, get təmiz işlə, rüşvət alma, vətəndaşlara kobudluq göstərmə, təkəbbürlü olma, vətəndaşlara dayaq ol, arxa ol, kəndləri gəz, bütün vətəndaşlarla ünsiyyətdə ol. Amma nəyi görürük? Onu görürük ki, bütün bu tapşırıqlara rəğmən, bəzi yaramaz icra başçıları həm özlərini, həm bizim iqtidarımızı biabır ediblər. Onların alçaq hərəkətləri ümumi qınaq obyektinə çevrilib. Onların dövlət mülkiyyətini talaması, sahibkarları incitməsi, sahibkarlardan pul alması, hər bir təyinata görə pul alması, məktəb direktorlarından, xəstəxanalardan aylıq haqq alması allahsızlıqdır və onlar bu cinayətlərə görə cavab verəcəklər. Biz işsiz qalan vətəndaşlar üçün şərait yaradırıq ki, onlar evinə çörək pulu aparsın. O da böyük məbləğ deyil, minimum əməkhaqqı səviyyəsindədir. İndi minimum əməkhaqqı artıb, ona görə bu vətəndaşlar daha böyük məbləğ alırlar. Amma bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu, nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər? Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq”.