“ABŞ vətəndaşlarının çoxu prezident seçkilərində Trampa səs verməyib”
Amerikanın sənədli film rejissoru, liberal aktivist Maykl Mur general Qasım Süleymaninin ölümü ilə bağlı İrana başsağlığı verib.
Rejissor
fars dilində yazdığı mətni “Twitter” hesabında paylaşaraq, Donald Trampın İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” xüsusi bölməsinin rəhbərinin öldürülməsi göstərişini “zorakılıq aktı” kimi qiymətləndirib.
Onun sözlərinə görə, ABŞ vətəndaşlarının çoxu prezident seçkilərində Trampa səs verməyib. Rejissor Tehranı Trampın hərəkətinə aqressiv reaksiya göstərməməyə, əksinə, Amerika xalqına onun vəzifədən özləri tərəfindən uzaqlaşdırılmasına imkan verməyə çağırıb.
Bundan öncə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi də Amerika-İran münasibətlərindəki gərginlikdən danışmışdı. O, prezidentin hərəkətlərini tənqid edərək, Ağ Ev rəhbərliyini lazımsız təxribatlara son verməyə səsləmişdi.
ABŞ-ın yanvarın 3-də İraqın paytaxtı Bağdadda hava limanına raket zərbələri nəticəsində Süleymaninin öldürməsindən sonra Vaşinqtonla Tehran arasında münasibətlər kəskinləşib.
Yanvarın 8-də İran cavab olaraq ABŞ-ın İraqda yerləşən iki hava bazasına hücum edib. Hücum zamanı ondan çox raketdən istifadə edilib.