“Fitch” Azərbaycanla bağlı reytinqi yeniləyib

Hesabatda qeyd edilir ki, ölkənin əlverişli xarici balansa və aşağı dövlət borcuna malik olması güclü, lakin təbii resurslardan yüksək asılılığı, idarəetmə sisteminin zəif göstəricilərə malik olması, bank sektorunun zəifliyinin davam etməsi zəif tərəflərdir.

Source: google.az


“Ölkəyə xaricdən valyuta axınında əmtəə satışından yüksək asılılıq xüsusi vurğulanır”

“Fitch” Beynəlxalq Kredit Agentliyi həm Azərbaycanın, həm də dövlət şirkəti kimi SOCAR-ın reytinqini yeniləyib.

SOCAR-ın reytinqi sonuncu dəfə 2019-cu ilin martında təsdiqlənmişdi.

İqtisadçı Rövşən Ağayev deyir ki, beynəlxalq agentliklərin reytinqi həm bilavasitə dövlətin özünə, həm də onun ayrıca götürülmüş subyektinə verilir. Xüsusilə də mərkəzi hökumətdən avtonom şəkildə xarici borc almaq istəyən şirkətlər, ayrıca götürülmüş yerli özünüidarə qurumları və ya maliyyə təsisatı üçün belə reytinq çox önəmlidir:

“Kredit reytinqləri subyektin öz öhdəliklərini yerinə yetirmə qabiliyyətini, mümkün maliyyə və iqtisadi riskləri qiymətləndirir. Xüsusilə də beynəlxalq maliyyə bazarlarından borclanmaq istəyən subyektlərin belə reytinqlərə malik olması şərtdir”.

Azərbaycanın reytinqinə gəlincə, bu dəfə reytinqi invetisiya deyil, spekulyativ səviyyəyə uyğundur. BB+ səviyyəsində təsdiqlənib. Agentliyin 4 pilləli (A,B, C, D) dərəcələndirilməsində bu səviyyə "spekulyativ əlamətlərlə riskli öhdəliklər" kimi təsnifləndirilib.

Hesabatda qeyd edilir ki, ölkənin əlverişli xarici balansa və aşağı dövlət borcuna malik olması güclü, lakin təbii resurslardan yüksək asılılığı, idarəetmə sisteminin zəif göstəricilərə malik olması, bank sektorunun zəifliyinin davam etməsi zəif tərəflərdir. Fiskal qaydanın tətbiqi, borc strategiyasının qüvvəyə minməsi və qeyri-neft büdcə kəsirinin hədəflənməsi pozitiv addımlar kimi qeyd olunur.

“Gözlənti budur ki, neftin qiymətinin nisbətən aşağı, sosial xərclərin daha yüksək olması 2020-2021-ci illərdə fiskal profisitin ÜDM-ə nisbətini 4.2 faizə enməsinə səbəb olacaq. Halbuki 2019-da bu rəqəm 6 faiz ətrafında idi”, – Rövşən Ağayev deyir.

İqtisadçı əlavə edir ki, xarici borcun ÜDM-ə nisbəti 18.9 faizdir. Bu, "BB" səviyyəsi üçün hazırkı medaian həddən (38.4%) əhəmiyyətli dərəcədə aşağıdır:

“Lakin dövlət zəmanətilə alınan və "şərti öhədlik" hesab olunan borclar daha böyükdür. Onların ÜDM-ə nisbəti 31 faizdir. Yəni bu göstərici nəzərə alındıqda dövlət sektorunun borcunun ÜDM-ə nisbəti 50 faiz təşkil edir”.

Hesabata görə, şərti öhdəliklər əsasən Beynəlxalq Bankın borcları və qaz layihələrilə bağlıdır.

Rövşən Ağayev deyir ki, dövlət borclarının 94 faizi xarici valyutadadır. Bu, "BB" səviyyəsi üçün hazırkı medaian həddən (60.7%) xeyli yüksəkdir:

“Ölkəyə xaricdən valyuta axınında əmtəə satışından yüksək asılılıq xüsusi vurğulanır. Azərbaycanda bu 67.2 faiz, "BB" səviyyəsi üçün hazırkı medaian hədd 21.8% təşkil edir”.

Hesabata görə, ölkədə real iqtisadi artım (2%) "BB" səviyyəsi üçün hazırkı medaian həddən (4%) 2 dəfə aşağıdır.

Azərbaycanda geniş pul kütləsinin ÜDM-ə nisbəti 33.7 faiz, "BB" səviyyəsi üçün hazırkı medaian hədd 47.7 faizdir.

Hökumətin xarici borclara xidmət xərclərinin onun icmal gəlirlərinə nisbəti 1.8 faizdir. Rövşən Ağayev deyir ki, bu, "BB" səviyyəsi üçün hazırkı medaian həddən (9.2%) əhəmiyyətli dərəcədə aşağıdır:

“Xalis suveren xarici aktivlərin (hökumətin xarici aktivlərinin və öhdəliklərinin nisbəti) ÜDM-də payı 79.5 faizdir. Halbuki "BB" səviyyəsi üçün hazırkı medaian hədd -2.5 faiz təşkil edir”.

Rövşən Ağayev əlavə edir ki, hesabatda həm də Beynəlxalq Bankın mənfəətinin və kapitalizasiyasının artması, aktivlərinin keyfiyyətinin yüksəlməsi qeyd edilir:

“Amma hələ də böyük həcmdə (800 mln. USD) açıq valyuta möveyinə malik olduğu da qeyd edilir. 2017-ci ildə həmin rəqəm 1.7 mlrd. dollar idi”.

Ana səhifəİqtisadiyyat“Fitch” Azərbaycanla bağlı reytinqi yeniləyib