Erkin Qədirli: Bakı Brüssellə anlaşmağa doğru gedir

O, konkret olaraq, Bakının ATƏT qarşısında demokratik seçkilərlə bağlı kifayət qədər öhdəlik götürdüyünü, ATƏT-in Azərbaycan hökumətinə bununla bağlı tövsiyələr verməsinə baxmayaraq, yerinə yetirilmədiyini deyib.

Source: Архив


Zaur Əkbər: “ATƏT-in tövsiyələri yerinə yetirilmir”

Azərbaycan Avropa İttifaqı və Avasiya İqtisadi İttifaqı arasında “ya-ya da” prinsipi ilə seçim etmək üzərində düşünmür.

Bunu xarici işlər naziri Elmar Məmmədyarov 2019-cu ilin yekunlarına dair jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bütün xarici siyasət qərarlarımız, ilk növbədə, ölkəmizin inkişafı maraqlarına söykənir.

“Kənardan bu və ya digər seçimi tətbiq etmək cəhdləri uğursuzluğa düçar olur və bunu, son onilliyin təcrübəsi də daxil olmaqla, bütün müasir tarix nümayiş etdirir. Bu reallıqları bu cür cəhdləri edən xarici qüvvələr də artıq birmənalı şəkildə dərk edir”, – nazir deyib.

Elmar Məmmədyarov qeyd edib ki, həm qonşu dövlətlərlə, həm də əsas qlobal tərəfdaşlarla qarşılıqlı faydalı bərabərhüquqlu əməkdaşlığın inkişafı kursunu davam etdirərək, Azərbaycan artıq mühüm nəticələr əldə edib.

“Əminik ki, bu qarşılıqlı əlaqənin genişləndirilməsi və dərinləşdirilməsi xəttini düzgün qurmaqla daha da böyük uğurlara imza atacağıq. Ancaq ümumilikdə, ATƏT Nazirlər Şurasının bu yaxınlarda Bratislavada keçirilən iclasında yenidən səsləndirilən – fərqli vektorlarda çox şaxəli əməkdaşlığın inkişafına mane olmayan ümumi təhlükəsizlik məkanının birliyi və bölünməzliyindən irəli gələn mövqedən çıxış edirik”, – Elmar Məmmədyarov bəyan edib.

Nazirin sözlərini şərh edən ReAL Partiyasının üzvü Erkin Qədirli bunları diplomatik gediş adlandırıb.

Erkin Qədirli
Erkin Qədirli

Onun sözlərinə görə, danışıqların istiqamətinə və Avropadan gələn bəyanatlara diqqətlə baxdıqda, prosesin Bakının Brüssellə anlaşmaya doğru getdiyini göstərir.

“Bu gedişatda Rusiyanın təzyiqləri var və Bakı Moskvanı qıcıqlandırmamaq üçün bu cür bəyanatlar verə bilər. Üstəlik obyektiv səbəblər də var. Azərbaycanın təsərrüfat məhsulları Avropa bazarına çıxa bilməyib. Eyni zamanda, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olmaması da bu səbəblər sırasına daxildir”. Onun fikrincə, nəzərə almaq lazımdır ki, Azərbaycanın kənd təsərrüfatı məhsulları əsasən Rusiya və postsovet ölkələri bazarlarına çıxa bilir, bu da daxili istehsalçı üçün önəmlidir.

“Hətta Avropa Birliyi ilə nə zamansa anlaşma yaransa da, Rusiyanın böyük bazar olduğu unudulmamalıdır. İki məqsəd var – Rusiyanı qıcıqlandırmamaq və Avropa Birliyinə göstərmək ki, siz Moskva ilə məsələnizi çözməlisiniz. Yaxud bizi Rusiyadan qoruyacaq təminatlar verməsəniz, bundan artıq yaxınlaşmaq mümkün deyil”.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin üzvü Zaur Əkbər nazirin söylədiklərinin yeni olmadığını dedi.

Zaur Əkbər bildirib ki, rəsmi Bakı ən yüksək səviyyələrdə bu mövqeni hər zaman sərgiləyib:

“Ancaq regional və qlobal mənzərədən baxdıqda, xüsusilə Bakının Şərq Tərəfdaşlığı Proqramı ilə danışıqlarına nəzər yetirdikdə, Azərbaycan digər ölkələrdən geridir. Söhbət insan haqlarına münasibətdən gedir. Hələ də siyasi məhbuslar var, mediaya basqılar davam edir, vətəndaş cəmiyyətinə münasibət dəyişməyib, məlum mürtəce qanunvericilik qalır. Bu prizmadan baxdıqda, beynəlxalq təşkilatların Bakıdan tələbləri və yanaşmaları haqlıdır. Yaxşı olardı ki, hakimiyyət manevr etməkdən, balanslaşdırmış siyasəti önə çıxartmaqdansa, götürdüyü öhdəliklərini yerinə yetirsin”.

Zaur Əkbər
Zaur Əkbər

O, konkret olaraq, Bakının ATƏT qarşısında demokratik seçkilərlə bağlı kifayət qədər öhdəlik götürdüyünü, ATƏT-in Azərbaycan hökumətinə bununla bağlı tövsiyələr verməsinə baxmayaraq, yerinə yetirilmədiyini deyib.

“İndi nazir Məmmədyarov bu cür danışması absurd görünür. Dünyada, regionda durum dəyişir. Ermənistan və Gürcüstan fundamental insan azadlıqları və hüquqları baxımından Azərbaycandan öndədirlər. Bakının Brüssellə Tərəfdaşlıq Sazişini imzalamaması Avropa İttifaqının tələblərini yerinə yetirməkdən boyun qaçırması anlamına gəlməlidir. Bu məsələlər sənəddə öz əksini tapıb. İqtisadi məsələlərə gəlincə, əsasən Ümumdünya Ticarət Təşkilatına üzvlükdə Bakı dirəniş göstərir. Yaxşı olardı, hökumət siyasi iradə ortaya qoyardı. Çünki gecikirik”.

Ana səhifəSiyasətErkin Qədirli: Bakı Brüssellə anlaşmağa doğru gedir