DİN Xətai rayonu ərazisində əməliyyat keçirdiyini deyir
Bakıda aptek işçiləri narkotik vasitələri satarkən saxlanılıblar.
Daxili İşlər Nazirliyi
nin (DİN) yaydığı məlumatda belə deyilir.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonu ərazisindəki apteklərin birində, əczaçı işləyən Abşeron rayon sakini M.Salmanov və Bakı şəhər sakini V.Məmmədova 9 ədəd “Tramadol” və 5 ədəd “Prebagalin” həblərini satarkən tutulublar.
Aptekə baxış zamanı satışına məhdudiyyət qoyulmuş 2380 ədəd “Tramadol”, 667 ədəd “Pregabalin”, 659 ədəd “T-doll”, 246 ədəd “Contramal”, 10 ədəd “Tamol XX”, 58 ədəd “Royal”, 70 ədəd “Lyrica” və 126 ədəd “Regapen” aşkar edilərərk götürülüb.
Daha öncə də apteklərdə oxşar əməliyyatlar keçirilib. Ötən il mayın 1-də Bakı Şəhər Baş Polis idarəsinin əməkdaşları “Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacanı saxlayıblar.
“Ona” saytının məlumatına görə, Şəfəq Ağacan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilirdi.
“Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb. Araşdırmalar zamanı saxlanılan qadının (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib”, – məlumatda deyilir.
Bundan əvvəl Səfəq Ağacan rəhbərlik etdiyi sayt vasitəsilə narkotik və psixotrop tərkibli dərmanların apteklərdə satışına qarşı mübarizə apardığını bildirirdi.
2017-ci il noyabrın 14-də o, saytın “Youtube” kanalı vasitəsilə müraciət yayaraq bununla bağlı tədbir keçirdiyini, aidiyyatı dövlət orqanlarını və mətbuatı ora dəvət etdiyini, lakin heç kimin bu tədbirə gəlmədiyini bəyan edib.
Şəfəq Ağacan müraciətində deyib ki, rəhbərlik etdiyi agentliyin əməkdaşları apteklərdə bununla bağlı reydlər aparırlar və qaldırdıqları suallar aidiyyatı olan orqanlar tərəfindən cavabsız qalıb.
Azərbaycanda satışı qadağan edilən
300-dən artıq dərman vasitəsi var.